Almaniyadan deportasiya olunmuş müxalifətçinin apellyasiya şikayəti üzrə proses başlayıb

11-03-2023, 12:40
4 473
Almaniyadan deportasiya olunmuş müxalifətçinin apellyasiya şikayəti üzrə proses başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş fəal Cəfər Mirzəyevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Mahiyyəti üzrə dinləmələr martın 16-na təyin edilib, bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib.

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Mirzəyevi külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Amma, vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsi hərtərəfli və obyektiv araşdırma aparmayıb.

“Cinayət işində kifaytə qədər ziddiyyətlər var. Ən əsası odur ki, narkotik müsadirəsi haqqında məhkəməyə təqdim edilmiş videogörüntü tam deyil. Videonun bir hissəsi silinib. Bu video etibarlı dəlil hesab oluna bilməz. Cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”, deyə vəkil bildirib.

* Cəfər Mirzəyev 2021-ci ilin sonları – 2022-ci ilin əvvəllərində Almaniyadan deportasiya olunduqdan sonra narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilən dörd fəaldan biridir. AFR-dən deportasiya olunan daha bir fəal başqa ittihamla həbs olunub. Hüquq müdafiəçiləri onların hamısını siyasi məhbus kimi tanıyıblar.

Hüquq müdafiə qurumlarının məlumatına görə, bu həbslərin əsl səbəbi Avropada siyasi mühacirlərin Azərbaycandakı siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyalarında iştirak etmələridir.

Mirzəyev 25 noyabr 2021-ci il tarixində AFR-dən deportasiya olunub və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. 

скачать dle 12.1
Xəbər lenti