İlqar Məmmədov polisdən qayıtdı

22-05-2019, 18:17
16 704
İlqar Məmmədov polisdən qayıtdı

«İctimai təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nurullah Məmmədxanlı ilə görüşdüm». Bunu Bakı Şəhər Baş Polis İdarəsindən qayıdan ReAl Partiyasının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, söhbət 28 Mayla bağlı müəyyən məsələlərdən gedib:

«Bilirsiniz ki, bizim Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqəli ənənəvi olaraq Cümhuriyyət abidəsinin önünə gül qoymaqla bağlı qərarımız var. Bununla bağlı müəyyən məsələlər var və bunlar mənim nəzərimə çatdırıldı. İndi bundan sonra biz İdarə Heyətində iclas keçirməliyik və ictimaiyyətə əlavə açıqlama verəcəyik».

Jurnalistin «gül qoyma mərasimi olacaqmı» sualına İ.Məmmədov belə cavab verib: «Bu, şəxsən təkcə mənə aid qərar deyil, İdarə Heyətində verməliyik. O qərar veriləndən sonra ictimaiyyətə əlavə açıqlama veriləcək».

ReAl Partiyasının sədri polisə çağrılıb

Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov mayın 23-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, saat 14:00-da idarədə olmalıdır.

Bu barədə partiyanın icra katibi Natiq Cəfərli bildirib. N.Cəfərli deyib ki, İ.Məmmədovun şəhər polis idarəsinə çağrılması partiyanın mayın 28-də İstiqlaliyyət küçəsində 1918-20-ci illər Xalq Cümhuriyyəti abidəsi önünə əklil qoymaq istəmələri ilə bağlı ola bilər: «Bu, adi prosedurdur. Hər il ora əklil qoyuruq. Partiya sədrinin çağırılması ilə bağlı ancaq bunu ehtimal edə bilirəm. Başqa hər hansı səbəb görmürəm».

Məsələyə, hələlik, şəhər polisi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci il mayın 28-də ReAL Partiyasının üzvləri və bəzi başqa fəallar Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmamış yürüş keçirmişdilər. Bundan bir gün sonra partiyanın bəzi funksionerləri polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə inzibati qaydada həbs olunmuşdular.

1918-1920-ci ildə mövcud olan Xalq Cümhuriyyəti Rusiyanın silahlı müdaxiləsi ilə süqut edilib. 1991-ci ildə yaradılan Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.

скачать dle 12.1
Xəbər lenti