Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçildi

25-11-2015, 17:04
0
Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçildi
Bu gün beşinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilir. İclasda parlamentin yeni sədri seçilib.
 
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, hakim Yeni Azərbaycan Partiyası parlamentin sədri vəzifəsinə yenidən deputat Oqtay Əsədovun namizədliyi irəli sürüb.
 
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib.
 
Sonra Milli Məclisin sədri vəzifəsinə gizli səsvermə keçirilib. Deputatlar Oqtay Əsədovu yenidən Milli Məclisin sədri vəzifəsinə seçiblər. 
 
Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib.
 
Milli Məclisin yeni tərkibinin sədri Oqtay Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
 
O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
 
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
 
İkinci və üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2005-cı il dekabrın 2-dən bəri parlamentin Sədri vəzifəsində çalışır.
 
2015-ci il noyabrın 1-də 45 saylı Abşeron seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 
 
Evlidir, 2 övladı var.
скачать dle 12.1
Xəbər lenti