Nifrət! Amma niyə?

5-02-2023, 14:09
6 038
Nifrət! Amma niyə?

Niyə İlham Əliyev bütün fürsətlərdə Rəsulzadənin və onun qızıl komandasının əleyhinə danışır? Bunun hansısa sirrləri varmı?


İlk səbəb, əlbəttə, dərhal hamının ağlına gələn «şəffaf» bir müqayisədir. Heydər Əliyevin təbliği- daşlarla- kağızlarla, pulla, qızılla, nəhayət, neftlə təbliği üçün milyardlar xərclənib. Adının əvvəlində inzibati leksikonda kəsəkləşmiş «ulu öndər» epiteti bərkidilib və protokol ədatına çevrilib. Amma faydası yoxdur. Heydər Əliyev Rəsulzadə ilə müqayisədə çox xırda görünür. Həm də hansı müqayiəsdə:
-Heydər Əliyevin özü və sülaləsi Azərbaycanı 50 ildir ki, idarə edir. 50 ildir ki, adamı «dünya şöhrətli» və buna bənzər sağlıqlarla siyasi gündəmdən yayıb ictimai deyim tərzinə çevrimək istəyirlər, amma cəhdlər boşa çıxır, dünya şöhrəti əvəzinə dünya ironiyası, istimai sayğı əvəzinə ictimai həqarət yaranıb. Rəsulzadə isə cəmi iki il hökumət başçısı da deyil, hakimiyyətdə olan bir partiyanın parlamentdə fraksiya rəhbəri olub.
-Rəsulzadə və onun komandası 100 il işğal altında olan bir müstəmləkə ərazisində müstəqil dövlət yaradıb, bu dövləti özündən sonrakı işğalçıların siyasi vahid kimi da qəbul etməsinə nail olub, ümumxalq sevgisinin mərkəzində dayanıb; Heydər Əliyev və sülaləsi isə 50 ildir ki, həmin dövlətin hüquqi və siyasi varisi olan dövləti talamaqla, soyub- yeməklə, əhalisini isə istismar etməklə ümumxalq nifrəti qazanıb.
-Rəsulzadənin adı Şərqin ilk demokratik respublikasının banisi kimi tarixə düşüb, Heydər Əliyevin adı isə Şərq despotlarının siyahısında ortadan sonrakı yerlərdən birində gəlir.
-Rəsulzadə, bundan 100 il sonra da Azərbaycan tarixinin ən önəmli və parlaq şəxsiyyətləri sırasında xatırlanacaq, Heydər Əliyevin xatirəsi isə Əliyev sülaləsinin hakimiyyətinin ömrü qədər yaşayacaq, ondan sonra pis yuxu kimi qısa müddət rahatsızlıq yaradıb birdəfəlik unudulacaq.
-Rəsulzadə öz dövrünün siyasi- ədəbi, tarixi- elmi biliklərini və təcrübələrini mənimsəyərək böyük siyasətə gəlib, Heydər Əliyev isə öz dövrünün saray intirqalarını, KGB metodlarını öyrənərək, repressiya alətlərini tətbiq edərək siyasətdə qalıb.
-Rəsulzadəni siyasətə gətirən milli- ictimai mənafelər olub, Heydər Əliyevi siyasətə gətirən şəxsi imtiyaz və səlahiyyət uğrunda çəkişmələr olub.
-Rəsulzadə şəxsi sayılacaq bütün mənafelərini Vətən və millət uğrunda fəda edən lider olub, Heydər Əliyev isə şəxsi sayılacaq bütün mənafeləri üçün Vətəni və milləti fəda edən lider olub.
-Rəsulzadə üçün azərbaycanlıların ləyaqəti və qüruru vaz keçilməz dəyər olub, Heydər Əliyev üçün öz hakimiyyəti və imtiyazları vaz keçilməz dəyər olub, bu məqsəd üçün də azərbaycanlıların qürurunu sındırmağa nəinki hazır olub, bütün inzibati və siyasi karyerası boyu bu işlə məşğul olub.
-Rəsulzadənin istinad etdiyi ictimai-siyasi dəyərlər dünyanın gələcəyidir, Heydər Əliyevin istifadə etdiyi dəyərlər isə dünyanın keçmişidir.
Bu qədər açıq müqayisə və aşkar üstünlüklər varkən, bəs, niyə İlham Əliyev Rəsulzadəni Azərbaycan tarixindən çıxara biləcəyini güman edir. Çünki, eynən atası Heydər Əliyev kimi düşünür, onun ölçüləri ilə yaşayır, onun kimidir. Yəni, əgər İlham Əliyev anlasa ki, Rəsulzadəni Azərbaycan xalqının gözündən salmaq mümkün olmayacaq, anlasa ki, Rəsulzadənin tarixdəki rolunu təhrif etmək, aşağılamaq mümkün olmayacaq, Rəsulzadəyə qarşı hikkənin başını buraxıb, ən azı, görməzdən gələrək, sadəcə, öz korrupsiyası ilə məşğul olar.
Ən pisi də budur ki, İlham Əliyev bunu anlamır və ona gəlir ki, onun sözü Azərbaycanda ictimai fikrə təsir göstərə biləcək çəkiyə malikdir. O, elə bilir və bu da sonuncu Əliyevin tarixə və ictimai rəyə anlaqsız münasibətinin göstəricilərindən biridir.
İlham Əliyev elə bilir ki, rəsmən və zorla kultlaşdırma yolu ilə tarixə kimlərinsə obrazını müqəddəslər kimi soxuşdurmaq olar. Bu da onun tarixdən və ideologiyalardan anlaq səviyyəsidir. Bu anlaq səviyyəsində dirənib xalqın Məhəmməd Əmin Rəsulzadəyə gündən- günə, ildən- ilə artan sevgisinin həsədi qarşısında hirslənir- hikkələnir və buna görə də hər il bu hirsi bir az da qabarıq səviyyədə ifadə etməklə tarixlə qeybətləşməyə cəhd edir. O, görür ki, dərk edir ki, Heydər Əliyevə qarşı ictimai simpatiya yoxdur, amma elə bilir ki, inzibati metodlarla bu müqayisə predmetini məhv edib sıradan çıxarmaq olar. Gerçəkdən, onun sosialogiyadan anlayışları bu qədər primitivdir.
O, fərqindədir ki, azərbaycanlılar zorla ictimai rəyə dürtülən Heydər Əliyev obrazını rədd edib Məhəmməd Əmin Rəsulzadə obrazını qəbul edirlər, bu tendensiyanı müşahidə etdikcə azərbaycanlılara nifrəti də ildən- ilə artır.
Və o, indi Azərbaycan prezidentidir.

скачать dle 12.1
Xəbər lenti