Qırx ilin müəlliminin həyat hekayəsi...

7-10-2015, 00:43
0
Qırx ilin müəlliminin həyat hekayəsi...

“Məktəbdə baş verənlərə, haqsızlığa, qanunsuzluğa etiraz etdiyim üçün beş dəfə işdən qovuldum”

 

Gülnarə Mütəllimova: “Müəllim olmaq şərəflidir, yaxşıdır, ancaq qiyməti verilsə”
Hava soyuq olsa da, əynindəki yay geyimidir, nazik və qısaqol köynək, yay tufliləri ilə müsahibəyə gəlib. Hiss olunur ki, tələsik boyunbağı da taxıb. Axı bu gün onun bayramıdır -  Müəllimlər Günüdür. O, qırx ilin müəllimidir, bir il əvvəl işdən çıxarılıb və hələ də müəllim olması ilə fəxr edir...
66 yaşlı Gülnarə Mütəllimova ilə redaksiyanın yaxınlığında görüşürük, görüşə güc-bəla ilə razı salmışam. Utanır müəllim olmağın çətinliyindən danışmağa: “Peşman deyiləm müəllim olduğuma görə. Əksinə, fəxr edirəm. Bu illər ərzində yüzlərlə şagirdim olub, hamısını balam kimi sevdim, özlədim...” Yaşadığı evi çəkməyimizə də razı olmur: “Təmirsizdir, nəyə lazımdır elə vəziyyətdə çəkiliş? Elə çöldə çək məni”. 
 
“Qırx ilin müəllimi niyə bu durumda yaşayır”,- deyə sual edirəm. Gülümsəyir: “Buna da şükür”,- deyir müəllimə. Öyrənirəm ki, ayda cəmi 204 manat pensiya alır, bir ildir işdən çıxarılıb. Növbəti sualı verməyə bilmirəm. “Bu pula necə dolanırsınız?”,- deyirəm. Suala sualla cavab verir, deyəsən özü də təəccüblənir bu pulla necə yaşadığına: “Bu gün ayın neçəsidir? Hə, oktyabrın 5-i. Mən hələ pensiya almamışam. Necə dolanıram?”
Bir qədər sonra sanki yadına düşür: “Yaşlı adamlarıq. Nə maaş, nə pensiyamız normal deyil, yaşamağa çatmır, yetmir. Səhhətimizdə problemlər olur, həkimə gedə bilmirik, dava-dərmana pul çatmır, aylarla reseptlərimiz alınmamış qalır. Hər addım puldur, yaşamaq üçün pul lazımdır, o da müəllimdə yoxdur”. 
Müəllimə həm də evsizdir. İllər boyu işlədiyi pula ev ala bilməyib: “Bugünlərdə televiziyada müəllimlərə ipoteka verildiyi barədə xəbərlərə rast gəldim. Bu, necə ola bilər? Müəllim nə qədər maaş alır ki, ipoteka ilə ev də ala bilsin? 204 manata necə ev almaq olar? Qırx ilin müəllimiyəm. Sovet dövründə atamın ”Xruşovka" mənzili vardı, üç kiçik otaq idi. Ölçüsünün bir qədər çox olduğunu deyib, məni ev qeydiyyatına salmadılar. Ata evi idi, sonra qardaşım evləndi, uşaqlar doğuldu, ev darısqal oldu, mən çıxdım evdən. İllərdir ki, köçəri kimi yaşayıram, bir az o bacımgildə, bir az bu bacımgildə, hərdən qardaşımgildə. Əlimdə daim yol çantası, içində paltarlarım, kitablarım... Evim olmadığından, heç uşaq hazırlaşdıra da bilmədim. Məktəbdə isə normal dərs saatı vermədilər çox zaman. Bax, beləcə yaşadım, qızım. Əsl müəllim olmaq sənə asan gəlməsin..."
Gülnarə müəllimə müəllimlərin ciddi problemləri içərisində direktorları da xüsusi vurğulayır: “Son on ildə müsibətlə işlədim. Elə direktorlar var ki, insanı həyatdan bezdirirlər. Məktəbdə baş verənlərə, haqsızlığa, qanunsuzluğa etiraz etdiyim üçün beş dəfə işdən qovuldum. Hər dəfəsində də məhkəmə yolu ilə işə bərpa olundum. Bax, müəllim olmağın bu tərəfi də var,- doğrunu söyləmək çətinliyi... Cəsarətli müəllimləri sıxışdıran direktorlar da az deyil. Müəllim yazıq neyləsin? Mən özüm az dərs saatı almışam həmişə. İşlədiyim məktəbdə direktorun 8-10 saat dərs yazdığı müəllimlər vardı, onların şikayətlərinə də baxan yox idi. Hətta ”Əməkdar müəllim" adı alan iş yoldaşımın dərsini əlindən almışdı direktor, o da həyəcandan xəstəxanaya düşmüşdü. Onun sinfini, dərslərini direktor əlindən alıb başqasına vermişdi. Şikayətləri də cavabsız qaldı. Şəxsən mən özüm Təhsil Nazirliyinə dəfələrlə şikayət, müraciət yazmışam, əksəriyyətinə cavab verən olmayıb. Hətta valideynləri öyrədib müəllimin üstünə qaldıran direktorlar var. Müəllim olmaq o qədər çətindir ki... Direktorlar çox hallarda öz yaxınlarına dərs verir, daha çox dərs saatı ayırır. Belə biabırçı şəraitdə işləyən müəllimlər neyləsin? Müəllimlərin vəziyyəti yaxşı deyil, deyirlər məvacib, dərs saatı artıb, yalandır. Əksər müəllimlər əziyyət çəkirlər, məsələn, mənim yaşım 65-i keçdi, dərhal işdən azad etdilər. Heç əvvəl də məktəbə buraxmırdılar, məhkəmə işimə bərpa etmişdi, direktor digər instansiyaya şikayət vermişdi. Beləcə, bütün instansiyaları uddum, amma yenə də məktəbə buraxmadılar. 65 yaşım tamam olan kimi də yaş senzini bəhanə edib işdən çıxartdı. Amma həmin məktəbdə o yaşda dərs deyən müəllimlər var. Nə var ki, onlar haqlarını veriblər".
 
