MTN polkovniki: “Qaralov, Usubov göstəriş verib, icra eləmişəm…”

14-06-2022, 20:45
11 503
MTN polkovniki: “Qaralov, Usubov göstəriş verib, icra eləmişəm…”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsində metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş polkovnik Sahib Ələkbərov sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovu açıq şəkildə ittiham edib. O bildirib ki, kimləri həbs etmək, kimi azadlığa buraxmaq məsələsində göstərişləri bu şəxslər verirdi. Ələkbərov vurğulayıb ki, əgər verilən qanunsuz göstərişləri icra etməsəydi, onun özünü həbs edərdilər.

“İcraatımda olan cinayət işlərində qərar verənlər Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev olub. Mən heç kim idim. Göstəriş veriblər, mən də icra eləmişəm. Baş prokuror başda olmaqla, Usubov, Şıxəliyev icraatımda olan işlərə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim”, – polkovnik Ələkbərov iyunun 13-də öz məhkəməsində belə deyib.

Məhkəmə hələ də qapalı keçirilir

O, uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, bu idarənin tabeliyindəki şöbələrin keçmiş rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən sabiq MTN vəzifəlilərindən yalnız Şıxəliyev həbsdədir, digər üç nəfər haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Doqquz aydır ki, keçmiş MTN-çilərin məhkəməsi gedir, amma prosesə jurnalistlər buraxılmır. Zərərçəkmişlər dəfələrlə məhkəmədə vəsatət qaldırıblar, açıq məhkəmə prosesini qapalı keçirməkdə, sabiq MTN vəzifəlilərinin əməllərini ört-basdır etməkdə qınayıblar. Ancaq hakim Elbəy Allahverdiyev fikrindən daşınmır. Əvvəllər pandemiyanı əsas gətirirdisə, indi, ümumiyyətlə, heç nə demir.

Təqsirləndirilən şəxslər müxtəlif iş adamlarını saxta ittihamlarla həbsə göndərib yaxınlarından külli miqdarda pul alandan sonra azadlığa buraxmaqda ittiham olunurlar. Bu cinayət işi üzrə 30-dan artıq adam zərərçəkmiş qismində tanınıb.

“Barmağıyla “2” göstərdi, elə bildim, 2 min manat istəyir”

“Moskva” univermağında qızıl-zinət əşyalarının satışıyla məşğul olan Azad Rəşidov iyunun 13-də məhkəmədə danışıb ki, heç bir cinayət törətmədiyi halda, onu MTN-ə aparıb, hədə-qorxu ilə 30 min manat pulunu alıblar.

“MTN-də Yasin Məmmədov barmağıyla “2” göstərdi, elə bildim, 2 min manat istəyir. Sonra anladım ki, 200 mindən söhbət gedir. Dedim ki, mən heç bir cinayət törətməmişəm, pul da verən deyiləm. Yasin Məmmədov bağırmağa başladı. Onun elədiyi qışqırmaq deyildi. Məni səhərdən axşama qədər ac-susuz saxladı, bir stəkan su da vermədilər”, – Rəşidovun sözləridir.

Deyir ki, 30 min manatdan əlavə, dörd qızıl saatını da əlindən alıblar.

Təqsirləndirilən Məmmədov zərərçəkmişin yalan danışdığını iddia edib. O bildirib ki, vaxtilə idmanda sağ əlinin şəhadət barmağı sındığına görə, ümumiyyətlə, açılmır. Ona görə də barmağıyla işarə edib 200 min istəməsi haqda deyilənlər yalandır.

“Sol əlinin şəhadət barmağını göstərmişdin. Yalançının da, saxtakarın da böyüyü özünsən…”, – zərərçəkmişin cavabı belə olub.

Şıxəliyev geniş səlahiyyəti olmadığını deyir

Zərərçəkmişlərdən Zaur Əliyevin qanunsuz həbsi, ailə üzvlərindən 80 min manat alınandan sonra onun ev dustaqlığına buraxılması məsələsi araşdırılanda general Şıxəliyev deyib ki, baş idarənin rəisi olsa da, elə geniş səlahiyyətləri yox idi. Təqsirləndirilən generalın sözlərinə görə, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid məsələlər Qaralov və Usubovun nəzarətində idi: “Müstəntiqlər materialları birbaşa onlara məruzə edirdilər. Elə də olurdu ki, Baş Prokurorluqdan nümayəndə gəlib həmin materialı bizim idarədə müzakirə edirdi. Bundan sonra cinayət işi başlanması və ya rədd edilməsi, kimin həbs olunması, kimin ev dustaqlığına buraxılması kimi qərarlar verilirdi”.

Zərərçəkmiş Zaur Əliyev vəsatət qaldırıb ki, cinayət işi təkrar araşdırma üçün istintaqa qaytarılsın, sabiq baş prokuror və onun birinci müavini də cinayət məsuliyyətinə cəlb olunsun. Əliyev həm də təqsirləndirilən şəxslərə rüşvət maddəsi ilə ittiham verilməsinə etiraz edir. Deyir ki, özü də daxil olmaqla, 36 zərərçəkmişdən 34-dən rüşvət alınmayıb. Onlar girov götürülüb, sonradan pul müqabilində azadlığa buraxılıb.

“Zakir Qaralov, Rüstəm Usubov da bu dəstənin fəal üzvləri olub. Onlar da Mövlam Şıxəliyevin yanında oturmalıdır bu gün. Cinayət işi istintaqa qaytarılmalı, Zakir Qaralov, Rüstəm Usubov da həbs olunmalıdır”, – zərərçəkmiş bildirib.

Təqsirləndirilən şəxslərdən Sahib Ələkbərov bu vəsatətə münasibət bildirəndə Qaralovun, Usubovun, Şıxəliyevin verdiyi tapşırıqları icra etdiyini söyləyib.

Zərərçəkmiş ondan soruşub ki, əgər qanunsuz tapşırıqları icra etməsəydi, nə olardı? Təqsirləndirilən polkovnik suala belə cavab verib: “Mənim özümü həbs edərdilər…”.

скачать dle 12.1
Xəbər lenti