Venesiya Komissiyası Azərbaycanın Media haqqında qanununu müzakirə edəcək

14-06-2022, 20:46
15 242
Venesiya Komissiyası Azərbaycanın Media haqqında qanununu müzakirə edəcək

Avropa Şurasının Venesiya Komissiyası 17-18 iyun tarixli iclasında Azərbaycanın ötən ilin sonunda qəbul edilmiş media haqqında qanununu müzakirə edəcək. Bu barədə Venesiya Komissiyasının saytında dərc edilmiş məlumatda deyilir.

Venesiya Komissiyasının ekspertlər qrupu Azərbaycanın media haqqında yeni qanununun Avropa Şurasının standartlarına uyğunluğunu tədqiq ediblər və bu məsələ ilə bağlı rəy hazırlayıblar.

“Bu rəy komissiyanın qapalı iclasında müzakirə ediləcək və qəbul ediləcək. Ekspert rəyinin hazırlanmasını fevralın 2-də AŞPA-nın Monitorinq Komitəsi tələb edib”, deyə məlumatda bildirilir.

Qapalı iclasda qəbul edilən qərarlar iyunun 20-də KİV-də açıqlanacaq.

Azərbaycanın media hüquqları üzrə müstəqil ekspertləri yeni qanunun Azərbaycanın beynəlxalq öhdəliklərinə və KİV azadlığı sahəsində standartlara uyğun olmadığını hesab edirlər.

Media hüquqları üzrə ekspert Xalid Ağaliyev Turan-a bildirib ki, qanun KİV-in azadlığını artırmır, əksinə, məhdudlaşdırır və mətbuata daha rahat nəzarət üçün daha çox imkanlar yaradır.

“Qanunun bu cür məzmunu nə bizim Konstitusiyamıza, nə demokratik ölkə qurulması planlarına, nə ölkəmizin söz azadlığı və KİV sahəsində öhdəliklərinə uyğun deyil. Buna görə Venesiya Komissiyasının ekspertlərinin rəyinin mənfi olduğu gözlənilir”, deyə o bildirib.

Ötən il dekabrın 30-da Azərbaycan parlamenti media haqqında yeni qanun qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev KİV haqqında yeni qanunu bu ilin fevralında imzalayıb.

Qanun KİV sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.

Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, KİV Reyestri yaradılması məsələlərini əhatə edir, gizli çəkiliş aparılmasını qadağan edir və s.

скачать dle 12.1
Xəbər lenti