Türkiyəli aktrisa: “Fəxrəddin Manafovun üzr istəməsini gözləyirəm”

22-11-2016, 16:47
0
Türkiyəli aktrisa: “Fəxrəddin Manafovun üzr istəməsini gözləyirəm”

Azərbaycan filminin Təhminəsi, türk aktrisası Meral Konratın “Report”a müsahibəsi

– Meral xanım, necəsiniz?

– Çox yaxşıyam. “Yaxşıyam” sözünü, görürsünüz, necə düzgün tələffüz edirəm. Mən yaxşı danışıram.

– İllər sizi heç dəyişməyib. Hazırda önümdə oturan “Təhminə”nin gözəlliyinə geridə buraxdığı illər daha da təravət qatıb. İstəyirəm ki, 1993-cü ilə gedək. “Təhminə” filmi ilə imzanızı atdığınız o illəri neçə xatırlayırsınız?

– Çox gənc idim, mənim Türkiyədə yeni üzə çıxdığım zamanlar idi. Belə bir ssenari gələndə çox sevindim, həm də bir az tədirgin oldum. Çünki atam və anam Krımda doğulub, onlar çox çətin illər yaşayıblar. Mənə təklif gələndə anam dedi: “Getmə, onlar bizi tapdılar. Burda bir tələ var”. Yazıqların gözləri elə qorxub ki, hər şeyi orada yaşananlarla bağlayırdılar. Uzun-uzun söhbətlərdən sonra anamı razı saldım. Ssenari öncə Azərbaycan dilində, sonra türkcə gəldi. O vaxtlar çox çətin idi, mən heç nə anlamırdım. Rasim bəy mənə zəng edirdi, “evet” , “evet” deyirdim. Ancaq heç nə başa düşmürdüm. Demə, o da mənim vəziyyətimdə imiş. Deyirdi: “Meral xanım mən sizinlə danışır, “bəli”, “bəli” deyirəm, lakin heç nə başa düşmürəm”. Film səsli çəkildiyi üçün bütün ssenarini Azərbaycan dilində əzbərləmişdim. Türkcə tərcümələrinə baxaraq, anlayaraq əzbərləyə bildim ssenarini. Artıq mən Azərbaycan dilində sizin qədər yaxşı danışıram….

Gələk Bakıya gəldiyimi o günlərə. Getməmişdən öncə Türkiyədə hər kəs məni qorxutmuşdu ki, Bakıya getmə, orada savaş var. Ancaq təbii ki, mən onlara qulaq asmadım və Bakıya getdim. İlk səfərimdə çox böyük oteldə qalırdım. Azadlıq meydanında idi. Ancaq o dönəmlərdə oralar çox qarışıqlıq idi, çox qorxurdum. Basqınlar olurdu, oteldə hər dəqiqə nə isə baş verirdi. Sonra xahiş etdim, oteli dəyişdilər. Bakıda o vaxt yaşamaq çox çətin idi. İndi o günlərdən əsər-əlamət qalmayıb. Bakı artıq kiçik Avropa şəhəridir.

– O zamanlar “Təhminə” sevgisi üçün işini, həyatını, hər şeyini qurban verərək böyük fədakarlıq nümunəsi olan gənc bir qız idi. Sizcə, bu gün elə “Təhminə”lər varmı?

– Təbii ki,var. Belə sevgilər hər dönəmdə olub. Leyli və Məcnun, Fərhad və Şirin. Təhminə kimi yaşayan, mücadilə edən o qədər insan var ki… Mən özüm də elə bir növ Təhminəyəm. İnsan sevgisi üçün hər şeyi edir. Ona görə də sevmək, sevilmək çox vacibdir.

