“Biz İlham Əliyev rejiminin alternativsizliyi haqda yaradılmış süni mifi dağıtdıq”

17-01-2017, 17:26
0
“Biz İlham Əliyev rejiminin alternativsizliyi haqda yaradılmış süni mifi dağıtdıq”

Professor Cəmil Həsənli ilə 65 yaşın astanasında müsahibə

“Sağ qalsan özündən, qalmasan ruhundan soruşarlar: millətin başına gətirilən müsibətləri gördün, niyə susdun?”

“Milli Şura tək hakimiyyətin planlarını pozmadı, həm də zamanın sınağından şərəflə çıxdı”

Yanvar ayının 15-də Azərbaycan görkəmli ziyalısı, tanınmış tarixçi, Milli Şuranın sədri professor Cəmil Həsənlinin 65 yaşı tamam olur. Çətinliklə tapdıq Cəmil müəllimi. Sorağını Şanxaydan aldıq. Suallarımızı cavblandırmasın xahiş etdik, razılaşdı. Əlbəttə, 65 yaş ömrün ciddi bir mərhələsidir və Cəmil bəy kimi zəngin, keşməkeşli bir həyat yolu keçmiş ziyalı, ictimai-siyasi xadim üçün bu həm də bir hesabat məqamıdır.

– Cəmil müəllim xoş gördük, texnoloji imkanlar sayəsində sizi tapa bildik. Yaxşı xatırlayırıq, 5 il əvvəl 60 yaşınızı qeyd edəndə də ölkədə yox idiniz. Deyəsən, 65 yaşınızı da ölkədən kənarda qeyd edirsiniz.

– Doğrusu yubiley və ya ad günü keçirməyə həvəsli deyiləm. 65 yaş da bir təqvim ilinin tamam olması, yaşımızın üzərinə daha bir ilin əlavə olunmasıdır. Belə günləri mən bir qayda olaraq öz ailə üzvlərimlə, uşaqlarım və nəvələrimlə keçirməyə üstünlük verirəm. 60 yaşım olanda uşaqların təkidi ilə hamımız Dubayda görüşdük və doğrusu bu görüş çox ürəyimcə oldu. 65-in tamamında isə necə deyərlər, dünyanın bu biri başında Şanxaydayam.  Bu da ömrün yaddaqalan bir məqamıdır.

– Necə gedir işləriniz Şanxayda?

– Səkkiz həftəliyinə buradayam. Burada həyat çox maraqlıdır və maraqlı olduğu qədər də canlıdır. Şanxay yalnız Çinin deyil, dünyanın ən böyük iqtisadi mərkəzlərindən biridir. 2016-cı ili Çin 6-7 faiz inkişaf göstəricisi ilə başa vurdu və bir sıra ölkələrin sosial, iqtisadi və maliyyə sarsıntıları keçirdiyi bir məqamda bu mühüm göstəricidir. Burada təhsilə böyük önəm verirlər. Mən deyərdim ki, iqtisadi inkişafın Çin möcüzəsinin təməlində təhsil dayanır. Çin bir tərəfdən qədim mədəniyyət mərkəzidir, digər tərəfdən müasir iqtisadi inkişafın özünəməxsus bir modeli, simvoludur. Gənclər, xüsusilə qızlar kütləvi şəkildə təhsilə cəlb ediliblər. Bu, Çinin çox böyük tarixi nailiyyətidir. Şanxay universiteti dünyanın qabaqcıl elm və təhsil mərkəzlərindən sayılır. Burada humanitar sahədə çox ciddi tədqiqatlar aparılır və ölkənin ən tanınmış soyuq müharibə araşdırma mərkəzi məhz, bu universitetdə yerləşir. Həmin mərkəzin apardığı araşdırmalar yalnız Çində deyil, ABŞ, Rusiya və digər ölkələrdə də nəşr olunur. Mən burada soyuq müharibə dövrünün başlanması mövzusunda mühazirələr deyir və tədqiqatlar aparıram. Çox maraqlı müzakirələrimiz olur. Şanxay Universitetindəki Soyuq Müharibə Araşdırma  Mərkəzi həmin dövrün sənədlərinin mükəmməl bir arxivini yaradıb. Onlarla tanış olmaq mənim üçün çox maraqlıdır.

– İctimai fikirdə tez-tez belə ifadələr səslənir ki, guya siz elmdən ayrılmısınız və bəzən bunu təəssüf hissi ilə ifadə edənlər də olur.

