Bahar Muradova Tehranda erməni işğalından, Qarabağ Zəfərindən danışıb-Fotolar

23-01-2023, 12:46
4 218
Bahar Muradova Tehranda erməni işğalından, Qarabağ Zəfərindən danışıb-Fotolar

Bu günlərdə İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkələr üzərindən izləyiciləri salamlayaraq, səfərlə bağlı açıqlamasını yayıb. Bildirib ki, cari il yanvarın 19-20-də “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”ndə iştirak etmək üçün qonşu ölkədə səfərdə olub.

“Çoxmilyonlu soydaşlarımızın tarixinə, sosial-iqtisadi, ictimai siyasi, mədəni-humanitar mühitinə töhfələr verdiyi və müasir həyatında əvəzedilməz iştirak və rola malik olduğu qonşu İranda ilk dəfə olmaq və həssas regionda bu vacib mövzuda iştirakçılara xitab etmək və Azərbaycanın bu sahədəki nailiyyətləri haqda danışmaq mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Konqresin keçirildiyi günlərdə ictimaiyyətə bu barədə geniş məlumat verə bilmədiyim üçün indi çoxsaylı media orqanlarının müraciətlərini nəzərə alaraq, Konqres çərçivəsindəki çıxışımın mətnini paylaşmaqla mətbuatımızın bu sahədəki maraqlarını qismən də olsa, nəzərə almağı özümə borc bilirəm”.

“Hörmətli xanım Cəmilə Sadat Ələmolhoda! Dəyərli tədbir iştirakçıları, xanımlar və cənablar! Azərbaycan nümayəndə heyəti adından bu beynəlxalq tədbirdə iştirakımızdan məmnunluğumzu ifadə edir, ev sahibliyinə görə İran tərəfinə təşəkkürlərimizi bildirir və “Nüfuzlu qadınların birinci beynəlxalq konqresi”nin işinə uğurlar diləyirəm.

Lider qadınların müxtəlif formatlarda əməkdaşlıq imkanlarından faydalanması üçün yaradılan şəraiti təqdirəlayiq hesab edirəm! İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan və İran xalqları arasındakı mövcud tarixi, mədəni və dini ortaqlıqlarımız iki ölkə əlaqələrinin əsasını təşkil edir. Bu mənada dost İran və Azərbaycanın rəsmi dairələri münasibətlərimizin bu aspektini diqqətdə saxlamaqdadır. Odur ki, müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrindən formalaşan müasir Azərbaycan cəmiyyətində bütün qonşularımızla, o cümlədən, İranla münasibətlərimizdə xalqlarımız arasında daha güclü həmrəylik və əməkdaşlığın regionda sülh, sabitlik və rifaha töhfə olduğuna dərin inam vardır”.

Komitə sədri daha sonra bildirib: “Dəyərli konqres iştirakçıları, qürurla təmsil etdiyim Azərbaycan dövləti 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququ verən,qızların təhsilinə qayğı göstərən ilk dövlətlərdən biri olmuşdur. Bununla da onların müxtəlif sahələrdə təmsilçiliyinin, artırılması sahəsində sıçrayışlı inkişafı şərtləndirmişdir. Azərbaycan hökuməti qadın hüquqlarının təşviqi və təmin olunması sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə xüsusi önəm verir. Daxili siyasətdə qadınların cəmiyyətin bərabər hüquqlu üzvü kimi potensialının reallaşdırılmasına yönələn mühüm dövlət sənədləri qəbul edir. Orta və uzunmüddətli dövr üçün konkret hədəf və nəticələrə hesablanmış dövlət proqramları, fəaliyyət planları reallaşdırır. Qadının cəmiyyətdə sosial statusunun yüksəldilməsinə təkan verən proqramların dəstəklənməsi daxil olmaqla, onun intellektual, təşkilatçı və yüksək mənəvi potensialının nümayiş etdirilməsinə ölkənin Birinci - Vitse Prezidenti xanım Mehriban Əliyeva əhəmiyyətli töhfələr verir. Sadalanan istiqamətlərdə əldə edilən nailiyyətlərimizlə həm fəxr edir, həm də yaxşı təcrübələrin öyrənilməsinə və bölüşdürülməsinə xüsusi diqqət ayırırıq”.

