Ermənistana qarşı iki qətnamə qəbul edilə bilər

14-01-2016, 16:49
0
Ermənistana qarşı iki qətnamə qəbul edilə bilər
Avropa Şurasının Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycanın təklifi ilə Ermənistanın işğalçılıq siyasətini pisləyən iki qətnamə müzakirəyə çıxarılacaq.
 
Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilir ki, 4 noyabr, 2015-ci il tarixində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər və Demokratiya Komitəsi "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənilir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi göstərilir.
 
Eyni zamanda, layihədə Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb. Siyasi məsələlər və Demokratiya Komitəsi ilə yanaşı AŞPA-nın Sosial məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 23 noyabr 2015-ci il tarixində "Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq, həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi "ekoloji təcavüz" kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir:
 
"Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaqdır".
скачать dle 12.1
Xəbər lenti