“Günün birində xalq məsuliyyəti öz üzərinə götürəcək”

8-09-2015, 16:17
0
“Günün birində xalq məsuliyyəti öz üzərinə götürəcək”

Əli Kərimli: “Hamılıqla dinc, demokratik mübarizəyə başlamasaq bu seçki tamaşası ritualları heç bir nəticə verməyəcək”

“Gözlənilən bundan ibarətdir ki, qərarımız seçkilərdə iştirak etməməklə bağlı olacaq”

AXCP sədri Əli Kərimli “Amerikanın səsi”nə müsahibəsində seçkiqabağı durum, partiyanın seçki prosesinə münasibəti, mövcud ictimai-siyasi vəziyyətdən çıxış yolları barədə danışıb. Müsahibəni təqdim edirik:

– Mövcud seçkiqabağı mühitdə AXCP-nin seçkilərdə iştirakı mümkündürmü?

– Bilrisiniz ki, AXCP Milli Şuranın tərkibində fəaliyyət göstərir. Bir neçə həftə bundan qabaq Milli Şura seçkiqabağı vəziyyəti təhlil edərək ictimaiyyətə geniş və ətraflı bir hesabat təqdim etdi. Hesabatda çox aydın şəkildə ifadə olunurdu ki, bu gün ölkədə nə real siyasi vəziyyət, nə də qanunvericilik, hüquqi baza demokratik seçkilərin keçirilməsinə imkan verir. Biz seçkilərdə iştirak etmək istədiyimizə görə hökumətə konkret tələblər irəli sürdük ki, heç olmazsa yarımdemokratik şərait təmin olunmalıdır ki, biz seçkilərdə iştirak edə bilək. Həmin tələblər siyasi məhbusların azad edilməsi, seçki komissiyalarının yenidən təşkil olunması, namizədlərin qeydiyyatına və seçkilərin müşahidəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı idi. Həmin tələblər yerinə yetirilməyib və bu günlərdə biz son qərarımızı verəcəyik. Gözlənilən bundan ibarətdir ki, qərarımız seçkilərdə iştirak etməməklə bağlı olacaq.

– Hazırki sosial sifariş, beynəlxalq münasibətlər və qanunvericilik bazası siyasi sistemdə seçki yolu ilə islahatlara yol aça bilərmi?

– Biz çox istəyirik ki, ölkədəki dəyişikliklər demokratik yolla, seçki yolu ilə olsun. Amma bunu artıq təkcə biz yox, beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan hakimiyyəti ölkədə seçkilər yolu ilə, dinc demokratik yolla hökumətin, hakimiyyətin dəyişməsini qeyri-mümkün edib. Bütün yollar tıxanıb. Faktiki olaraq ölkədə heç bir imkan yoxdur ki, seçki yolu ilə ciddi, böyük nəticələr əldə olunsun. Bu, Azərbaycan üçün ciddi fəsadlar yarada bilər. Biz ona görə də həm Azərbyacan hakimiyyətinin, həm dünya ictimaiyyətinin bu problemə diqqətini cəlb etmək istəyirik. İndi bəlkə də Azərbaycan hakimiyyəti vəziyyətdən razıdır ki, o hər seçkidə “Pir” qələbələrini həyata keçirə bilir. Amma bu vəziyyət ölkəni siyasi kataklizmə aprır. Bu, çox təhlükəli vəziyyətdir.

– Seçkilərin gedişində müxalifətin birgə mübarizəsi mümkündürmü?

– Bilirsiniz, Milli Şura hökumətlə sərt, birmənalı mübarizə aparmaq xətti ilə formalaşıb. İndi Milli Şurada qalan qüvvələr yenə də həmin prinsipial mübarizəni davam etdirir. Amma, müxalifət adına iddia edən çoxsaylı başqa qüvvələrin adından mən heç nə demək istəmirəm. Bizim də yanaşmamız ondan ibarətdir ki, (biz bu günlərdə mövqeyimizi dəqiqləşdirəcəyik) əgər bəri başdan hər şey onu göstərirsə ki, bu seçkilərin nəticələri artıq müəyyənləşib, hətta seçki komissiyaları səviyyəsində də yox, Prezident Aparatı səviyyəsində nəticələr müəyyənləşib, nəticəsi əvvəlcədən məlum olan bir tamaşada bizim rol almaq fikrimiz yoxdur. Amma, digərləri necə hərəkət edəcəklər özləri bilər.

– Seçki prosesində qanun pozuntularının qarşısının alınması üçün müxalifətin birgə nəzarət mexanizmi necə qurulmalıdır?

– İndiyədək çox seçkilərdə çoxlu mexanizmlərdən istifadə etmişik. Onlar heç nəyi dəyişməyib. Axırıncı prezident seçkilərində ATƏT-in özü etiraf etdi ki, hətta onların müşadhidəçiləri olan məntəqələrin 58 faizində seçkilərin nəticələri saxtalaşdırılıb (Təsəvvür edin ki, onların müşahidəçilərinin olmadığı məntəqələrin hamısında saxtakarlıq olub). Bu qədər faktlar hansı nəticəni doğurub ki? İndi əlavə hansısa faktların, bülletenlərin qutuya topa ilə atılması barədə videoların meydana çıxması nəyi dəyişə bilər ki? Siyasi iradə dəyişməlidir. Azərbaycan cəmiyyəti nəhayət bu vəziyyətdən bezməlidir. Ölkədə bütövlükdə millət hamılıqla ayağa qalxıb demokratik dəyişikliklər üçün çalışmalıdır. Biz Milli Şura, AXCP olaraq onun üçün çalışırıq ki, yüz minlərlə Azərbaycan vətəndaşı nəhayət onun fərqində olsun ki, hamılıqla dinc, demokratik mübarizəyə başlamasaq həmin bu seçki tamaşası ritualları heç bir nəticə verməyəcək.

– Vəziyyətdən çıxışı nədə görürsünüz?

– Əlbəttə, daha rahat çıxış Azərbaycan hökumətinin bütün bu çətinlikləri, ölkənin sosial partlayışa doğru, ciddi siyasi kataklizmlərə getdiyini nəzərə alaraq özünün müəyyən islahatlara getməsi, beynəlxalq təşkilatların, Azərbaycan cəmiyyətinin tələblərini, müxalifətin təkliflərini qəbul etməsi olardı. Bu daha dinc, demokratik inkişaf üçün meydan yaradardı. Amma Azərbaycan hökuməti buna getməyəcəksə, deməli bir az tez, bir az gec Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq, hamılıqla dinc, demokratik mübarizəyə qoşulacaq. Ola bilsin, bu gün hələ də xalqın ümidi var ki, başqa vasitələrlə dəyişikliklər ola bilər. Amma, tamamilə ümidlər tıxanandan sonra günün birində Azərbaycan xalqı məsuliyyəti öz üzərinə götürəcək.

скачать dle 12.1
Xəbər lenti