– Yox, bütün bunlar həqiqətə uyğun deyil.  Mən həmişə demişəm ictimai-siyasi  fəaliyyət mənim həyatımın hamısı deyil, bir hissəsidir. Bəlkə də  ölkəmizdə işlər yaxşı olsaydı, xalqımızın vəziyyəti indiki kimi acınacaqlı duruma düşməsəydi, demokratik azadlıqlar təmin edilsəydi, millətimizin haqqı və hüququ bu qədər ağır formada tapdanmasaydı mən elə öz yazı-pozumla məşğul olardım, dərs deyərdim, doktorlar, gənc alimlər yetişdirərdim. Amma bütün baş verənlərə biganə qalmaq, seyrçi mövqe tutmaq, xalqın dərd-sərinə göz yummaq olmaz. Bütün avtoritar, totalitar hakimiyyətlər kimi Əliyev rejimi də daimi deyil, bir gün Azərbaycan xalqı da öz haqqına qovuşacaq, bax həmin məqamda adam gərək dönüb öz keçmişinə baxa bilsin. Ən azından öz uşaqlarının, nəvələrinin üzünə baxa bilsin. Bu çox mühüm mənəvi bir məqamdır. Sağ qalsan özündən, qalmasan ruhundan soruşarlar: sən bu rəzalətin içində yaşadın, mənsub olduğun millətin başına gətirilən müsibətləri gördün, hakimiyyəti mənimsəmiş bir dəstə işbazın ölkəni talan etməsinin, xalqı fəlakətə gətirib çıxarmasının şahidi oldun,  niyə susdun? Bax, Mirzə Cəlilin “Usta Zeynal” hekayəsində deyildiyi kimi, mərəkə ondadır. Amma bu şəraitdə də mən heç vaxt əsas peşəm olan elmdən, tarixçilikdən ayrılmadım. Hakimiyyətin bütün yalanlarına, maneələrinə, böhtanlarına baxmayaraq, faydalı bildiyim bir şeyləri etməyə çalışdım.

– Siz xarici ölkələrdə ən çox çap olunan Azərbaycan  alimi, tarixçisisiniz…

– 65 yaşın tamamında geriyə dönüb baxanda özümə də yuxu kimi gəlir. Nə az, nə çox bu illər ərzində müxtəlif dillərdə 30-dan artıq kitabım, monoqrafiyam çıxıb. Onun yarıdan çoxu, daha dəqiq 18-i Rusiya, ABŞ, Türkiyə, İran və digər ölkələrdə nəşr olunub. Yazdığımız bir sıra əsərlər Harvard, Oksford kimi dünyanın ən məşhur universitetlərinin seriyalarına düşə bildi. ABŞ-ın akademik nəşrlər sahəsində böyük nüfuza malik olan “Rowman and Littlefield”, “Lexington Books”, Britaniyanın “Routledge: Taylor and Francis Group”, Rusiyanın “Nauka”, “ROSSPEN”, Türkiyənin “Bilgi Yayınları” kimi məşhur nəşriyyatları kitablarımızı çap etdi. Axı, bizim kimi müstəqilliyini yeni bərpa etmiş bir ölkənin tarixini geniş bir coğrafiyada oxucuya, araşdırmaçıya, siyasətçiyə, ölkəmizə, tariximizə maraq göstərən hər kəsə təqdim etmək çox vacibdir. Bu baxımdan 2016-cı il mənim üçün bir qədər məhsuldar oldu. İlin əvvəlində London və Nyu Yorkda “Azərbaycan Cümhuriyyətinin Xarici Siyasəti: Qərbə İnteqrasiyanın Çətin Yolu, 1918-1920” kitabım nəşr olundu, ilin sonunda isə Moskvada “ROSSPEN” nəşriyyatının “Stalinizm tarixi seriyası”nda “Cənub Sərhədləri Boyunca Genişlənmə Siyasəti: Stalin və Neft Uğrunda Mübarizədə Azərbaycan Kartı, 1939-1945” monoqrafiyam işıq üzü gördü. Gələn il Azərbaycanda cümhuriyyət qurulmasının 100 illiyi tamam olur. Bu, xalqımızın böyük tarixi nailiyyətidir və bu nailiyyəti dünyaya təqdim etmək, özü də dünya xalqlarının, millətlərinin anladığı, başa düşdüyü dildə təqdim etmək lazımdır. Qurucu babalarımız zəngin bir cümhuriyyətçilik irsi yaradıblar, qısa vaxtda Azərbaycanı siyasi idarəçilik,  azad iqtisadi münasibətlər, fərdin hüququna , toplumun haqqına  hörmət, demokratiyanın təməl prinsiplərinə sədaqət baxımından dünyaya uyğunlaşdırmağa, azad dünya ilə ayaqlaşmağa çalışıblar. 100 illik ərəfəsində bu irsin dünyaya təqdim edilməsi xalqımızın azad dünyaya qovuşmaq istəklərinin, öz imzasını mütərəqqi dünya xalqlarının imzaları içində görmək arzusunun təqdimatıdır.

