“Freedom House” həm haqlı, həm də haqsızdır

17-01-2018, 19:49
4 332
“Freedom House” həm haqlı, həm də haqsızdır

Nəsimi Məmmədli

Beynəlxalq hüquq təşkilatı “Freedom House” ölkələr üzrə “Azadlığın vəziyyəti haqqında” növbəti hesabatını yayıb. Hesabatda təhlil edilmiş ölkələrdən 88-i “azad”, 58-i “qismən azad”, 49-u isə “azad olmayan” kateqoriyasındadır. Azərbaycan 12 balla “azad olmayan” dövlətlər sırasında göstərilib. Eyni zamanda Ermənistan və mübahisəli ərazilər olaraq “Dağlıq Qarabağ” 45 balla “qismən azad” dövlətlər siyahısında yer alıb. Ermənistan bu göstəricilərinə görə hətta Rusiyanı da qabaqlayıb. Bu hesabatı obyektiv saymaq olarmı?

Öncə qeyd edim ki, “azad olmayan” ölkələrin hakimiyyətlərindən başqa dünyada hər kəs “Freedom House”u kifayət qədər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatı kimi qəbul edir. O, hər bir ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır və yayır. Onun hesabatları yalnız siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunmur, həm də demək olar ki qərbin bütün dövlətləri bu hesabatları ciddi sayır və ona uyğyn siyasi öncəliklərini müəyyən edir. Hətta BMT-nin hesabatlarında da bu qurumun sənədlərinə istinad olunur.

Ölkəmizdə insan hüquq və azadlıqlarının real durumu ilə bağlı aparılan ən səthi monitorinqlər də təsdiq edər ki, “Freedom House” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir. Avropa Şurasının müəyyən etdiyi kriteriyalarla yanaşsaq ölkəmizdə 150-dən çox siyasi məhbus var. Ümumiyyətlə qanunsuz həbslərin, saxlanmaların, işgəncələrin sayına görə ölkəmiz Avropada liderlik edir. Ölkəmizdə demokratik seçki keçirilmir, müxalif siyasi partiyaların sərbəst fəaliyyəti qeyri-rəsmi qadağan edilib, söz azadlığı boğulub, birləşmə hüququ, ifadə azadlığı və digər azadlıqlar yox səviyyəsindədir. Belə bir mühitdə biz bu hesabatın ölkəmizlə bağlı hissəsini necə obyektiv hesab etməyək?

Bəzən mənə elə gəlir, hansısa “qüdrətli əl” qəsdən ölkəmizdə elə durum yaradıb ki beynəlxalq arenada Ermənistan və “Dağlıq Qarabağ” Azərbaycandan daha azad görünsün. Sanki bu istiqamətdə məqsədyönlü bir siyasət aparılır ki Azərbaycanın beynəlxalq imici daha da aşağı ensin. Bu, olduqca düşündürücü və qorxulu senariyə bənzəyir.

Ermənistanın daxili azadlıq reytinqini bizim buradan qiymətləndirməyimiz subyektiv olar. Onu Ermənistanın müstəqil və müxalifət qurumlarının qiymətləndirməsi daha obyektiv görünər. Kənar müşahidələr göstərir ki həqiqətən də Ermənistanda hüquq və azadlıqlarla bağlı problemlər tədricən yoluna qoyulur. Ciddi hüquqi-siyasi islahatlar aparılır, Avropa Birliyinə doğru inteqrasiya meylləri intensivləşib, müxalifətə və mediaya qarşı total repressiyalar görünmür. Əgər biz kənardan qiymətləndirici meyar kimi Ermənistanın və Rusiyanın azad mətbuatına və müxalifətin bəyanatlarına istinad etsək, o zaman “Freedom House”un qiymətləndirməsi ilə razılaşmaq olar. Bu baxımdan Ermənistanda hüquq və azadlıqların durumunun Rusiyadan daha yaxşı olduğu qənaəti yaranır.

Hesabatın “Dağlıq Qarabağ”la bağlı hissəsində qondarma rejimin orada yaşayan yerli əhaliyə münasibətini də obyektiv şərh edə bilmərəm. Çünki bu barədə dəqiq bilgilərim yoxdur. Ancaq hesabatda Azərbaycan ərazisinin mübahisəli ərazi kimi ifadə edilməsi beynəlxalq hüququn pozulmasıdır. Bunu ölkəmizə qarşı ədalətsiz hesab edir və şiddətlə qınayıram.

 

скачать dle 12.1
Xəbər lenti