B.Muradova qeyd edib ki, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra ölkələrin, o cümlədən İranın müvafiq dövlət orqanı ilə ikitərəfli əsasda əməkdaşlıq sənədi imzalayıb və bu günədək bir sıra ikitərəfli görüşlər və müzakirələr aparılıb: “Düşünürəm ki, ölkələrimizdə qadınların dünyəvi və dini-əxlaqi dəyərlər əsasında yüksəlişi belə formatların gündəliyinin əsas məsələsi olmalı, və buna yönəlmiş müştərək səylərimiz artırılmalıdır”.

Komitə sədri bildirib ki, mövcud şərtlər daxilində qadınların yüksəlişi, haqda danışarkən təbii ki, ona təsir göstərən problem və çətinliklər də qeyd edilməlidir. Bu mənada B.Muradova erməni işğalından, İkinci Qarabağ müharibəsindən, qazandığımız Zəfərdən bəhs edib: “Hazırda müharibələr, təbii fəlakət və pandemiyalar, ekstremizm və zorakılıq, hər növ ayrı-seçkiliyin artması müşahidə olunur. Lakin əks tendensiyalar da özünü göstərməkdədir. 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi 28 illik işğala son qoydu. Lakin işğal müddətində Qarabağ və Şərqi Zəngəzur regionunda mədəni sərvətlərimiz, dini abidələrimiz məhv edildi. Bu münaqişə bir çox Azərbaycan qadınlarının həyat və sağlamlığına ziyan vurdu, onların inkişaf, yüksəliş və gözəl gələcək haqqında arzularını yarıda qoydu. Hazırda biz münaqişə və təcavüzdən təsirlənmiş, 100 minlərlə qadınlarımıza dəstək olur, aldıqları hər növ travmaya qarşı davamlılığını artırmaq üçün çalışırıq. Ərazilərimizdə basdırılan minaların təmizləndiyi sahələrdə tikinti – quruculuq işlərinə davam edirik. İran da daxil olmaqla bölgə ölkələrini və xalqlarını rifaha qovuşduracaq nəqliyyat və kommunikasiya qovşaqları inşa edir, təhlükəsiz koridorlar vasitəsi ilə əməkdaşlıq və sürətli inkişaf üçün əsaslar yaradırıq. Bölgədə sülhün, sabitliyin əldə olunması naminə Ermənistanla aparılan danışıqlarda səylərimizi genişləndiririk. Azərbaycan bütün platformalarda dövlətlərin ərazi bütövlüyü və suverenliyinin, insanların hüquq və azadlıqlarının təmin olunması, o cümlədən təhlükəsizliyinin və milli identikliyinin qorunması uğrunda mübarizə aparan ölkələrdən biri kimi belə məsələlərə daim ədalətli yanaşma sərgiləyir”.

Komitə sədri yekunda qeyd edib ki, yalnız konstruktiv dialoq mühitində dürüst siyasət və ədalətli yanaşma sərgiləməklə biz həm ölkələrimizdə, həm də dünyada gedən proseslərə yaxşı mənada töhfə verə bilərik: “Bizi birləşdirən, hümanizmi və mərhəməti hər şeydən üstün tutan insanlıq dəyərlərini təbliğ və təşviq etməklə öz milli kimliyimizi, identikliyimizi, əxlaqi və dini dəyərlərimizi qoruya, inkişaf etdirə, qarşılıqlı zənginləşmə üçün etibarlı zəmin yarada bilərik. Çıxışımın sonunda İran İslam Respublikasının I xanımının ev sahibliyi ilə keçirilən Konqresin işinə uğurlar arzulayır, təşkilatçılara təşəkkürümü bildirirəm”.

Diqqətçəkən budur ki, B.Muradova həm tədbirdə, həm də keçirdiyi görüşlərdə böyük Zəfərimizin simvolu olan Xarıbülbül nişanını da fəxarətlə daşıyıb.

B.Muradova paylaşımında hazırda BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri hesabatlarını təqdim etmək üçün böyük nümayəndə heyəti ilə Cenevrədə olduqlarını vurğulayıb. Əlavə edib ki, yanvarın 23-24-ü tarixlərdə bu məsələ ətrafında vacib təqdimatımıza saatlar qalır. “Tanrı utandırmasın!”

 

скачать dle 12.1
Xəbər lenti