İlham Əliyev ölkə üçün ciddi risklər yaradıb

11-06-2022, 13:06
12 380
İlham Əliyev ölkə üçün ciddi risklər yaradıb

Putin deyib ki, 10 ildən sonra Rusiyada vəziyyət yaxşılaşacaq. Rusiya əhalisinə çox güclü təsəlli verib )) Rusiyalıları uzunmüddətli müharibə və məhrumiyyətə hazırlamaq üçün xatırladıb ki, Rusiya imperiyasının qurucusu 1-ci Pyotr da “Rusiya torpaqlarını qaytarmaq və Rusiyanı möhkəmləndirmək üçün” 21 il müharibə aparıb. Rusiyalılara mesaj verib ki, imperiya olmaq istəyirlərsə, uzunmüddətli müharibəyə və məhrumiyyətə, yoxsulluğa hazır olsunlar. Putin özünü 1-ci Pyotrla müqayisə də edib. İndi də “Rusiya torpaqlarını qaytarmaq və inkişaf etdirmək” vəzifəsinin onun üzərinə düşdüyünə işarə vurub. Putin bu açıqlamaları ilə etiraf edib ki, onun qonşulara, rəqiblərə, dünya düzəninə münasibəti 18-ci əsr imperetorlarının yanaşmasından fərqlənmir.

Bu açıqlamalar biz azərbaycanlılara aydın izah edir ki, İlham Əliyev imperiya ambisiyasını qətiyyən gizlətməyən Rusiyanın silahlı qüvvələrini Qarabağa dəvət etməklə, Putinlə müttəfiqlik bəyanatı imzalamaqla ölkəmiz üçün çox ciddi risklər yaradıb. Məhz Rusiyanın Qarabağda yerləşdirdiyi hərbi güc Lavrova o cəsarətii verir, İrəvanda keçirdiyi mətbuat konfransında açıq desin ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası zamanı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ da müzakirə olunacaq, Xocalı rayonunun Fərrux kəndinin taleyi də o zaman həll ediləcək. İlham Əliyevin müttəfiqi Putinin sağ əli Lavrov Azərbaycanın ərazi bütövlüyü ilə hesablaşmadığını bəyan etmiş olur.

Rusiyanın imperiya ambisiyalarının qarşısında yaxşı ki, Ukrayna möhkəm dayanıb. Yaxşı ki, dünya birliyi Ukraynaya çox ciddi dəstək verir. Avropa Parlamentinin Ukraynaya AB üzvlüyünə namizəd statusu verilməsini Avropa Komissiyasına tövsiyyə etməsi Rusiyanın Ukraynanı işğal etmək istəyinə yaxşı cavabdır. Belə görünür ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi Ukraynanın Avropa Birliyinə inteqrasiyasını daha da sürətləndirəcək. Bu ay Ukrayna üçün taleyüklü hadisələr baş verəcək. Donbas uğrunda döyüşün əsas nəticələri bilinəcək. 23-24 iyunda AB samitində Ukraynaya AB üzvlüyünə namizədlik statusu verilməsi müzakirə olunacaq. Ayın son günlərində Zelenski NATO sammitində iştirak edəcək. Ukraynanın azadlıq mübarizəsinə ən yüksək səviyyədə dəstək verilməlidir. Ukrayna xalqı hazırda tək öz azadlığı uğrunda deyil, həm də bütün keçmiş Sovet respublikalarının azadlığı və müstəqilliyi uğrunda vuruşur. 21-ci əsrdə 18-ci əsr təfəkkürü qalib gəlməməlidir.

скачать dle 12.1
Xəbər lenti