Azərbaycanın 44 könüllü həkimi Türkiyəyə, zəlzələ bölgəsinə gedir: “Gözləyirik” -EKSKLÜZİV

11-02-2023, 16:22
7 783
Azərbaycanın 44 könüllü həkimi Türkiyəyə, zəlzələ bölgəsinə gedir: “Gözləyirik” -EKSKLÜZİV

Doktor Oqtay Mehdiyev: “Sabah axşama kimi nə kömək edə bildiksə, bildik...Ondan sonra onların sağ qalma ehtimalı çox azdır”

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarına yardım əlini uzatmaq üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməyə çalışır. Azərbaycan Könüllü Həkimlər Assosiasiyası da öz tərəfindən təşəbbüslə çıxış edib və qardaş-bacılarımıza yerindəcə yardım göstərmək üçün Türkiyəyə yollanmaq istəyi barədə rəsmi şəkildə müraciət edib.

Assosiasiyanın sədri Oqtay Mehdiyev Musavat.com-a müsahibəsində bu barədə ətraflı danışdı. Bu yerdə qeyd edək ki, Azərbaycan Könüllü Həkimlər Assosiasiyası Vətən müharibəsində könüllü iştirak edən həkimləri birləşdirən QHT-dir. Qurumun sədri Oqtay həkim Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında, Tədris-Cərrahiyyə Klinikasında işləyir. 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş peşəkar mütəxəssislər müharibədən sonra belə bir qurumda birləşməyə, Vətənə, millətə xidməti davam etdirməyə qərar veriblər. Türkiyədəki zəlzələ xəbərindən dərhal sonra da Türkiyənin Azərbaycandakı səfirliyində olublar, könüllü şəkildə zəlzələ bölgəsinə getmək istədiklərini bildiriblər. 44 nəfərlik heyət də təsadüfən seçilməyib.

Oqtay Mehdiyev:

- Biz hadisəni eşidən kimi Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdik. Bildirik ki, təbii fəlakət nəticəsində baş verən dağıntıların altında çoxsaylı insanlar qalıb, onların tibbi yardıma ehtiyacı var. Mən də bununla əlaqədar Azərbaycan Könüllü Həkimlər Assosiasiyası adından rəsmi şəkildə Türkiyə səfirliyinə məktub yolladım. Onlar da təşəbbüsü çox bəyəndilər və bildirdilər ki, sizə məlumat verəcəyik. Orda Koordinasiya Şurası var və açığı, bir sutkadır biz onlardan cavab gözləyirik. Amma 44 həkim dünəndən (6 fevral-E.P.) səfərbər olunub, “veş-meşok”umuza kimi hazırdır, gözləyirik ki, bizi yönləndirsinlər, gedək, qardaşlarımıza yardım edək. Bu gün səfirlikdən bizimlə dörd dəfə əlaqə saxlayıblar. Bildirdilər ki, Türkiyəyə məlumat verilib, təşəkkür ediblər. Həmçinin deyiblər ki, sizə əlavə məlumat veriləcək, o zaman heyətin gəlişi təmin olunacaq. Ancaq hələlik bir yenilik yoxdur.

- Doktor, təşkilatınızın nə qədər üzvü var?

- Bizim təşkilatda 500-dən çox həkim var. Bir kəlmə ilə qısa zamanda 100 nəfər də yığa bilərdik. Amma 44 nəfərlik heyəti hazır etdik ki, gedək orda xidmət göstərək.

- Zəfərimizi simvolizə edən rəqəmdir...

- Bəli, 44 rəqəmini seçməyimiz onunla əlaqədardır.

- Heyətinizdə əsasən, hansı sahələr üzrə mütəxəssislər var?

- Bütün ixtisaslar üzrə mütəxəssislər, ayrı-ayrı özəl və dövlət klinikalarında çalışan həkimlərdir. Bunlar hamısı Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləridir. Mən özüm Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında çalışıram, Tədris-Cərrahiyyə Klinikasında işləyirəm.

af3ad9b6-1bd3-4d51-afe7-a987c27a3845.jpg (131 KB)

- Zəlzələ bölgəsinə gedərkən dərman preparatları, tibbi avadanlıqlar aparacaqsınızmı?

- Biz bunu müzakirə etmişik və müəyyən qədər ehtiyat götürmüşük. Həmçinin Türkiyədəki bəzi ünvanlarla əlaqələrimiz var. Müəyyən dərman preparatlarına da ehtiyac duyulur, istəyirik ki, bizdə olanlardan əlavə, sayını çoxaldaq. Açığı, dünəndən elə bilirdik yola düşəcəyik, əlimiz nə düşdüsə, topladıq, günortadan hazır vəziyyətdə durmuşduq ki, çağıracaqlar, yola düşəcəyik. Bizə dünən günortadan demişdilər ki, hazır olun, gedəcəksiniz. Amma bu gün getmədik. Sabah vaxtımız olsa, biz yenidən dərman preparatlarının sayını artıracağıq. Amma təcili təxirəsalınmaz tibbi yardım üçün müəyyən qədər dərman preparatlarımız varımızdır. Bundan əlavə, bir maşın da isti paltar, geyim əşyaları, ədyallar, ərzaqdan ibarət yardım götürmüşük ki, yerində təqdim edək.

