Heydər Əliyev Qarabağ düyününü aça bilərdisə…

10-05-2016, 12:54
0
Heydər Əliyev Qarabağ düyününü aça bilərdisə…

23 illik Əliyevlər dönəmində niyə bir qarış torpaq işğaldan azad edilmədi?

Ötən gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.  Tədbirdə çıxış edən ölkə başçısı Ilham Əliyev Qarabağ münaqişəsindən söhbət açıb, 90-cı illərin qarasına danışıb və ölkədəki “dinamik inkişaf”ı xatırladıb. Ölkə başçısı bildirib ki, 90-cı illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı torpaqlar işğal edilməzdi, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.

Əvvəla, qeyd edək ki, Ilham Əliyev münaqişənin süni şəkildə ortaya atılmış təxribat olduğunu bildirsə də, bu təxribatı kimlərin törətdiyini söyləyə bilməyib. Azərbaycan cəmiyyəti də, beynəlxalq aləm də bilir ki, Azərbaycanın bütün faciələrinin səbəbkarı Rusiya olub və Qarabağ münaqişəsini dalana dirəyən, erməniyə birmənalı dəstək verən də Rusiyadır. Amma Ilham Əliyev həqiqətləri dilə gətirməyə cəsarət etməyib və ümumi sözlərə üstünlük verib. Bəli, Ilham Əliyev bir tərəfdən Ermənistan hökumətini təxribatçı, terrorçu, qatil adlandırır, o biri tərəfdən ermənilərin xahişi ilə atəşkəs qərarı verdiyini açıqlayır.

Ikincisi, Ilham Əliyevin 90-cı illərdəki iqtisadi-siyasi böhrandan danışmağa haqqı yoxdur. Çünki, Ilham Əliyevin nazirləri cinayətkar, korrupsioner çıxıb, ölkədən yüz milyardlarla neft pulu oğurlanıb, ölkə vətəndaşı bankların girovuna çevrilib, intiharlar adi hal alıb, təhsil, səhiyyə, hüquq sistemi məhv edilib, cəmiyyətdə hökumətin kadrlarına dərin nifrət var və ölkə xarici ianələrdən asılı vəziyyətdədir. 90-cı illərdə Azərbaycanda adambaşına düşən xarici borc 9 dollar idi, indi isə adambaşına düşən xarici borc 750 dollardı. Təkcə Hesablama Palatasının hesabatına nəzər salmaq kifayət edir ki, dövlətin bütün strukturlarının çirkaba bulaşdığı aydın görünsün.

Üçüncüsü, Ilham Əliyevin nəzərinə çatdırmaq istəyirik ki,  Azərbaycanın 6 rayonu Heydər Əliyevin hakimiyyəti dövründə işğal edilib və şükrlər olsun ki, bu faktları danmaq mümkün deyil. Cəbhə hakimiyyəti dövründə 33 könüllü batalyon  fəaliyyət göstərirdi ki, Heydər Əliyev bu batalyonları ləğv etdi. Heydər Əliyev hakimiyyəti dövründə 1 qarış torpaq işğaldan azad edilmədi.

Ilham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində də uğursuzluq zolağı davam etdi. 23 ildə bir qarış torpağı işğaldan azad edə bilməyən hökumət, bir illik hakimiyyəti hansı haqla ittiham edir?

Yaxşı ki, bir illik cəbhə hakimiyyəti dövründə rus qoşunları Azərbaycandan çıxarıldı, yoxsa 23 illik YAP hakimiyyəti dövründə milli ordu ruslardan ibarət olacaqdı. Bəli, YAP hakimiyyətinin səcdə etdiyi Rusiyaya, cəbhə hakimiyyəti qapını göstərdi.

Cəbhə hakimiyyəti dövründə məhdud maliyyə və dağınıq ordu ilə işğal edilmiş ərazinin əsas hissəsi geri qaytarılmışdı. YAP hakimiyyəti isə torpaqları qurban verdi və uzun müddətli atəşkəs müqaviləsi bağladı.

Və 24 ildən sonra atəşkəs yenidən pozulur, 100-dən artıq hərbçimiz həlak olur, 300-ə yaxın ev dağıdılır və hökumət ermənilərin xahişini nəzərə alıb atəşkəsi yenidən bərpa edir. Amma sonradan məlum olur ki, bu atəşkəs Azərbaycan tərəfə aiddir, ermənilər isə atəş açmağa davam edirlər.

Bir sözlə, 6 rayonun kimin dövründə işğal edilməsi də, Primakovun adını qatillər siyahısından kimin çıxardığı da, Xocalı soyqırımını, 20 yanvar faciəsini, Qarabağın işğalını həyata keçirən Rusiyaya kimin təzim etməsi də hamıya bəllidir.

Onu da qeyd edək ki, Qarabağ məsləsindəki yaranmış düyün, “status-kvo” məsələsi Heydər Əliyev hakimiyyətindən miras qalıb.

Əgər bu 23 ildə ölkədə milli hökumət olsaydı, Qarabağ münaqişəsi həll edilmişdi və dövlətin büdcəsi yüz milyardlarla ölçülürdü.

скачать dle 12.1
Xəbər lenti