Amma “müəllim olmağın yaxşı tərəfləri də var”,- deyir Gülnarə müəllimə. “O qədər şagirdlərim var ki... Əksəriyyəti məni hələ də xatırlayır, yada salır, zəng edir. Bayramlarda şagirdlərim zəng vururlar, xatırlayırlar məni. Elə bu gün də neçəsi zəng vurub”.
Ona elə gəlir ki, inanmayacam, köhnə telefonunu açır və gələn zəngləri göstərir, bir neçə zəng “oğlum” yazdığı oğlanlardan gəlmişdi. “Bu, Nicat oğlumdur”,- deyir müəllimə, Qurban bayramında da zəng etmişdi. Öz uşağım yoxdur, amma şagirdlərimi övladlarım bilmişəm. Hərdən görüşürük, söhbətləşirik onlarla".
Sonda soruşuram ki, bu qədər çətinlikdən və yarım əsrə bərabər işdən sonra müəllim olmaq onun üçün nə deməkdir? “Müəllim olmaq şərəflidir, yaxşıdır, ancaq qiyməti verilsə”,- deyir müəllimə... Az sonra susduğumu görüb əlavə edir: “Əslində 40 il əmək sərf edəndən, yüzlərlə vətəndaş yetişdirəndən sonra evsiz, kimsəsiz, köməksiz qalmaq kimi bir şey... Sonuc bu... Ancaq uşaqların sevgisini qazanmışam. O, böyük şeydir mənim üçün...”
скачать dle 12.1
Xəbər lenti