İlqar Məmmədov həbsdən buraxılmadı; ReAl-dan bəyanat

29-04-2016, 23:09
0
İlqar Məmmədov həbsdən buraxılmadı; ReAl-dan bəyanat

Şəki Apelyasiya Məhkəməsi aprelin 29-da REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxış üzrə qərarını elan edib. Məhkəmə İlqar Məmmədovu azadlığa buraxmayıb.

Məhkəmə təkrar baxışı aprelin 22-də yekunlaşdıraraq müşavirəyə getmişdi. Ancaq qərarin elan edilməsini təxirə salmışdı. İlqar Məmmədovla Tofiq Yaqublunun vəkilləri onlara bəraət verilməsini tələb edirdilər.Məhkəmə aprelin 29-da verdiyi qərarla bu tələbləri əsaslı hesab etməyib.

İ. Məmmədovla T. Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ. Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

«Mən belə hal ilə heç vaxt rastlaşmamışam».

«Bu Avropa İnsan Haqları Məhkəməsinin qərarının əyalət məhkəməsi tərəfindən təftiş olunmasıdır».

Vəkil Fuad Ağayev bunu REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarını AzadlıqRadiosu-na dəyərləndirərkən deyib.

O qeyd edib ki, bu qərarı çox mənfi qəbul edir:

«Mən bu qərarı çox mənfi qəbul edirəm. Bu bir daha Azərbaycanda ədalət mühakiməsi anlayışının olmaması göstəricisidir. Bundan o yana yoxdur. Bu Avropa İnsan Haqları Məhkəməsinin qərarının əyalət məhkəməsi tərəfindən təftiş olunmasıdır. Mən belə hal ilə heç vaxt rastlaşmamışam».

REAL etiraz aksiyalarına başlaya bilər

«Bu qərar bir daha göstərdi ki, Azərbaycanın siyasi hakimiyyəti İlqar Məmmədovdan qorxur».

Bunu REAL hərəkatının sədr müavin Azər Qasımlıİlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarını  Azadlıq Radiosu-na dəyərləndirərkən deyib.

Onun deməsinə görə, yaxın günlərdə, hərəkat buna etiraz olaraq kütləvi aksiyalara başlaya bilər.

ReAL-dan bəyanat

Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı ReAl hərəkatı bəyanat verib. Bəyanatda deyilir.

İham Əliyev diktaturası saxta və Azərbaycan xalqı üçün təhqiredici məhkəmə oyununu davam etdirdi və İlqar Məmmədov azadlığa buraxılmadı.

Günah bu rejimlə yanaşı, bu diktaturanın Azərbaycanda bərqərar olmasının, sivil, sekulyar demokratik hərəkatın məhv edilməsinin birbaşa iştirakçısı olmuş, bu rejimi hər vasitə ilə qoruyan, bağlı qapı arxasında oyunlarda iştirak edən Qərb çevrələrindədir.

Azərbaycanda məhz Qərb institutlarının çətiri altında demokratiyaya, azad sözə, vətəndaş cəmiyyətinə, siyasi opponentlərə qarşı həyata keçirilən repressiyalar zamanı bu diktatura rejiminin başında duranlarla yanaşı, repressiyalarda iştirak edənlərə qarşı artıq çoxdan ən sərt sanksiyalar tətbiq etməli idi.

Lakin Qərb bütün çağırışlara göz yumaraq, bəyan etdiyi dəyərlərinə xəyanət edərək əksinə Əliyev diktaturasının möhkəmləndirilməsi, rejimin simasının ağardılması üçün əlindən gələni əsirgəmədi.

Yaranmış şəraitdə REAL həm Bakıda, həm də xaricdə siyasi məhbuslara azadlıq və rejimə qarşı sanksiyalar tələbi ilə dinc etiraz aksiyalarının keçirilməsini gündəmə gətirir. REAL bütün təəssübkeşlərinin, Azərbaycanda azad və ədalətli cəmiyyət arzusunda olanların, dəyərləri gözardı etməyən beynəlxalq təşkilatların bu prosesdə fəal iştirakına, dəstəyinə ümid edir.

скачать dle 12.1
Xəbər lenti