Əli Kərimli: “Rusiya Azərbaycanı öz batan gəmisinə tərəf aparır” Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

4-02-2023, 13:38
5 598
Əli Kərimli: “Rusiya Azərbaycanı öz batan gəmisinə tərəf aparır” Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Deputat: “Lavrov özü dedi ki, Rusiya zamanında təkliflər verib”

Fevralın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rossia-24” televiziyasına müsahibəsi bir sıra suallar doğurub.

Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayan diplomat əlavə edib ki, Yerevan iddia etmədiyi torpaqları nəzarətində saxlayırdı:

“Bəli, Azərbaycan 2020-ci ildə ona məxsus əraziləri geri qaytardı”.

“İndi isə həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı bəyannaməsində müəyyən edilmiş şərtlər əsasında müqavilə bağlamağa hazır olduqlarına dair sənədi imzalayandan sonra bizim üçün gələcək addımlarımızın müəyyən edilməsi, bir növ mürəkkəb olub. Çünki orada deyilir ki, yeni müstəqil olmuş dövlətlərin sərhədləri, (keçmiş) sovet respublikalarının inzibati sərhədlərindən keçəcək. Bu isə əlbəttə həm də Ermənistan və tərkibinə Dağlıq Qarabağ Muxtar vilayəti daxil olan Azərbaycan SSR-ə aiddir. Beləliklə, burda situasiya çoxşaxəlidir. Nəzərə alın ki, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) belə sadə olmayan bir vəziyyətdə sülhməramlı əməliyyat planı hazırlayıb və həmin plan hələ də masa üstündədir. Əgər bizim erməni tərəfdaşlarımız maraqlı olsalar, missiya iki günə orda ola bilər”, – deyə Lavrov bildirib.

Portrait of Sergey Lavrov.

Rusiyalı diplomatın müsahibəsindən yaranan birinci sual Azərbaycanın ona məxsus 7 rayonu qaytarması açıqlamasıdır. Belə çıxır ki, digər rayonlar, Şuşa, Hadrut, Xocavənd Azərbaycana məxsus deyil? İkinci sual ondan ibarətdir ki, Lavrovun Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibində olmasını xüsusi vurğulamasıdır. Bununla diplomat bölgənin yalnız Azərbaycan SSRİ-nin tərkibində olduğunu dolasyısı ilə deyir, yəni ondan əvvəl olmayıb, regionu Azərbaycana SSRİ verib?

“Rusiya görür ki, Ermənistan israrla onun orbitindən aralanır”

AXCP sədri Əli Kərimli Meydan TV-nin suallarını cavablandırarkən deyib ki, hökumət mediası Lavrovun çıxışını Azərbaycan üçün müsbət hadisə kimi qiymətləndirir:

“Mən inanıram ki, Lavrov da bu məqsədlə deyib. Çünki Lavrovun dünən dediklərinin praktik heç bir əhəmiyyəti yoxdur. Onsuz da həmin rayonlar azad edilib, ordumuz da ərazilərdə möhkəmlənib. Əgər diplomat 44 günlük savaş zamanı o açıqlamanı versəydi, bir mənası olardı”.

“Sadəcə, Lavrov indi Azərbaycanı Rusiyanın batan gəmisinə doğru dartmaq istəyir. Rusiya görür ki, Ermənistan israrla onun orbitindən aralanır, xüsusilə Moskva sərhədlərə KTMT qüvvələrinin gəlməsini istəyirdi, amma Yerevan Avropa Birliyinin missiyasını dəvət etdi. Buna görə Kreml açıqlama verdi ki, Avropa Birliyi onların hesabına regionda möhkəmlənir. Ermənistan Avropa Birliyinə yaxınlaşmaq istiqamətində başqa addımlar da atır. Rusiyanın yönləndirməsilə Bakı bəzi addımlar atır ki, bu da dünya birliyindən Azərbaycana təzyiqlərin artmasına gətirir. Əsasən də, Avropa Parlamentindəki qətnaməni, AŞ PA-dakı müzakirələri, o cümlədən, BMT TŞ-dakı diskussiyaları yada salsaq, görərik ki, Rusiyaya qarşı olan aparıcı dövlətlər Azərbaycanın mövqeyini tənqid etdilər”, – deyə Əli Kərimli qeyd edib.

Əli Kərimli

Kərimli vurğulayıb ki, Azərbaycan ictimaiyyəti Rusiya rəsmilərinin bu cür real mahiyyəti olmayan söz oyunlarına hazır olmalıdır:

“Moskva Bakını özünə tərəf çəkməyə çalışacaq ki, Ermənistanın onun orbitində boşaltdığı yeri Azərbaycan doldursun. Bu, Azərbaycan üçün çox təhlükəli oyun olduğundan buna getmək olmaz. Bugünkü Rusiya strategiyası Azərbaycanın Qərb dünyası ilə münasibətləri korlamaq və Ermənistanın əvəzində Azərbaycanı özünün batan gəmisinə tərəf aparmaqdır. Lavrovun da məqsədi budur. Hərçənd xatırladığınız suallardan mənalar çıxarmaq olar. Amma bu gün üçün Bakını məmnun edib Rusiyaya daha da yaxınlaşmaq ötrü zəmin yaratmaqdır”.

