Müxalifəti güdən hökumət

3-09-2016, 15:35
0
Müxalifəti güdən hökumət

Rəqibləri izləmək yarıtmaz siyasətin izini itirə bilməz

Ötən yazımızda “sındırılmış adam”ın rüsvayçı yazısına münasibət bildirmişdik. Ağalarından sifariş alan bu “jurnalist” Milli Şuranın mitinq qərarını “sabitliyi pozmaq” kimi təqdim etmişdi. Əlbəttə, konstitusion hüquqdan yararlanmağın “sabitliyin pozulması” kimi təqdim olunması hökumətin mahiyyətini, bu “müəllif”in kimliyini ortaya çıxarır.

Amma “sındırılmış adam”ın məqaləsində bir məqam da yer alıb. Həmin məqam isə, müxalifət liderləri ilə xarici ölkə səfirlərinin görüş vaxtlarının dəqiqliklə yazılmasıdır.  Bəli, “müəllif” AXCP sədri Əli Kərimlinin ABŞ və Britaniya səfirləri ilə, Avropa Birliyinin səfiri ilə görüşünün vaxtını dəqiqəsinə qədər yazıb. Hətta bununla da kifayətlənməyib. “NIDA”-çıların, REAL-çıların, Müsavatçıların, jurnalist Xədicə Ismayılın səfirliyə giriş-çıxış vaxtlarını da dəqiqəsinə qədər yazıb.

Bütün bunlar təsdiqləyir ki, adı çəkilən adamlar hər an təqib olunur. Hökumət bu adamların bütün fəaliyyətini dəqiqliklə izləyir. Bu həm də onu deməyə əsas verir ki, bu adamlara qarşı hər hansı təxribat baş verərsə, bunun arxasında hökumətin dayandığı birmənalı olacaq.

Bəli, “müəllif” Əli Kərimlini, Cəmil Həsənlini, Xədicə Ismayılı və digərlərini izləmir ki, onların hansı saatda hansı məkanda olduğunu bilsin. Bu məlumatları aidiyyəti orqanlar “müəllif”ə ötürüb.

Bu həm də hökumətin nə qədər cılız, qorxaq, pisniyyət olmasının göstəricisidir. Ölkədə hüquqsuzluq meydan sulayır, korrupsuya at oynadır, saxtakarlıq rəqs edir, amma hüquq mühafizə orqanları “iz”ə düşə bilmir. Müxalifətçilərin isə nə vaxt yemək yediyini, nə vaxt çay içdiyini də izləyirlər.

Normal hökumətlər başa düşür ki, səfirlər müxalifət liderləri ilə, vətəndaş cəmiyyəti ilə görüşməlidir və bu normal haldır. Əksinə, normal hökumətlər bunun üçün şərait yaradır, narahatlığını büruzə vermir.

Azərbaycan hökuməti isə o qədər özünü itirib ki, müxalifətlə görüşdüyünə görə ABŞ, Britaniya, Avropa Birliyi səfirlərini hədəf seçib, bunu “sabitliyin pozulmasına töhfə vermək” kimi qiymətləndirib.

Bu zehniyyətlə nə ölkəni böhrandan çıxarmaq, nə də xarici siyasətdə uğur qazanmaq mümkündür. Məhz bu rüsvayçı siyasətin nəticəsidir ki, zəngin bir ölkə səfil vəziyyətə düşüb, 20 faiz torpağımız işğaldadır və Azərbaycan “qeyri-azad ölkələr” sırasındadır.

Dünyada gedən prosesləri, islahat proqramlarını izləmək əvəzinə, dövlətini və xalqını sevən adamları izləyirlər.  Yeganə məqsədləri, yarıtmazlığın, talançılığın, saxtakarlığın izini itirməkdir. Amma bu mümkün olmayacaq. Çünki, ölkənin hər yerində, insanların həyatında bu rejimin “ayaq izi” var.

 

скачать dle 12.1
Xəbər lenti