– Sirr deyilsə hazırda nə üzərində işləyirsiniz?

– Hazırda “The University Utah Press” də “Kiçik Millətlər Böyük Oyunda: Azərbaycan Rusiya, İran və Türkiyə Üçbucağında, 1920-1923” kitabım nəşr prosesindədir, intensiv iş gedir və demək olar ki, hər həftə redaktorla yazışırıq. Plan üzrə yanvarın 15-i, yəni təsadüfən 65-in tamamında əlyazmanın son variantını oxumaq üçün mənə göndərməlidirlər. Baharın sonunda kitabın  çıxması gözlənilir. Burada Azərbaycanın ötən əsrin 80-ci illərinin sonunda cəlb olunduğu Qarabağ münaqişəsinin, Azərbaycan – Ermənistan münasibətlərinin, türk-erməni münasibətlərinin bu gün üçün əhəmiyyətli olan tarixi məqamları əks etdirilib. Bütün bu məsələlərin bünövrəsi məhz 20-ci illərdə, sovetləşmənin ilk illərində qoyuldu və bu tarixi həqiqəti Qərb oxucusuna çatdırmağa çalışmışam. Ermənistanın təcavüzü nəticəsində cəlb olunduğumuz münaqişədə tarix bizim tərəfimizdədir, bunu ortaya qoyub haqlılığımıza dünyanı inandırmalıyıq. Gecə-gündüz ermənini söyməklə, nağıl danışmaqla, mif uydurmaqla nəyəsə nail olmaq çətin məsələdir.  Tarixi həqiqətdən yapışmalıyıq, o tarixi həqiqətdən ki, hansı tərəfdən baxsaq haqq bizim tərəfimizdədir. Bunu dünyaya göstərmək, tarixi mənbələrdə gizlədilmiş həqiqətləri dünyaya çatdırmaq lazımdır. Son vaxtlar ötən əsrin 60-cı illəri ilə bağlı bir əsər üzərində də işləyirəm. Hələ ki təxmini adı belədir: “Azərbaycanda Sovet liberalizmi: hakimiyyət, xalq və ziyalılar, 1959-1969”. Həmin illərdə çox maraqlı milli və mənəvi proseslər gedib, həmin prosesin tarixi mənzərəsini verməyə çalışıram. Əsərin bir sıra fəsilləri artıq hazırdır, ömür vəfa etsə bu il işıq üzü görər.

– Bir az öncə hakimiyyətin yaratdığı maneələrə toxundunuz, bəlkə bunu bir az açasınız?

– Son illərdə bu sistemli xarakter alıb. Doğrudur Bakı Dövlət Universitetindən mən hələ 2011-ci ildə öz ərizəmlə çıxmışam. Lakin orada mənim 240 saat həcmində dərslərim var idi. Bu maddi cəhətdən bir şey olmasa da tələbə, magistr və bütövlükdə elmi mühitlə bir bağlantım idi. Doktorant və dissertantlara elmi rəhbərlik edirdim, onlarla işləyirdim.  2013-cü il seçkilərindən sonra dərsləri aldılar, dissertantları da məcbur etdilər ki, mənim elmi rəhbərliyimdən imtina etsinlər. Heç vaxt yadımdan çıxmaz ki, onlardan biri necə hönkür-hönkür ağlayırdı. Mən onu ovundurdmağa çalışdım ki, mühüm olanı kimin elmi rəhbər olması deyil, onun müdafiə etməsidir. İncəsənət Universitetinin keçmiş rəhbərliyi dövründə müdafiə ərəfəsində olan bir dissertantıma dedilər ki, bu elmi rəhbərlə biz səni müdafiəyə buraxa bilmərik və avtoreferatı çap olunanda elmi rəhbər kimi mənim adımı çıxarıb yeni elmi rəhbər təyin etdilər. Respublika daxilində üzvü olduğum elmi jurnalların istisnasız olaraq hamısının redaksiya heyətlərindən adımı çıxardılar. Dəvət aldığım beynəlxalq konfranslarda iştirakıma maneçilik törədirlər və bəzi hallarda buna nail oldular. Əvvəllər bir qayda olaraq MTN tərəfindən izləniliridik, indi DİN də bu işə qoşulub. Bu yaxınlarda keçmiş MTN rəhbərliyinin ayrı-ayrı iş adamlarının məhkəmənin qərarı olmadan telefon danışıqlarına qulaq asmaları barədə faktlar aşkarlandı. Uzun illərdir qanuna zidd olaraq, heç bir məhkəmə hökmü olmadan telefon danışıqlarımıza qulaq asıblar, indi də dinləməkdə davam edirlər. Bir halda keçmiş MTN rəhbərliyinin qanunsuz əməllərindən danışılırsa, bəs bunları niyə demirlər?