- Səhra məntəqələrinə, çadırlara da ehtiyac olacaq yəqin...

- Sizdən qabaq Türkiyə ilə danışdım. Tibbi çadır məsələsini də orda həll etmək istəyirik. Yəni maliyyə vəsaitini götürək və gedək orda alaq, əhaliyə xidmət göstərək. Əgər burdan ora daşımaq problemdirsə, elə gedib ordan almaq daha yaxşıdır. Ümumiyyətlə, əlimizdən gələni etməyə hazırıq. İnanırsınız, dünəndən kadrlara baxa bilmirəm. Qan təzyiqim bəlkə də 200-ə qalxıb. Belə məqamda hadisə yerində olmaq bizimçün daha rahatdır. Orda kiməsə yardım göstərmək adamı rahatladır ki, heç olmasa nə isə edə bildik. Tik-tokda paylaşırlar ki, “köməyə gəlin, yardım edin”, mənə elə gəlir ki, qonşu otaqdadır, mən oturmuşam, heç nə etmirəm.

3b6b2870-6750-4e99-8def-6c60c808a98c.jpg (109 KB)

- Oqtay həkim, zəlzələ dağıntıları altında qalan insanların ilk 72 saat ərzində həyatda qalması mümkün sayılır. Elə deyilmi?

- Bəli. Elə ona görə də biz çox narahatıq. Sabah axşama kimi nə kömək edə bildiksə, bildik...Ondan sonra onların sağ qalma ehtimalı çox azdır. Həm də hava şəraitinin çox soyuq olduğunu nəzərə alsaq, çətin olacaq. O saatlardan sonra ümidlərimiz azalır. Odur ki, biz ilk gündən ora getmək istəyirdik. İlk gündən hazır olduğumuzu səfirliyə bildib, siyahını göndərmişdik, onlar da Türkiyə Səhiyyə Nazirliyinə məruzə ediblər.

- Doktor, savaşdan sonra sizin başqa nə kimi fəaliyyətiniz olub? Bu barədə qısaca məlumat verə bilərsinizmi?

- Biz hal-hazırda QHT kimi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstəririk. Laçın-Xankəndi yolundakı dinc aksiya iştirakçıları üçün təşkil olunmuş tibb məntəqəsi də bizim QHT-yə aiddir. Bizim könüllü həkimlərimiz orda fəaliyyət göstərir, bu gün də orda nümayəndələrimiz var. Həmçinin biz mobil stomotoloji kabinetlər apararaq hərbi hissələrə gedirik, səngərlərdə əsgərlərimizin dişlərini müalicə edirik. Həmçinin Cəbrayıl, Qubadlı, Laçında öz hesabımıza, Könüllü Həkimlər Assossiasiyası olaraq məntəqələr açmışıq. Ora həkimlər ezam olunur, könüllü surətdə, hər şeyi özümüz alırıq, gedirik, xidmət göstəririk. İndi bu hadisələr bizim qardaşlarımızın başına gəlib, ona görə də özümüzə borc bildik ki, gedək Türkiyəyə, zəlzələ bölgəsindəki insanlara yardım edək.

37f19532-4e7e-492c-bf8c-f7b62845fc8f.jpg (139 KB)

Sonda əlavə edək ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü kimi müharibəyə yollanan Oqtay həkim əvvəlcə Gəncə Beynəlxalq Xəsatəxanasında cərrahiyyə əməliyyatları edib. Daha sonra könüllüləri Füzuli Diaqnostika Hospitalına dəvət edib və qeyri-rəsmi olaraq orada baş həkim kimi çalışıb. Gəncədəki dəhşətli dağıntılardan sonra paylaşılan fotoların da əksəriyyətini Oqtay doktor çəkib və yaralı uşaqların, digər mülki sakinlərin, erməni vandalizminin “əl işlərini” kamerianın yaddaşına köçürərərək “paylaşın, qoy bütün dünya erməni vandalizmini görsün” deyib.

21593f95-066c-4c45-85bc-db5a57b94e77.jpg (50 KB)

Belə vətənpərvər insandır Oqtay həkim. İndi də qardaş yardımına tələsir könüllülər ordusu ilə...

Allah yar və yardımçısı olsun şəfalı əllər sahiblərinin!

 

скачать dle 12.1
Xəbər lenti