Beynəlxalq təşkilat Fəxrəddin Mehdiyevin vəkilliyə bərpa olunmasına çağırır

24-03-2018, 13:59
3 985
Beynəlxalq təşkilat Fəxrəddin Mehdiyevin vəkilliyə bərpa olunmasına çağırır

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasına müraciət edib.

Kollegiyadan Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin dayandırılması qərarının ləğv edilməsi istənilir.

Bu haqda IBAHRI-nin bu gün, martın 22-də yayılan açıqlamasında bildirilir.

IBAHRI-nin direktoru Phillip Tahmindjis Vəkillər Kollegiyasının bəzi vəkillərin lisenziyasını dayandırmasını tənqid edib.

«Vəkillərin öz müştəriləri ilə bağlı qərar vermələri Vəkillər Kollegiyasının roluna aid məsələ deyil. Əksinə, Vəkillər Kollegiyası vəkillərin müstəqilliklərinin qorunmasına yardımçı olmalıdır», – o vurğulayıb.

IBAHRI-nin həmsədri Hans Corell isə son zamanlar Azərbaycanda vəkillik sahəsində aparılan qanunvericilik dəyişikliklərinə toxunub. H.Corell-in fikrincə, qanunvericiliyə dəyişikliklər və bəzi vəkillərin lisenziyasının alınması insan haqlarının pozulmasının qurbanlarının hüquqi təmsilçiliyini çətinləşdirir.

H.Corell vurğulayıb ki, hüquqşünaslar öz vəzifələrini yerinə yetirərkən maneələrə, təqiblərə və müdaxilələrə məruz qalmamalıdırlar.

F.Mehdiyevin vəkillik fəaliyyəti bu il yanvarın 22-də dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, F.Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

F.Mehdiyev haqqında qərar verilən toplantıda onun özü iştirak etməyib.

F.Mehdiyevin «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsini yaymağa görə cəzalandırıldığı bildirilir.

«Məni Cahangir Hacıyevin açıqlamasını mətbuata verməkdə ittiham edirlər. Halbuki, bu əməldə heç bir qanunsuzluq yoxdur. Hüquqlarımı müdafiə etdiyim şəxsin ünvanına ittihamlar, təhqiramiz ifadələr səsləndirilib, onun da cavab vermək, özünü müdafiə etmək haqqı var. Qanunun imkan verdiyi üsullardan istifadə edərək, onu müdafiə etmək vəkil kimi mənim borcumdur», – F.Mehdiyev bildirib.

F.Mehdiyev C.Hacıyevlə yanaşı, həm də bir sıra ictimai-siyasi fəalların, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və həmin partiyanın sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun da vəkilidir.

скачать dle 12.1
Xəbər lenti