Mən hələ keçmiş MTN, bu gün onun əməllərinə iddia edən DİN-i qoyuram bir kənara, adi bir şeydir, xarici universitetlərdən mənə ekspress poçtla dəvət göndərirlər, hansı çirkabın içində olduğu son aylar aşkarlanan Rabitə Nazirliyi mən gedib gələndən bir ay sonra sürətli poçtla göndərilmiş məktubu gətirib mənə verir. Yaxud elektron poçtla mənə dəvət gəlir, nəzarət edən qurumlar şəbəkədən buraxmırlar. Məndən cavab almadıqların görən qarşı tərəf xeyli sonra WhatsApp vasitəsi ilə məndən soruşur ki, bəs sizə dəvət göndərmişik niyə cavab vermirsiniz? Yaxşı ki, hələ bu natəmiz əməllərlə məşğul olan orqanlar bizim əvəzimizə özləri bu məktublara cavab vermirlər. Bir anlığa diqqət yetirin: elə iyrənc bir mühit yaradıblar ki, dünya mədəniyyətinin, sənətinin korifeylərindən olan Rüstəm İbrahimbəyov bu ölkəyə gəlmək istəmir. Azərbaycanın ən böyük dilçi alimlərindən olan professor Kamil Vəli Nərimanoğlu universitetdən ayrılmalı oldu, iş vermədilər, Türkiyəyə getmək məcburiyyətində qaldı və Türkiyənin ən yaxşı alimlərinə verilən ödülü aldı. Halbuki, dərs bir tərəfə qalsın, belə möhtəşəm bir alimin azərbaycanlı tələbənin gözünün qarşısında olması bir nümunə idi, bir örnək idi. Ölkənin ən gözəl alimlərindən və ən tələbkar müəllimlərindən olan professor Kərim Şükürov Universiteti tərk etməli oldu. Axı, elə alimlər tez-tez yetişmir. Tələbələrin şəksiz və şəriksiz sevimlisi olan, üç il dünyanın ən böyük elm və təhsil mərkəzi sayılan Los Angeles Kaliforniya Universitetində dərs demiş, mükəmməl təcrübə qazanmış Altay Göyüşov auditoriyadan çıxarıldı. Öz istedadı və müəllim prinsipiallığı ilə seçilən Austin Texas Universitetində dəvətli professor kimi işləmiş Şəlalə Məmmədova da universitetdən ayrılmaq məcburiyyətində qaldı. Bunları kim əvəz edəcək?

– Cəmil müəllim, Milli Şurada vəziyyət necədir, siyasi prosesləri diqqətdə saxlaya bilirsinizmi?

milli-sura-rehberlik

– Bilirsiniz ki, Milli Şura 2013-cü ilin prezident seçkiləri ərəfəsində yarandı və bu ideya böyük ziyalımız Rüstəm İbrahimbəyova məxsus idi. Şübhəsiz ki, maraqlı ideya idi və bəlkə də, tarixin həmin məqamında ən doğru addım idi. Siyasi qüvvələri, ictimai birlikləri, içində vətən, millət, xalq təəssübkeşliyi, demokratiya istəkləri olan ayrı-ayrı nüfuzlu ziyalıları bir araya gətirmək üçün Milli Şura həm tarixilik, həm də müasirlik baxımından güclü ideya idi. Ona görə də aparıcı siyasi qüvvələr həmin vaxt bu ideyanı rəğbətlə qarşıladılar. Ziyalı Forumunun müzakirələrdən keçmiş bu ideya  qısa müddətdə populyarlaşdı və real gücə çevrildi. Qeyd etmək lazımdır ki, ilk mərhələdə həmin prosesdə Eldar Namazovun xeyli rolu və əməyi oldu. Qarşıdakı prezident seçkilərində ikinci bir fikir yox idi, hamı birmənalı olaraq Rüstəm bəyin namizədliyini müdafiə edirdi. Amma Azərbaycan hakimiyyəti Rusiyadakı həmkarları vasitəsi ilə Rüstəm bəyin namizədliyinə texniki maneələr yarada bildi. Doğrusu, namizəd olmaq, seçkidə iştirak etmək heç ağlıma da gəlmirdi. Lakin iş elə gətirdi ki, yeni yaranmış, xalqın içərisində güman yerinə çevrilmiş Milli Şuranın taleyi böyük sual altına düşdü və onu xilas etmək zərurəti yarandı. Rüstəm bəy də öz növbəsində çox xahiş etdi ki, bu işin ağırlığını mən öz üzərimə götürüm.  Ona görə ayrı çarə qalmadı. Dostlar yaxşı bilir hətta, Milli Şuranın namizəd göstərməklə bağlı məlum mübahisəli iclasında mən öz namizədliyimin əleyhinə səs vermişdim. Əslində, Milli Şurada birləşən ictimai-siyasi qurumların bir çoxu mənim namizədliyimə hazır deyildi. Onlar Şuraya Rüstəmə görə gəlmişdilər, namizəd olmaq istəklərindən də ona görə geri durmuşdular və onun namizədliyi qeydə alınmayanda həmin qüvvələrin Milli Şuranın vahid namizədi ideyasına elə bir marağı qalmadı və hətta formal olaraq Milli Şura üzvü olub mənim əleyhimə təbliğat aparanlar da oldu.

