Hakimlərin özündən başqa hər kəs onların yerinə utanır

25-11-2016, 17:33
0
Hakimlərin özündən başqa hər kəs onların yerinə utanır

Milli Şuranın sədri, professor Cəmil Həsənli facebook səhifəsində NİDA fəalı Bayram Məmmədovun məhkəməsində baş verənlərdən yazıb. Yazını təqdim edirik:

“Noyabrın 24-də NİDA fəalı, heykəl məhbusu Bayram Məmmədovun məhkəməsinə getmişdim. O, Qiyasla birlikdə hər il mayın 10-da keçirilən Gül bayramına etiraz olaraq Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” sözlərini yazmışdı. Heykələ bu sözləri yazdıqdan sonra gənclər həbs edilmiş və hər ikisindən, eyni zamanda onların evlərində polis narkotik maddə “çıxarmışdı”. Nədənsə heykəlin postamentinə “Qul bayramınız mübarək” sözlərini yazdıqdan sonra bu gənclərin hər ikisindən eyni göndə narkotika tapıldı. İstintaq bunu əməliyyat məlumatının daxil olması ilə izah edir.

Olmazdı ki, bu əməliyyat məlumatı heykəl yazısından əvvəl daxil olsun. Necə olur ki, məhz heykəl yazısından dərhal sonra narkotikanın rəngini belə tanımayan bu gənclərdən narkotika çıxsın. Son vaxtlar bu ittiham o qədər geniş xarakter alıb ki, indi zarafatla ona “ümummilli ittiham” deyirlər. Qiyas kimi Bayrama da polis idarəsində görünməmiş işgəncə veriblər. Bayram vəkilə verdiyi yazılı ifadəsində deyir: “10 may 2016-cı il, saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs ağ rəngli “Jip” modelli avtomobilə məni zorla basaraq, 12-ci polis bölməsinə gətirdilər. Məni rəisin otağına gətirdilər. Otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələriylə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim. Huşumu itirdiyimdəm forması və markasını xatırlamadığım avtomobildə məni BŞPİ-də gətirdilər. Orda yenidən məni döyməyə başladılar ki, mənə qarşı irəli sürülən narkotik ittihamını etiraf edim. Belə bir şeyin olmadığını, indiyə qədər narkotik maddə görmədiyimi deyəndə, məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib, daha şiddətlə döyməyə başladılar ki, saxta narkotik ittihamını etiraf edim.

Onlar məni hər döyəndə söyürdü. Şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Və onların tələb etdiyi məzmunda izahat-ifadə verdim. Sonra məni generalın yanına aparıb “əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsan, heykəldən üzr istəsən, səni buraxacağıq” dedilər. Məhkəmədə Qəribə bir mənzərə yaranıb. Hakim heyəti də, dövlət ittihamçısı da, vəkil və təqsirləndirilən şəxs də, hətta məhkəməni müşahidə etməyə gələn hər kəs çox yaxşı bilir ki, Bayramı Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” sözlərini yazdığına görə tutublar. Amma onu narkotika ittihamı ilə mühakimə edirlər. Yəqin ki, Qiyas kimi onu da 10 il azadlıqdan məhrum edəcəklər. Çünki onların “narkotikası” həm tüstüsünə, həm də keyfiyyətinə görə eyni sahədəndir. Adicə xəbərdarlıqla, iki həftə, ən çoxu bir ay inzibatı həbslə həll edilməli olan bir məsələni 10 il azadlıqdan məhrum etmə səviyyəsinə qaldırmaqla Azərbaycan hüquq sistemi çox urvatsız bir vəziyyətə salınır. Belə rüsvayçı hadisələr məhkəmələri utanc yerinə çevirir. Amma, möhtərəm hakimlərdən başqa hər kəs onların yerinə utanır. Axı, indi əsl “absurd teatrı” bizim məhkəmələrdə göstərilir. Bu baxımdan Hollivud ulduzları bizim hakimlərə həsəd apara bilərlər. Kimini layk, kimini də heykəl üstündə tuta bilmək hakimdən böyük artistlik məharəti tələb edir.

скачать dle 12.1
Xəbər lenti