“Hökumətin hörmətsizliyinə haqq qazandırıla bilməz”

8-06-2016, 18:46
0
“Hökumətin hörmətsizliyinə haqq qazandırıla bilməz”

“Bir hakimiyyət ki, insanın özünə dəyər vermir, mənəvi deqradasiya üçün hər şeyi edir, ondan tarixi irsə hörmət də gözlənilməz”

Bakının mərkəzində yerləşən qədim məhəllələrdən biri – “Sovetski” artıq tarixə qovuşur. Nazirlər Kabinetinin qərarı ilə ərazidə yerləşən tarixi abidələrin də sökülməsinə qərar verilib. Ancaq ictimai rəy buna qarşıdır və bu hadisə Bakının tarixinin silinməsinə cəhd kimi qəbul edilir. Hökumətin qərarını pisləyənlərdən biri də AXCP sədri Əli Kərimlidir. Meydan TV bu məsələ ilə bağlı onun fikirlərini öyrənib.

– Yəqin ki, hökumət rəsmilərinin tarixi binaların sökülməsi ilə bağlı fikirləri ilə tanışsınız?

– Bəli, hökumətin mövqeyi ilə tanışam. Amma bu vəziyyətdə hökumət öz barbar hərəkətinə necə haqq qazandıra bilər ki? Bakının əhəmiyyətli tarixi irsi silinir yer üzündən. Əlbəttə, keçmiş “Sovetski” məhəlləsində sökülməli evlər çox idi. Həmin evlər sahiblərindən bazar qiymətlərilə alınıb, sonra sökülməli idi. Yerində isə şəhərin Baş Planına uyğun olaraq abad və tarixi memarlıq stilinə uyğun binalar tikilə bilərdi. Amma bütün bu işlərin rəsmən tarixi memarlıq abidəsi hesab edilmiş 70-dən artıq binanın sökülməsinə nə dəxli var? Həmin tarixi binalar qorunmalı idi. Hökumətin Bakının tarixi irsinə bu hörmətsizliyinə heç kim və heç vaxt haqq qazandıra bilməz. Lakin hökumətin bu münasibətindən mən təəccüblənmirəm də. Bir hakimiyyət ki, insanın özünə dəyər vermir, onun fundamental hüquqlarını hər gün ayaqlayır, ölkədə mənəvi deqradasiya, dəyərlərin aşınması üçün hər şeyi edir, ondan tarixi irsə hörmət də gözlənilməz.

– Necə düşünsürsünüz, onların dediklərində arqument varmı?

– Xeyr, mən onların dediklərində ağlabatan və inandırıcı arqument görmürəm.

– Əli bəy, sualımızı bir az da konkretləşdirək. Nazir Əbülfəs Qarayev deyib ki, yalnız Bakıda deyil, bütün dünyada yol hərəkətinin, şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi, ümumiyyətlə, şəhərin abadlaşdırılması prosesində müxtəlif ziddiyyətlər olub və bundan sonra da olacaq, bununla barışmalıyıq. Bu fikri əsaslı sayırsınızmı?

– Əbülfəs Qarayev müzakirə mövzusunu təhrif edir axı. Başqa tarixi şəhərlərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi və s. vacib səbəblərdən hansısa tarixi abidə ilə bağlı problem yaranırsa, əvvəla çalışılır ki, həmin tarixi abidədən yan keçməklə nəqliyyat sistemi təkmilləşdirilsin. Siz internetdən yüzlərlə şəkillər tapa bilərsiniz ki, tarixi binaları qorumaq üçün nəqliyyat sistemi necə “güzəştə gedib”. İkincisi, artıq çoxdandır ki, dünyada tarixi binaların sürüşdürülməsi texnologiyasından istifadə olunur. Bakıda da bir bina bu texnologiya ilə sürüşdürülüb. Üçüncüsü, digət tarixi şəhərlərdə belə hallar meydana gələndə və yuxarıda qeyd etdiyim üsullar mümkün olmayanda, ictimai müzakirələr açılır. Hər bir epizod üzrə söhbəti gedən tarixi binanın əhəmiyyətini və həmin “nəqliyyat təkmilləşməsi”nin faydasını ictimai fikir öz “tərəzisində çəkir” və uyğun qərarı verir.

“Sovetski”də baş verənlər isə tamam başqa bir şeydir. Burada hökumət məmurları şəxsi fayda və şöhrətpərəstlik motivlərilə şəhərin əhəmiyyətli bir hissəsini ağına-bozuna baxmadan, tarixi memarlıq əhəmiyyətinə fikir vermədən ucdantutma sökürlər.

– Nazir həm də bildirib ki, dövlətin 2001-ci ildə tərtib etdiyi siyahıya bəzi binalar çox tələsik, düşünülməmiş şəkildə daxil edilib və bəziləri həmin dövrdə, ümumiyyətlə, mövcud olmayıb. Sual birbaşa sizə aid olmasa da, istərdik cavab verəsiniz. Bütün hallarda məsuliyyət kimin üzərindədir?

– Çox diletant yanaşmadır. 2001-ci ildə biz idik hakimiyyətdə? Yoxsa peşman olublar ki, o zaman kifayət qədər “uzaqgörən” ola bilməyiblər, gələcəkdə sökəcəkləri binaları tarixi əhəmiyyəti olmayan kimi rəsmiləşdirməyiblər?

– AXC hakimiyyəti dövründə “Sovetski” məsələsi gündəmə gəlmişdimi?

– Məncə, AXC dövründə “Sovetski” məsələsi gündəmdə olmayıb.

– Bu məslənin həlli üçün hansı təklifləriniz var, nə etmək lazımdır ki, tarixi binalarımızı gələcək nəsillərə apara bilək?

– Mən ümumiyyətlə, velosipedi yenidən icad etməyin tərəfdarı deyiləm. Dünyada tarixi mədəni sərvətlərinə hörmətlə yanaşan dövlətlərdə tarixi abidələri qorumaq üçün artıq ciddi mexanizm formalaşıb. Əvvəlki sualınıza cavab verərkən mədəni dünyada bu işlərin necə görüldüyündən danışmışam. Biz də o yolla getməliyik. Amma çox təəssüf ki, xarici işğallardan belə salamat qurtulmuş, qiymətli tarixi irsimizin əhəmiyyətli hissəsini bu gün sülalə hakimiyyəti dövründə itiririk. Sizə isə mövzunu diqqətdə saxladığınız üçün təşəkkür edirəm.

 

скачать dle 12.1
Xəbər lenti