– Ziyalı Forumuna toxundunuz, son illərdə Forumun fəaliyyəti hiss olunmur, qurum öz fəaliyyətini  dayandırıb?

– Doğrusu, Ziyalı Forumunun öz fəaliyyətini dayandırması barədə rəsmi bir qərar olmasa da, fəaliyyət demək olar ki, dayanıb. Forum bir neçə il çox səmərəli fəaliyyət göstərdi. Əslində, ziyalı məclisi də Rüstəm bəyin ətrafında formalaşmışdı. Onun uzun müddət Bakıda olmaması bu işə də öz təsirini göstərdi. Amma forumun olub-olmaması ziyalı meyarına, ziyalı meydanına təsir göstərməməli idi. Hərdəm bəzi eyhamlar vurulur ki, Forum siyasiləşdi, biz siyasətə qarsımırıq və sair. Əlbəttə, mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Lakin seçkilərin xalqın iradəsini ifadə etməsi tələbi, demokratik təsisatların üzərinə total hücumun pislənməsi, kütləvi şəkildə ciblərinə narkotika atılaraq saxta ittihamlarla həbs edilmiş tələbə-gənclərə mənəvi dəstəyin nümayiş etdirilməsi, şərlənərək həbs edilən ölkə vətəndaşlarına arxa durulması, bu xalqın belini qıran korrupsiyaya, monopoliyaya, hakimiyyətin özbaşnalığına yox deyilməsi, polis qudurğanlığının durdurulması, həyatını vətən torpağı uğrunda döyüşlərdə itirmiş şəhidlərin qanunu qan pulunu verməkdən yayınan hakimiyyətin utandırılması siyasətdən çox, xalqın qarşısında ziyalı cavabdehliyi məsələsidir, mənəvi məsələdir. Bəzi ədəbiyyat, sənət, elm və mədəniyyət xadimlərimiz deyir ki, ziyalı sözünü öz əsəri ilə, yazısı ilə, kitabı ilə və sair deməlidir. Yaxşı roman, povest, hekayə, şer yazmaq, ekran əsəri yaratmaq, tablo çəkmək, musiqi bəstələmək, nə bilib kitab yazmaq ziyalılıqdan daha çox istedadın məsələsidir, peşə səviyyəsinin nümayişidir. Amma Lənkaranda məskunlaşmış Fizuli qaçqını Yaqut Əliyevanın başına gətirilən müsibətlər heç bir povestə, poemaya, tabloya, rekviyemə sığası deyil, axı.  Bir baxın ölümü gözünün qabağına almış bu zavallı qadın nə deyir: “Polis idarəsində etmədiyim cinayəti boynuma qoymaq üçün döydülər. Namusuma toxunacaqlarından ehtiyat etdiyim üçün özümü idarənin 3-cü mərtəbəsindən atdım”. Bu gün bu dəhşətli mənzərə ölkənin bütün polis idarələri, Daxili İşlər Nazirliyi sistemi, bu millətə qənim kəsilən “Bandotdel” deyilən qurum üçün adi əyləncə məşğuliyyətinə çevrilib. Gözümüzün qarşısında insan taleləri məhv edilir. Ölkənin ictimai namusu qorunmadıqca, yaqutların öz fərdi namusunu qorumaq üçün özlərini polis idarələrinin 3-cü mərtəbələrindən atması labüddür. Milli Şuranın yaranması da, seçkilərə qatılması da ölkəmizin varlığının təhdid, vətəndaşını təhqir, xalqını kölə hesab edən, xalqın seçki hüququnu mənimsəmiş kriminal bir güruha yerini göstərmək, bu millətin diriliyini nümayiş etdirmək zərurətindən irəli gəlirdi.

– Amma bütün hallarda 2013-cü il seçkiləri ərəfəsində cəmiyyətdə böyük ümid yaranmışdı və hakimiyyət ciddi narahatçılıq keçirirdi.

