"Suriyanın ərazi bütövlüyü Azərbaycan üçün prinsipial məsələdir"

7-03-2016, 15:21
0
"Suriyanın ərazi bütövlüyü Azərbaycan üçün prinsipial məsələdir"
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bir daha rəsmi Bakının Suriya böhranına dair mövqeyinə və bir müddət əvvəl Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə Bəşər Əsədə dəstək kimi şərh edilən fikirlərinə aydınlıq gətirib.
 
Diplomat bu haqda ötən bazar günü axşam ANS telekanalına müsahibəsində danışıb.
 
“Azərbaycanın Suriyaya dair mövqeyi nə Rusiyanın, nə İranın mövqeyi ilə üst-üstə düşmür. Mən belə hesab etmirəm. Ümumiyyətlə, orada situasiya çox mürəkkəbdir, gərgindir və birmənalı deyil”-Araz Əzimov deyib.
 
Nazir müavinin sözlərinə görə, Suriya məsələsində Bakı bir neçə prinsipdən çıxış edir. Bunlardan birincisi Suriyanın  ərazi bütövlüyü prinsipidir. “Bu, Azərbaycan üçün mühüm məsələlərdən biridir. İkincisi, orada təhlükəsizliyi təmin etmək, daha sonra bütün tərəflərin iştirakı ilə siyasi proseslərə başlamaq lazımdır. İndiki şərtlərdə bu siyasi prosesi başlamaq mümkün deyil. Və buna görə də əldə edilmiş atəşkəsin davamlı olması çox vacibdir. Bizim üçün Suriyanın müttəfiqimiz Türkiyə ilə sərhədlərinin təhlükəsizliyi də çox mühümdür”-nazir müavini deyib.
 
Bəşər Əsədin məsələsinə gəldiksə isə A.Əzimov deyib ki, onun hakimiyyətdə qalması, yaxud getməsi məsələsini son vaxtlar çox sadələşdirirlər. “Bu məsələ həddən artıq sadə formada qoyulur. Belə olmamalıdır. Çünki baxın, əgər bir neçə il əvvəl Bəşər Əsədin gedəcəyini deyirdilərsə o hələ də hakimiyyətdədir. Bir tərəfdən o öz siyasi iradəsini nümayiş etdirir, digər tərəfdən rəhbər kimi iradəsini ortaya qoyur. Bu faktı nəzərə almaq lazımdır ki, Bəşər Əsəd hələ də qalır. Əsəd oradan getməyib. Situasiya belədir ki, onun gedişi Suriyadakı situasiyanı həll etmir. Bunu nəzərə almaq lazımdır”-Əzimov bildirib.
 
“Beləliklə, Əsədin arxalandığı qüvvələr var, onu dəstəkləyən ordu var. Demək olmaz ki, bütün ölkə ona qarşıdır. Onun dəstəyi var”-nazir müavini əlavə edib.
скачать dle 12.1
Xəbər lenti