– Yəqin ki, çəkilişlər zamanı çoxlu macəra yaşanıb…

– O qədər… Hardan başlayım, bilmirəm. Öncə o filmdə Fəxrəddin oynamırdı. Adel adlı bir rus aktyor var idi. Çəkilişlərə onunla başladıq. Filmin yarısına qədərini çəkmişdik. Olmadığım səhnələr çəkiləndə mən Türkiyəyə gəlirdim, o zamanlar burada da bir filmə çəkilirdim. Bir gün Rasim Ocaqov mənə zəng etdi və dedi: “Meral xanım, bu günə qədər çəkdiklərimizi sıfırlayırıq”. “Niyə? Axı hər şey çox gözəl gedirdi” cavabını verdim. Ocaqov bildirdi: “Yox, çəkdiklərimizi izlədim, Adel sənin yanında çox zəif görünür. Çox pis oynayıb”. Soruşdum: “Bəs nə edəcəyik”. Cavabı belə oldu: “Başdan çəkəcəyik, başqa bir aktyor tapmışam. Onunla yenidən başlayacağıq”. Beləliklə, Bakıya döndüm və yenidən başladıq. O vaxt Fəxrəddin Manafov Spartakı oynayacaqdı. Ancaq Fəxrəddin sözün əsl mənasında möhtəşəm, rəqibsiz bir aktyor idi. Mən də açığı, Adeli bəyənmirdim,o elə də ürəyini ortaya qoymurdu. Mən oynayırdım, ancaq ondan istədiyimi ala bilmirdim. Fəxrəddin çox nizam-intizamlı idi və möhtəşəm oynayırdı. Fəxrəddin oynamasaydı, o film bu qədər uğurlu alınmazdı.

– “Təhminə” filmindən danışıb, xalq artisti, Azərbaycan filmində önəmli imzası olan, elə “Təhminə” filminin quruluşçu rejissoru Rasim Ocaqovdan söz salmamaq günah olar. Rasim müəllimi necə xatırlayırsınız?

– Onunla bağlı çoxlu  xatirələrim var. Allah ona qəni-qəni rəhmət etsin. Elə qızıl kimi insan idi ki… Həqiqətən yer üzünə gəlib-getmiş nadir insanlardan idi. Tanış olduğumuz o gün bugünkü kimi gözümün önündədir. Mənə dedilər: “Azəbaycandan bir qrup gəlib. Sizi görmək istəyirlər”. O vaxtlar mənim yenicə üzə çıxdığım zamanlar idi. Cavab verdim: “Niyə mən? Məndən də yaxşı aktrisalar var”. Düzdür, çəkildiyim filmlər çox səs salmışdı, mükafatlar alırdı,ancaq məndən də güclüləri vardı. Qapıdan girdim, Rasim bəy məni gördükdə “Təhminə”, “Təhminə” deyə qışqırmağa başladı. Mən də şok içində baxıram ki, bu, nə deyir?!. Adımın Meral Konrat olduğunu bildirdim. O da “Bilirəm, bilirəm mən Təhminəni tapmışam, onu deyirəm” söylədi. Soruşdum: “Məni elə indicə gördüyünüz halda, necə qərar verdiniz?” “Bir həftədir İstanbuldayam, çox sənətçi gəldi, görüşdük, ancaq mən səni axtarırdım” cavabını verdi. Sonra mənə Anar bəyin “Beşmərtəbəli binanın,altıncı mərtəbəsi” kitabını verdi. Nur içində yatsın, yaxşı ki, onu tanımışam.

– Film çəkilişləri nə qədər müddətə bitdi?

– Təxminən bir ilə bitirə bildik. Ancaq dediyim kimi, filmi yarıdan sonra dayandırdıq, yenidən çəkdik. İki dəfə çəkəsi olduq. Daha sonra bir çox problem yaşadıq. Üzərimizdə özümüzdən asılı olmayan uğursuzluq vardı. Mən orda ayağımdan əməliyyat oldum. 15 gün xəstəxanada yatdım. Daha sonra Fəxrəddin qəzaya düşdü, 15-20 gün o da xəstəxanada yatdı. Rəhmətlik Rasim Ocaqov infarkt keçirdi. O da bir müddət xəstəxanada yatdı. Filmin çəkildiyi müddət o qədər çətin keçdi ki… Hər birimiz üçün çətin idi, ancaq çəkilişlərdən çox zövq alırdıq, uzun olmasından heç kim şikayətlənmirdi. Film yaxşı alınsın deyə, hər kəs dörd əllə sarılmışdı. Bütün bu çətinliklərə baxmayaraq, filmin arzulanan nəticəni əldə etdiyini düşünürəm.