– Bilirsiniz, ilk növbədə xalqın itirilmiş inamını bərpa etmək lazım idi. İkincisi isə, müstəqillik illərində ölkənin müxalif siyasi partiyaları birinci dəfə idi ki, partiya mənsubiyyəti olmayan bir ziyalıya öz iddialarını güzəştə gedirdilər. Onların etimadını və inamını doğrultmaq vacib idi. Ona görə də neft pullarının ən güclü axını dövründə İlham Əliyev rejiminin alternativsizliyi haqqında yaradılmış süni mifi dağıtmaq lazım idi. Bunun üçün bəzi real imkanlar var idi və həmin imkanlardan səmərəli istifadə etməyə qərarlı idim. Ən böyük imkan isə YAP hakimiyyətinin xalq içərisində öz dayaqlarını itirməsi, Əliyev rejiminin mütəşəkkil korrupsiya şəbəkəsinə çevrilməsi, hakimiyyətin kriminallaşması və yolsuzluğa qurşanması idi. Söhbət məndən getmir, bu həqiqətləri millətə çatdırmaq gücünə malik olan istənilən alternativ namizəd xalqın dəstəyin qazanacaqdı. Digər tərəfdən kriminallaşmış bir dəstə ilə üz-üzə gəlmək ən azından həyatla riskə getmək demək idi və bunu mən çox yaxşı anlayırdım. Mərhum jurnalist Elmar Hüseynovun qətlini keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin üzərinə atanda, mən onun müdafiəsinə qoşuldum və hələ həmin vaxt respublikanın üç rəhbər şəxsindən biri məni söhbətə çağırıb xəbərdar etmişdi ki, hakimiyyət məsələsində heç kimə güzəşt ola bilməz və kimliyindən asılı olmayaraq hakimiyyətə iddialı olan bütün başlar kəsiləcək. Bu hədə deyildi, reallığın açıq ifadəsi idi.

– Bütün hallarda 2013-cü ilin prezident seçkiləri çox məsələlərə aydınlıq gətirdi.

cemil-hesenli-itv1

– Elədir. Amma nə gizlədim seçkinin nəticələri ilə bağlı bir illüziyam yox idi. Bütün saxtalaşdırma mexanizmi qabaqcadan hazırlanmışdı və bu barədə məlumatlı idim. Kriminallaşmış güruhun seçki yolu ilə hakimiyyətdən gedəcəyini düşünmək sadəlövhlük olardı. Amma real mənzərəni nümayiş etdirmək, hakimiyyətin xalqın dəstəyini itirdiyini göstərmək, Milli Şuranın qələbə əzmində olduğunu və normal şərtlər daxilində seçkiyə çıxan əhalinin əksəriyyətinin səsinin qazandığını həm ölkənin içində, həm də beynəlxalq miqyasda nümayiş etdirmək mümkün oldu.  Bütün bunlar üçün çox az vaxtımız var idi. Seçici ilə, xalqla cəmi 21 günə sığışdırılmış 6 dəqiqədən ibarət  9 görüşümüz olmalı idi. Üst-üstə 54 dəqiqə. Bütün ümidimiz ona idi. Milli Şuranın rəhbər heyətinin və seçki qərargahımızın  çox səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, o 54 dəqiqədən necə istifadə etməyin bütün plan və proqramını mən özüm hazırlamışdım.

– Kənardan çox söz deyilməsinə baxmayaraq əslində o debatlar 2013-cü il seçkilərinin gedişinə ciddi təsir göstərdi?

–  Bilirsiniz, kənarda dayanıb “ağıllı” məsləhətlər vermək bir şeydir, prosesin ağırlığını aparmaq ayrı şeydir. Milli Şura məhz həmin məqamdan başlayaraq milli iradən ifadəçisi, tarixin canlı yaradıcısı rolunda çıxış etməyə başladı. Nəyi etmək mümkün idisə biz onları etdik, doğrusu, hətta mümkün olmayan şeylər də etdik. Çünki elə məqamlarda bəzən mümkün olanları etmək yetərli olmur. Bütün bunların nəticəsində biz seçkiyə çıxan əhalinin səsini aldıq. Yalnız Milli Şuraya rəğbət bəsləyənlərin deyil, televiziya deabtlarının doğurduğu əhval-ruhiyyənin nəticəsində dəyişiklik istəyənlərin, xüsusilə Əliyev rejiminə nifrət bəsləyənlərin böyük əksəriyyətinin səsini ala bildik. Bir sıra mətbuat orqanları, radio və televiziyaların keçirdiyi seçkiqabağı rəy sorğusunda Milli Şuranın böyük fərqlə üstünlüyü göz qabağında idi. Bu fərq Milli Şuranın təxminən 62-65 faizi ilə hakimiyyətin 18-21 faizi nisbətində idi və son nəticələr də bu göstəricilərə çox yaxın oldu. Belə bir sorğunu “Azadlıq” radisosu öz dinləyiciləri arasında, “Zerkalo” qəzeti öz oxucuları arasında  keçirmişdi. Bunlara cavab olaraq ANS hökumətə xidmət kimi keçirdiyi interaktiv rəy sorğusunda bizim üstünlüyümüzü “texniki səhv” kimi 30 saniyə də olsa ekrana çıxardı. Bu KİV-lərin sonrakı taleyində həmin hadisələr az rol oynamadı. Seçkidən az sonra “Azadlıq” radiosunun Bakı ofisi bağlandı, bütün Cənubi Qafqazın ən güclü rus dilli qəzeti olan “Zerkalo” fəaliyyətini dayandırdı,  həmin “texniki səhv” isə hakimiyyətin ANS-ə olan etimadına şübhə toxumu səpdi.

