Bloqqerə qarşı indi də nazir özü iddia qaldırıb

10-06-2019, 16:51
17 587
Bloqqerə qarşı indi də nazir özü iddia qaldırıb

Səhiyyə Nazirliyinin bu qurumun qarşısında təkbaşına aksiya keçirib, xəstəxanalarda rüşvətə etiraz edən bloqer Teymur Kərimova qarşı iddia ərizəsinə baxılmayacaq. İyunun 10-da Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov bu barədə qərar çıxarıb.

Bloqerin cinayət məsuliyyətinə cəlb olunmasını, CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edən Səhiyyə Nazirliyi hüquqi şəxs olduğuna görə onun iddiasına baxılması mümkün sayılmayıb. Ali Məhkəmənin qərarı var ki, böhtana, təhqirə görə məhkəmədə fiziki şəxslər iddia qaldıra bilər.

Məhkəmənin hazırlıq iclasında T.Kərimovun vəkilləri də Ali Məhkəmənin qərarını əsas gətirib, nazirliyin iddiasının icraata götürülməməsini istəmişdi.

Nazir özü iddia qaldırıb

Məhkəmə qərarı elan olunan ərəfədə məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev özü də ayrıca məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Nazir T.Kərimovun CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın ən yuxarı həddində cəzalandırılmasını istəyir.

O.Şirəliyev iddia ərizəsində yazır ki, bloqer nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə suçlayıb: ««Yarıtmaz səhiyyə» ifadəsindən istifadə edərək, Azərbaycan səhiyyəsinin dünya ölkələri arasında sıfırıncı vəziyyətdə olduğunu, mənim araqdan içərək yatdığımı, həkimləri diləndirdiyimi, tibb bacılarının pul üstündə bir-biri ilə dalaşdığını, səhiyyə sistemində korrupsiyanın tüğyan etdiyini, Səhiyyə Nazirliyi üçün insan həyatının önəmi olmadığını, qanın 95 manata satıldığını və bütün bunları mənim yaratdığımı deyib. Bundan başqa, Səhiyyə Nazirliyinə işarə edərək, «bunlar insan qətlinə fərman verənlərdir» deyib».

Nazirin şikayətinə iyunun 14-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev baxacaq.

Bloqerin anası vəfat edib

T.Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, onkoloji xəstə olan anasına xəstəxanada lazım olan dərmanlar, reaktivlərin verilmədiyini, rüşvət tələb olunduğunu iddia edib.

«Artıq pulum qurtarmışdı, dərmanları ala bilmirdim. 500 manat pul lazım idi. Ona Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarmaqla etiraz elədim», – T.Kərimov belə deyib.

Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olduğunu bildirir.

T.Kərimovun anası Səhiyyə Nazirliyinin iddiası əsasında ona qarşı məhkəmənin hazırlıq iclasının keçirildiyi gün – iyunun 7-də dünyasını dəyişib.

CM-in 147.2 maddəsində cəzanın yuxarı həddi 3 ilə qədər, 148-ci maddəsində isə 1 ilə qədər həbsdir.

 

скачать dle 12.1
Xəbər lenti