“Lavrov ifadələri də elə işlədir ki, sabah başqa formada dəyişə bilsin”

Siyasətçi Azər Qasımlı Meydan TV-yə deyib ki, Minsk Qrupu danışıqlarda olan zaman bir element də Dağlıq Qarabağ və 7 rayon idi, Lavrov onu nəzərdə tutur:

“Demək istəyir ki, 7 rayonun Dağlıq Qarabağla əlaqəsi yox idi. Digər məsələ Dağlıq Qarabağın statusu idi. Son 25-28 ildə danışıqlarda 5, yaxud 7 rayonun qaytarılması da müzakirə predmeti olub. Bununla vurğunu ona yönəldir ki, 5 və yaxud 7 rayonun Dağlıq Qarabağa aidiyyatı yoxdur. İfadələri də elə işlədir ki, sabah başqa formada dəyişə bilsin, vəziyyətdən asılı olaraq. Məsələn, diplomat demir ki, Qarabağın Azərbaycana aidiyyatı yoxdur”.

Azər QasımlıAzər Qasımlı

Azər Qasımlı düşünür ki, Rusiya yenə də Ermənistan və Azərbaycanla oynayır: “Bu cür açıqlamalarda məqsəd hər iki ölkəni nəzarət altında saxlamaqdır”.

O bildirib ki, Dağlıq Qarabağ Azərbaycan SSRİ olmayanda da Azərbaycanın tərkibindəydi:

“Azərbaycan SSRİ-nin tərkibinə müstəqil dövlət kimi daxil olmuşdu, Qarabağ da onun ərazisiydi. 1920-ci ildə cümhuriyyət işğal olunanda, Zəngəzur da Azərbaycanın tərkibindəydi, bolşeviklər oranı sonra Ermənistan SSRİ-yə verdi. Halbuki Paris Konfransında Azərbaycanın müstəqilliyi bu ərazilər daxil tanınmışdı. Yəni o vaxt BMT yox idi, Paris Konfransı var idi. Nəhayət, hətta SSRİ-nin konstitusiyasına görə istənilən respublika ittifaqdan çıxa bilərdi. Ona görə Lavrovun söylədikləri siyasi-hüquqi baxımdan doğru deyil”.

“Lavrovun mövqeyi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir”

“Sergey Lavrovun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı müshaibəsindən bəzi “politoloqlar”ın vəcdə gəlməsini başa düşmürəm. Onun mövqeyi həmişəki kimi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir”, – bunu isə özünün “Facebook” səhifəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq ZülfüqarovTofiq Zülfüqarov

“Əgər Rusiyalı nazirə diqqətlə qulaq assaq, aydın olur ki, o ilk dəfə olaraq Ermənistanın qondarma “Dağlıq Qarabağ respublikası”nın ətrafında “7 inzibati rayonun” işğal etdiyini rəsmi olaraq etiraf edib. O zaman sual yaranır: məgər nazirin dediyi “Dağlıq Qarabağ respublikası” Ermənistan tərəfindən işğal olunmamışdı? “7 ətraf rayonu işğal edən” Ermənistan ordusu Azərbaycanın həmin qondarma “DQR” ərazisinin işğalı edən ordu deyilmi? Azərbaycana məxsus həmin ərazidə dayanan eyni işğalçı ordu deyilmi? Lavrovun mövqeyi həmişəki kimi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir“” – Tofiq Zülfüqarov əlavə edib.

“Lavrov özü dedi ki, Rusiya zamanında təkliflər verib”

Deputat Arzu Nağıyev deyib ki, Lavrovun toxunduğu əsas məqam Azərbaycanın işğal altındakı rayonları qaytarmasıdır:

“Rusiya çalışır ki, KTMT-nin missiyasını şərti sərhəddə yerləşdirsin. Bununüçün isə təşkilatın bütün üzvlərinin razılığı olmalıdır. Amma təşkilatın üzvləri bu məsləni dəyərləndirmədi və Azərbaycanın təxribatla məşğul olduğunu bildirmədilər. Lavrov özü dedi ki, Rusiya zamanında təkliflər verib, amma Ermənistan qəbul etməyib, ona görə Azərbaycan özünə məxsus torpaqları qaytardı”.

“Rusiya yaxşı başa düşür ki, BMT dövlətləri necə tanıyıbsa, Moskva da Qarabağı eləcə Azərbaycanın tərkibində tanıyıb. İkincisi, Lavrov Praqada imzalanmış sənədə və həmin sənəddə Alma-Ata deklarasiyasına toxunur. Bununla Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Həmçinin Muxtar Vilayət artıq yoxdur, ləğv olunub. Lavrov nə qədər diplomatik danışsa da, istər SSRİ, istərsə də yeni dövrün sənədlərində Azərbaycanın ərazi bütövlüyü əsas götürülür. Bu, məsələ heç də Rusiyanın istədiyi şəkildə olmur. Çünki BMT TŞ-nin qətnamələri və digər sənədlər var”, – deyə o bildirib.

Arzu NağıyevArzu Nağıyev. 

Deputat Rusiya da daxil Avropa İttifaqının regionda öz maraqlarını güddüklərini hesab edir:

“Hər biri diplomatik gediş edib “ayaq yeri” saxlayırlar. Amma ortada sənədlər var, Ermənistanın imzaladığı. Sadəcə, Lavrovun müsahibəsində diqqət çəkən məqam Rusiyanın Avropa İttifaqının missiyasının Ermənistana gəlməsinin narazılığını qabarmasıdır. Çünki Rusiya KTMT-nin missiyasının ora gətirilməsini istəyir və Lavrov bunu açıq mətnlə deyir. Ermənistan isə KTMT-nin missiyasını ora gəlməsini istəmir”.

скачать dle 12.1
Xəbər lenti