– Eyni zamanda həm ölkə içində, həm də beynəlxalq aləmdə hakimiyyətin “qələbəsi” də şübhə altına düşdü.

cemil-hesenli-secki

– Hakimiyyət saxtakarlığa nə qədər hazırlaşsa da seçki böhranın dərinləşəcəyindən ehtiyat edirdi. Ona görə Naxçıvandan və digər bölgələrdən idmançı dəstələri,  ayrı-ayrı nazirliklərin qeyri-rəsmi yarımhərbi birlikləri Bakı şəhərində vəzifəli şəxslərə məxsus şadlıq evlərində gizli şəkildə yerləşdirilmişdi. Burada məqsəd seçki saxtakarlığına qarşı etiraz dalğası başlanacağı halda həmin  kriminal dəstlər vasitəsi ilə xalqa divan tutmaq, əhalinin gözünü qorxutmaq  idi. Təsəvvür edin ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bütün seçki dairələri vaxtilə monqol ordusunda olduğu kimi on başı, yüz başı və min başılara bölünmüşdü, çoxsaylı karusel qrupları yaradılmışdı. Bütün bu saxtakarlıq şəbəkəsi  YAP və rayon icra hakimiyyətləri tərəfindən koordinasiya edilirdi.  Seçkidən bir gün əvvəl müxtəlif rayonlarda İlham Əliyevin adının nişanlandığı çoxlu sayda seçki bülletenləri möhürlənim yaxın hesab etdikləri seçicilərə paylanmışdı. Həmin axşam, yəni seçkidən bir gün əvvəl paylanmış möhürlü bülletenlərdən təxminən beş-altı yüzünü  bizə çatdırdılar. Seçki başlayanda artıq onların sayı 1200-dən çox idi. İkinci maraqlı fakt isə Mərkəzi Seçki Komissiyasının texniki idarəetmə  şəbəkəsinin səhlənkarlıq ucbatından açıq qalması və bir gün sonra keçiriləcək seçkilərin nəticələrin yayılması oldu. Dünyanın ən nüfuzlu KİV-ləri bu faktla bağlı geniş şərhlər verdilər. Məsələn Birləşmiş Ştatların nüfuzlu The Washington Post qəzetinin veb səhifəsi  HYPERLINK “http://www.washingtonpost.org/lifestyle/style/the-worst-ideas-of-2013/2013/10/24/a9822978-3c20-11e3-a94f-b58017bfee6c_gallery.html” \l “photo=2” \t “_blank” “2013-cü ilin ən böyük rüsvayçılıqları” adlı yazı verdi . Qəzet yazırdı ki, 2013-cü ilin oktyabr ayının 9-da də Azərbaycanda keçirilən prezident seçkilərindən nəticələrinin bir gün öncə açıqlanması son illərin ən heyrətləndirici seçki rüsvayçılığıdır. Dünyanın böyük telekampaniyalar bu dəhşətli faktla bağlı ölkəni lağa qoyurdular, Azərbaycan haqqında lətifələr düzəldirdilər. Təkcə bu fakt 2013-cü ilin prezident seçkilərinin nəticələrini ləğv etmək üçün kifayət idi. Biz bax belə ağır, ağır olduğu qədər də məzhəkəli bir vəziyyətlə üzləşmişdik.

