Cavid Qurbanovla Ziya Məmmədov arasında savaş başladı

13-10-2016, 21:27
0
Cavid Qurbanovla Ziya Məmmədov arasında savaş başladı

Baş dəmiryolçu nəqliyyat nazirininyaxın adamını sərt tənqid etdi

“Mən əvvəllər də “Azərbaycan Dəmir Yolları” QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum”. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “APA-Economics”ə müsahibəsində bildirib.

QSC sədrinin sözlərinə görə, həmin vaxt lokomotiv parkı yox dərəcəsində olub: “10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”.

Cavid Qurbanov digər nöqsanlara da toxunub: “Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun “vilka”sı da bərbad gündə idi və “vilka” ilə “razetka” bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır”.

O əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”.

Cavid Qurbanovdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov olub. Arif Əsgərov hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavinidir. O, Ziya Məmmədova yaxın şəxs kimi tanınır.

Cavid Qurbanovun bu tənqidləri də ona və dolayısı ilə Ziya Məmmədova yönəlib.

“Azadlıq”a daxil olan məlumata görə, hazırda bu Cavid Qurbanovla Ziya Məmmədovun münasibətləri ürəkaçan deyil. İddia olunur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan az sonra mətbuata verdiyi açıqlamalar Ziya Məmmədovu hiddətləndirib. Cavid Qurbanov həmin açıqlamaları da “Azərbaycan Dəmir Yolları” QSC-dəki nöqsanlarla bağlı olub. O, həmçinin qurumda kompleks yoxlamalar başlayıb. O, yoxlamaların nəticəsini “yuxarılar”a təqdim edib.

Bundan sonra Ziya Məmmədovun göstərişilə Cavid Qurbanovun “Azəryolservis” ASC-nin rəhbəri olduğu dövrlə bağlı araşdırmalara başlanılıb və baş dəmiryolçu barədə kompromat məqalə hazırlanıb. Həmin məqalə Ziya Məmmədova yaxın saytlara ötürülməliymiş. Lakin hansısa səbəbdən Ziya Məmmədov son anda qərarını dəyişib.

Cavid Qurbanov yenidən Arif Əsgərov və Ziya Məmmədovu çətin vəziyyətə salan fikirlər səsləndirib. Ehtimal olunur ki, qarşı tərəf buna cavab verəcək və tərəflər arasındakı ziddiyyətlər daha kəskin xarakter alacaq.

скачать dle 12.1
Xəbər lenti