Vəkillər professor Adil Qeybullanın Bəxtiyar Hacıyevin yanına buraxılmasını xahiş edirlər

4-02-2023, 10:50
4 293
Vəkillər professor Adil Qeybullanın Bəxtiyar Hacıyevin yanına buraxılmasını xahiş edirlər

İctimai fəal Bəxtiyar Hacıyev 26 gündür azad edilməsi tələbi ilə 1 saylı Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir. 

Qardaşı Vüqar Hacıyevin Turan-a verdiyi məlumata görə, Bəxtiyar bugünki telefon söhbətində tez-tez başgicəllənmələri olduğunu və halsız olduğunu bildirib.

“O, bizi narahat etməmək üçün özünü saxlamağa çalışırdı, amma zəif səsi və kəsilən nitqi onun nə qədər pis olduğunu göstərir”, deyə fəalın qardaşı bildirib. 

Öz növbəsində, Vəkillər Cavad Cavadov, Bəxtiyar Hacıyev (fəalın adaşı), Zibeydə Sadıqova, Elçin Sadıqov, Nemət Kərimli və Rövşanə Rəhimli professor Adil Qeybullanın Bəxtiyar Hacıyevin yanına buraxılması xahişi ilə Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət ediblər.

Vəkillər hesab edirlər ki, ümumilikdə 39 gün (13+26) aclıq edən Hacıyev istənilən an komaya düşə bilər.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

скачать dle 12.1
Xəbər lenti