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığın bəyan etmişdi…

– Elədir, bu çox mühüm hadisə idi. Birinci dəfə idi ki, Avropa məkanında seçkiləri müşahidə etməyə yeganə rəsmi mandatı olan ATƏT-in Varşava Bürosu 2013-cü ilin 9 oktyabr seçkilərində 58 faiz saxtakarlıq olduğunu bəyan etmişdi. Heç bir özünə hörmət edən hakimiyyət bundan sonra ifşa olunmuş seçkilərin nəticələrini rəsmiləşdirməzdi. İlk dəfə idi məhz 2013-cü il seçkilərinə münasibətdə  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası ilə AŞPA və Avropa Parlamentinin müşahidə missiyası fərqli rəylərlə çıxış etdilər. ATƏT-in missiyasının İtaliyadan olan rəhbəri Tana de Zulueta çox obyektiv və prinsipial bir xanım idi. Hakimiyyət onunla dil tapacağına əmin olsa da, bu baş vermədi. Belə olduqda hakimiyyətin natəmiz əməllərinin iştirakçısı olan AŞPA və AP deputatlarından  formalaşdırıb Bakıya gətirmiş missiyalar ATƏT missiyasına qarşı qoyuldu və onlar fərqli rəylə çıxış etdilər. Az sonra məsələnin mahiyyəti aydınlaşanda Avropa Parlamenti ayrı bir İtaliyalı deputatın başçılığı ilə şübhəli formada təsis edilmiş öz missiyasının rəyindən imtina edib ATƏT-in rəyinə qoşulduğun bəyan etdi. ATƏT-in 58 faiz saxtakarlığı əks etdirən rəyindən sonra hakimiyyət çox ehtiyat edirdi ki, seçkilərin nəticələri tanınmasın. Ona görə Konstitusiya Məhkəməsinin rəyindən 20 dəqiqə sonra ölkə ictimaiyyəti məlumatlandırılmadan, xarici diplomatik korpuslar, Azərbaycana dost sayılan xarici ölkə nümayəndələri dəvət edilmədən tələm-tələsik inauqurasiya keçirdilər ki, dünyanı fakt qarşısında qoysunlar. İlk dəfə idi belə qəribə hadisə baş verirdi və bu narahatçılığı hakimiyyət üçün Milli Şura yaratmışdı.   Dörd ilə yaxındır ki, hakimiyyətin Milli Şuraya qarşı barışmaz mübarizəsi, onu bütün anti-konstitusiyon yollarla  dağıtmaq cəhdləri bununla bağlıdır, çünki qarşısında real güc görmüşdü. Əslində, hakimiyyətin 2014-cü ilin birinci yarısında Milli Şuranın dağıdılması prosesini başa çatdırmalı idi.

– Ancaq bu mümkün olmadı. Sizcə bu nə ilə bağlı idi?

milli-shura-19 may

– Bu ilk növbədə öz taleyini xalq işi ilə bağlayan, milli ideallarla bağlayan təşkilatların və şəxslərin Milli Şurada qalması və bütün təzyiqlərə baxmayaraq mübarizəni davam etdirmək əzmi ilə bağlı idi. Hakimiyyət bunu gözləmirdi. Rəhbər heyətdə təmsil olunan bir sıra üzvlərimiz də daxil olmaqla xeyli üzvümüz həbsə alındılar, Milli Şurada öz fəaliyyətini davam etdirən Azərbaycan Xalq Cəbhəsi Partiyası son üç il yarımı demək olar ki, total təqiblər şəraitində keçirib, partiyanın rəhbərliyinə daxil olan şəxslərin demək olar ki, yarıya qədəri saxta ittihamlarla həbs olunublar. Amma bütün bu təqiblərə baxmayaraq Milli Şuranı qoruyub saxlamaq, bərpa etmək,  ölkənin aparıcı ictimai-siyasi qurumuna çevirmək mümkün oldu. Bu baxımdan Milli Şurada təmsil olunan hazırkı üzvlər və xüsusilə onun Koordinasiya Mərkəzi tək hakimiyyətin planlarını pozmadı, həm də zamanın sınağından şərəflə çıxdı.  İndi xalqımız böyük təhlükə qarşısındadır, onun sərvətləri talanır, haqqı tapdanır, varlığı təhdid edilir, iradəsi zorlanır. Dünyada zəngin neft ölkəsi kimi tanınan bir məmləkətin vətəndaşları sərgərdan vəziyyətə düşüb, bir tikə çörəyin əsirinə, bir ovuc hakim zümrənin girovuna, böhranın hədəfinə çevrilib. İndi işləyən, pensiya alan Azərbaycan vətəndaşının yarıdan çoxunun günlük gəliri 2-3 dollar ətrafındadır. Analoqu olmayan inkişafdan çox danışmışıq. Amma bu məmləkətdə doğrudan da analoqsuz şeylər var: böyük neft pullarının axını dövründə Azərbaycan xalqının daha da yoxsullaşması və hakim ailənin isə dünyanın ən zəngin xanədanlarından birinə çevrilməsinin doğrudan da analoqu yoxdur.

скачать dle 12.1
Xəbər lenti