– Fəxrəddin Manafov açıqlamalarından birində o zamanlar Meral Konrata çox vurulduğunu, Sİzin isə başqasını dəlicəsinə sevdiyinizi, boş vaxtınızı və pullarınızı o adama xərclədiyinizi, Bakıdan Türkiyəyə zəng edib saatlarla danışdığınızı bildirib. Biz Təhminənin sevgisini filmdə izlədik, maraqlıdır Meral Konratın şəxsi həyatı necə oldu?

– Bu, çox çətin sualdır. Mən həyatım boyunca özəl münasibətlərimi heç vaxt işimə qarışdırmamışam. Özəl həyatımla heç vaxt gündəmə gəlmək istəməmişəm. Bəli, o vaxt böyük bir sevgi vardı, yaşandı və bitdi. Elə orda qalsın o yaşananlar. Fəxrəddinə gəlincə, bəli, o mənə o vaxtlar aşiq idi, ancaq biz dost olaraq qaldıq. Çəkilişlərdə o qədər bir-birimizə uyğun idik ki, hamı heyran qalmışdı. Filmi izləyənlər “Siz bu sevgini yaşadınız” deyirdi. Amma mən isə bildirmişdim: “Xeyr, biz bunu filimdə yaşadıq. Real həyatda elə bir sevgi yaşanmadı”.

– Bəs indi Fəxrəddin bəylə əlaqəniz necədir?

– (Ah çəkərək gülümsəyir) O, məni o qədər məyus etdi ki, bilmirəm, hardan başlayım. Fəxrəddini çox sevirəm, onun bir telefonu ilə hər yerə getmişəm. Ancaq o, məni çox, çox qırdı. Təxminən bir il öncə mənə zəng etdi və dedi: “Meral “Təhminə-2”ni çəkirik”. Elə həyəcanlandım ki, izah edə bilmərəm. Dedim: “Axı, Təhminə o filmdə ölmüşdü, sonrası necə olacaq?” O da “Biz filmdə Təhminənin öldüyünü göstərmədik, o, sözdə öldü. Danışdılar öldüyündən, amma biz öldüyünü göstərmədik” cavabını verdi. Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə-2”yə çəkilirəm. Fəxrəddin ona görə Bakıya gəlməli olduğumu bildirdi və əlavə etdi: “Biz bunun qısa tanıtımını lentə alacağıq”. Ssenarini istədim ki, oxuyum, baxım. O isə ssenarinin hələ yazıldığını, tamamlanmadığını söylədi. “Ona görə də öncə qısa tanıtım çəkəcəyik, sən Türkiyəyə dönəcəksən. Sonra fimdəki geyimlərin hazırlanacaq və hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Gəldiyin zaman biz səninlə müqavilə bağlayacağıq” dedi. Bunları mənə Fəxrəddin dediyi üçün və işin içində o olduğu üçün gözübağlı qalxıb Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşdım. Soruşdum: “Bu xanım da filimdə oynayacaq?” Dedilər: “Yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq”. Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı. Hələ bu filmin “Təhminə-2” olması məni inanılmaz həyəcanladırdı. Baxdım, çəkiliş meydançasında “Təhminə-2” yazılan kağızlar var. Yəni, o qədər inandım ki, ağlıma başqa şey də gəlmədi. Orada o xanım mahnı oxudu. Soruşdum ki, o, niyə mahnı oxuyur, bu, nəyə lazımdır? Dedilər ki, musiqiləri o hazırladığı üçün özünün də tanıtım filmində olması lazımdır. Mən yenə də, inandım. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Oturub gözləyirəm ki, Fəxrəddin mənə zəng edəcək, təkrar film çəklişi üçün Bakıya qayıdacağam. Baxdım zəng edib, soruşan yoxdur, özüm Fəxrəddinə zəng etdim. Telefonu bir neçə dəfə bağlı oldu. Sonra nə isə açdı və dedi: “Narahat olma, hələ ssenari yazılır, biz sənə xəbər verəcəyik”. Üstündən aylar keçdi, Fəxrəddindən bir xəbər çıxmadı. Zəng edirəm, əlaqə qura bilmirəm. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və “Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb” söylədi. “Xeyr, mən klipə çəkilməmişəm” cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım. Zəng etdim, heç birini tapa bilmədim. O sənətçi xanıma da, Fəxrəddinə də çox əsəbiləşdim. Çox sevdiyim insanın bunu mənə qarşı etməsi, həqiqətən çox təəssüfləndiricidir. Yəni, mənə belə də deyə bilərdilər: “Meral xanım, biz “Təhminə-2”ni çəkməli idik, amma olmadı, bunu klipə çeviririk. Yəni, xəbərin olsun”. Ancaq onu belə etmədilər. Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nəqonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə… Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi  və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm.

