Rüfət Səfərov: “Peşman deyiləm”

20-06-2019, 20:39
87
Rüfət Səfərov: “Peşman deyiləm”

Rüfət Səfərov

Məhəmməd Peyğəmbər salavatullah gözəl bir kəlam söyləmiş: “Həqiqəti deməklə həlak olacagınızı bilsəniz belə, həqiqəti deyin, çünki qurtuluş ondadır. Xilas yolunu yalanda görsəniz belə, çəkinin yalandan, çünki həlak olmaq yalandadır.” Bu müddəanın qulu olub da hər nə qədər çətin olsa belə həqiqəti deməkdən çəkinməyəcəm:

Məlum məktubu paylaşdıqdan sonra əksəriyyət məni anlayıb təqdir etdisə də qınayanlar da oldu. Şübhəsiz, cahil deyiləm ki, hər bir kəsin dəstəyini umub, mümkün olmayan bir nəsnəni diləyim. Çünki bunun sosial qanunauyğunluqla diametral ziddiyyət təşkil etdiyini yəqin bilirəm.

Yanımda olanlara ehtiramımı bildirir, amma qınayanlara, işi ailə-məişət problemi sayıb, cəmiyyətin mühakiməsinə təqdim etməyin bağışlanmaz xəta olduğunu bildirənlərə, guya hansısa maddiyyat umduğumu söyləyənlərə, şaqqanaq çəkib gülənlərə, ulduz xəstəliyindən əziyyət çəkməkdə ittiham edənlərə, hətta məni ən aglasığmaz yerə-Pavlik Morozovun mərtəbəsinə endirənlərə həyat hekayətimin müəyyən parçasını təqdim etmək istəyirəm:

Sözün bütün mənalarında bu həyatda nəfəs alıb danışıramsa, ayaq tutub yeriyirəmsə, əl qoyub yeyib-içirəmsə, gözlərimi zilləyib oxuyub-yazıramsa, bir sözlə, mövcudamsa və mövcudluğu təyin edən nə varsa, Tanrıya və ata-anama borcluyam. Atam mənim vəlinemətimdir. Və Motsarta bu anda haqq verirəm: “Tanrıdan dərhal sonra ata gəlir.”

Təbii, bəlli məktubu doğuran motiv şəxsi-məişət xarekterli, yəni bəndənizin bomj kimi veyllənməyindən, narkotik maddə və ya qumar aludəçisi kimi atanın baş ağrısına çevrilməyindən dolayı və s. olsaydı, paylaşım yersiz olardı… Bu barədə az sonra, həliksə:

Atam uzun illər xalqına deyil, bir qrupa xidmətdə bulunan rejimin funksioneri olub. Təmənnasız. Hətta deputat olduğu dövrlərdə iki-uç dostunun ayırdığı vəsait bizim ailənin yaşamını təyin edib. Tanrı şahiddir, zaman olub ki, aylıq əmək haqqı ayın sonuna yaxın tükənib, dostların köməyi yubanıb, deputat və YAP analitik- informasiya mərkəzinin rəisi Eldar Sabiroglu partiya qərargahına və Milli Məclisə dürmək aparıb: naharı birtəhər yola verməkçün. Məxləs, bizim ailəyə haram nəsə daxil olmayıb və mən valideynlərimin sayəsində halallıqla böyümüşəm. Bu, məsələnin qeyri-siyasi tərəfi…

Sərt siyasi suallarım 1998-99-ci illərdə başlayıb, bir neçə dəfə atam tərəfindən qulaq burması alıb oturmuşam yerimdə. Özümü ifadə etmək üçün şərait, zaman, hazırlıq, mütaliə vəziyyəti və s. qaydasında deyildi. Gözləməli olduq.

Zaman yetişdi, qərar verməli oldum: başda atam Eldar Sabiroğlu olmaq şərtilə bizim ailə gələcək nəsillər tərəfindən avtoritar rejimin qulluqçusu olaraq deyil, həqiqət carçısı olaraq anılmalıdır! Çünki safca xidmət etdiyi ideyaların dürüst olduğuna inanan, bu yolda ürəyini və sağlamlığını qoyan, amma yanıldığını bildiyi halda həzm edə bilməyən bir atanı kim xilas etməlidir ki? Tək oğlu! Bəli, mən də bütün işimdən-gücümdən, puldan-paradan, karyeramdan imtina edib atamı, özümü, bütün Səfərovlar ailəsini xilas etməkdən ötrü sözün müstəqim anlamında qanımı və dərimi sərf etdim. Peşman da deyiləm. Qovuldum, tutuldum, buraxıldım, bir də tutuldum, başıma olmazın işlər gətirdilər, amma susmadım, susmaram da. Dedim axı, bizim ailə 50 il sonrakı nəsillər tərəfindən amansız bir rejimin yandaşı qismində deyil, xalqın xidmətçisi kimi yaddaşlarda qalmağa daha çox layiqdir.

Həbsədn sonrakı günlərdə atam yenə də məni və özünü, bütövlükdə xalqı fəna kökə salan bir sistemin yaradıcısını tərənnüm etməyə davam edir, bu hala sərt status həsr edirəm, yekun olaraq ortaya məlum bədnam məktub çıxır. İndi sizcə bu məktub və orada yazılanlar şəxsi-məişət zəmnində ortaya çıxıb, yoxsa ölkədə hökm sürən kəskin və repressiv şəraitdən doğulub,dostlar ? Belə ailə-məişət sorunumu olar? Bu, birbaşa cəmiyyətin problemidir, insanlar bilməli və inanmalıdılar ki, Rüfət Səfərovun məlum məktubu paylaşmasında canının dərdi odur ki, xalq bu rejimin hansı həddə qorxulu mahiyyət kəsb etdiyini daha dərindən duysun! Özumü kimlərinsə gözündə alçaltsam da belə, qoy xalq olaraq hansı acınacaqlı durumda olduğumuzu lap dibdən duyaq! Və bu vəziyyətdə atamı sərt tənqid edib məni qəhrəman həddində öymək işə yaramır… İşə yarayan o ola bilər ki, xalq olaraq hansı dəhşətli durumda olduğumuza doğru-dürüst qiymət verək. Nəhayət ki…

Nə etməli və ya necə etməliydim, dostlar? Mənim atam təsir göstərir ki, yazmayım, danışmayım, susum, gördüyüm gündəlik eybəcərliklərə laqeyd olum, bir sözlə, qaxılıb oturum yerimdə. Qorxur ki, oğlunu itirə bilərlər… Tanıyır axı xidmətində olduğu rejimin xislətini! Anlayıram, atadır, tək oğlunu birdəfəlik itirməkdən ehtiyat edir. Amma burası da var ki, oğul hər kəsin tərk edəcəyindən, hətta itirilməkdən belə qorxmadan bütün reallıq hissini dəfn edib romantikcəsinə xalqın yanında olmaqdan məmnundur!

Son olaraq, vicdan hissini gözardı edib məni Pavlik Morozovla müqayisə edənlərin diqqətinə çatdırıram: sovet təbliğat maşınının naşıcasına qurduğu səhnədə Pavlik öz atasını satmışdısa, mən bəlli mənada öz sevgili atamı qazanmaq istəyir və qardaşım Natiq Adilovun şərh bölməsindəki ədalətli çıxışına diqqətlə qulaq asmağı tövsiyə edirəm. Bəlkə bundan sonra tələsik surətdə adam qamçılamaqdan uzaq olasınız…

dle
Xəbər lenti