– Ümid edək ki, Fəxrəddin müəllim bizim vasitəmizlə səsinizi eşidəcək…

– İnşallah! Ancaq mən o sənətçi xanımdan da üzr gözləyirəm. Onun etdiyi də heç xoşagələn deyildi. Onun orada “Meral xanım, bu musiqiləri mən hazırlayacağam, qürurluyam” kimi danışmasına heç bir məna verə bilmirəm. Məndən bu cür yararlanmaları heç xoş deyildi.

– Meral xanımın günlük yaşantısı çox maraqlıdır. İstanbulda necə gedir həyatınız, nə işlər görürsünüz?

– İstanbul artıq metropol şəhərə çevrilib, burada yaşamaq çətindir. Ən böyük problemimiz tıxaclardır. Bu aralar seriallarda yoxam, çünki açığı, gələn təkliflər arasında bəyəndiyim yoxdur. Açıqlamaq istəmirəm, ancaq məni sevənlərə çox böyük surprizim olacaq. Günlərim teatrda keçir. Bir neçə tamaşada oynayıram. Bunlarla yanaşı, aktyorluq dərsləri keçirəm. Yeni, gənc və istedadlı aktyorlar, aktrisalar yetişdirməyi çox sevirəm. Onlarla birlikdə olmaq, onlara yeni şeylər öyrətmək mənə zövq verir. Ssenari də yazıram, üzərində işlədiyim çox maraqlı işlərim var. Boş vaxt tapanda idmanla da məşğul oluram.

– Sizinlə görüşməmişdən əvvəl sosial şəbəkələrə baxdım. Olduqca çoxsaylı heyranınız var. Xüsusən də, Azərbaycandan. Sosial şəbəkələrdən sizə gələn mesajları oxuyursunuzmu?

– Təbii ki, oxuyuram. Mən türk vətəndaşı olduğum qədər özümü Azərbaycan vətəndaşı kimi də hiss edirəm. Oradakı xalqın sevgisi o qədər gözəldir ki, mən də onları ən azı onların məni sevdiyi qədər sevirəm. Hə gün minlərlə mesaj gəlir. Oxuya bildiklərimi oxuyuram. Ancaq elə buradan məni sevənlərə səslənirəm ki, xahiş edirəm, inciməyin. Hər biriniz mənim üçün çox dəyərlisiniz.

– Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?

– Bir çox ölkədə oldum, amma Azərbaycandan aldığım zövqü heç bir yerdə tapa bilmədim. Sonuncu dəfə Azərbaycana iki il əvvəl getmişdim. Bakı o qədər gözəldir ki, o şəhərə heyranam. Hər kəsə paytaxtınızdan danışıram. Neçə-neçə tanıdığım ailəni məsləhətimlə Bakıya istirahətə göndərmişəm. Səmimiyyətimə inanın ki, oradan heyranlıqla dönüblər. Çevrəmdə hər kəsə Bakı sevgisi, Azərbaycan sevgisi aşılamağa çalışıram. Həqiqətən də Bakı Avropadan da gözəldir. Azərbaycandan yaxşı bir layihə gələrsə, gedib orada uzun illər boyunca yaşaya bilərəm. Bunu çox istərdim.

– Elə məyusluqdan sonra “Təhminə-2”ni çəkirik, gəlin” desələr gedərsinizmi?

– Gedərəm, ancaq yüz ölçüb, bir biçib gedərəm. Ssenarisi və müqaviləsi ilə gələn “Təhminə-2” üçün heç tərəddüd etmədən gedərəm. Bu işdə ssenari çox önəmlidir. “Təhminə-2” çəkilərsə, onun ssenarisi “Təhminə”nin üzərində olmalıdır. Çox filmlərin 2-cisi, 3-cüsü, 4-cüsü olub. Təhminə niyə olmasın? Buradan Azərbaycanda məni sevən hər kəsə salamlarımı, sevgilərimi göndərirəm. İnşallah, onlarla ən qısa zamanda qovuşaram.

скачать dle 12.1
Xəbər lenti