İmişlinin icra başçısı da sahibkarlara zülm edir: İcra Hakimiyyətinin rəsmisi iradlara reaksiya verdi - FOTOLAR

24-10-2015, 01:44
0
İmişlinin icra başçısı da sahibkarlara zülm edir: İcra Hakimiyyətinin rəsmisi iradlara reaksiya verdi - FOTOLAR
Ölkədə tüğyan edən məmur özbaşınalığından əziyyət çəkən on minlərlə sadə vətəndaş, xırda və nisbətən iri sahibkarlar Prezident İlham Əliyevin son günlər səsləndirdiyi bir sıra fikirlərdən ürəklənərək, pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün yenidən səfərbər olunublar. Elə buna görə də, son zamanlarda redaksiyamıza müraciət edən şikayətçilərin böyük hissəsi iş adamlarıdır. 
Ölkəmizdə yetərincə sahibkar var. Onlar min cür əziyyətlə, öz bizneslərini qurub, iş görürlər. Amma bəzən elə olur ki, yüksək vəzifəsindən istifadə edən şəxslər, onlarla ortaq iş görüb, pullarını isə ödəmirlər. Buna səbəb isə, tutduqları vəzifə və o vəzifənin onlara verdiyi gücdür.
Qanuna yox, daşıdığı vəzifəyə arxalanan belə şəxslər, sahibkarlara zülm edirlər. Ölkədə baş verən devalivasiya, iqtisadi böhran günlərində sahibkarlara şərait yaratmaq üçün Prezident İlham Əliyev sərəncam imzaladı. Amma bəzi məmurlar digər tərəfdən sahibkarlara zülm edirlər. Onlardan biri də, İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir. 
Belə ki, icra başçısı Vilyam Hacıyev, iş adamı Cavanşir Əsgərovla rayonun Heydər Əliyev prospektində 54 min manat qarşılığında təmir və abadlıq işlərinin görülməsi ilə bağlı razılaşma əldə edib. Sonuncu da razılaşmaya əsasən adıçəkilən küçənin təmir işlərini həll edib. Öncədən icra başçısı iş adamına söz verib ki, təmir işləri bitəndən sonra onun pulunu ödəyəcək. Lakin o, bu sözünə tam əməl etməyib. 
Musavat.org saytına müraciət edən iş adamı Cavanşir Əsgərov deyir ki, təmir və abadlıq işlərinin ümumi xərci 54 min manat olub. İcra başçısı isə cəmisi 30 min manat pul ödəyib. Geridə qalan məbləği isə verməkdən boyun qaçırır: "Mən tapşırılan işi 2013-cü ildə başa vurmuşam. İcra başçısı Vilyam Hacıyev mənə öncədən söz vermişdi ki, iş bitəndən sonra prezident rayona gələcək, bu yola baxacaq. Bundan sonra mənim pulumu verəcək. İş tamamlandı, prezident gəldi, bəyəndi və getdi. Lakin Vilyam Hacıyev mənim pulumu ödəmədi. Bu günə kimi cəmisi 30 min manat pul ala bilmişəm. Geridə qalan 24 min manatı Vilyam Hacıyev ödəmir. Deyir ki, "Sənə borcum yoxdur". Neçə dəfə qəbuluna getmişəm, fayda vermir. Ümumiyyətlə məni qəbul etmir". 
İş adamının sözlərinə görə, o, məsələ ilə bağlı Prezident Administrasiyasına da şikayət edib: "Administrasiyaya şikayət etdim. Oradan Vilyam Hacıyevə tapşırıq verdilər ki, məsələni həll etsin. Amma icra başçısı bu sözü də heçə saydı. Məni qəbul belə, etmədi. Bu pul mənim özümə qalsaydı, çoxdan bezib, ondan əl çəkmişdim. Amma elə deyil. Görülən işlər zamanı istifadə edilən materialları aldığım dükan sahibləri hər gün zəng edirlər və pullarını tələb edirlər. Evimə belə, gələnlər var. Vilyam Hacıyev mənim pulumu versəydi, belə olmazdı". 
Bu şikayət əsasında İmişlinin icra başçısı haqqında kiçik araşdırma apardıq. Məlum oldu ki, Vilyam Hacıyevdən şikayətçi olan sadəcə, Cavanşir Əsgərov deyil. Onun kimi onlarla iş adamı 2 ildir ki, icra başçısından çəkdikləri zəhmətin pulunu ala bilmirlər. 
Məsələ burasındadır ki, 2013-cü ilin oktyabr ayında ölkə başçısı İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri baş tutub. Səfərdən öncə digər icra başçılarının etdiyi kimi, İmişlinin icra başçısı da rayonda abadlıq və quruculuq işlərinə start verib. Bu işlərin görülməsi üçün isə bir neçə iş adamı ilə anlaşıb. 
Həmin şəxslər oktyabr ayına kimi öz vəzifələrini yerinə yetirib, işləri tamamlayıblar. Lakin pullarını ala bilməyiblər. Hazırda da bu məsələnin üzərindən 2 il ötsə də, iş adamları hələ də öz pullarını Vilyam Hacıyevdən ala bilməyiblər. İcra başçısı prezidentə rayonda gördüyü işləri göstərib, qürurlanmağı bacarır, amma o işləri görənlərə pul ödəməyi bacarmır?
P.S. Bu yazı saytımızda oxuculara təqdim olunduqdan qısa müddət sonra İmişli rayon İcra Hakimiyyətindən şikayətçi iş adamının iddialarına reaksiya verilib. Belə ki, İmişli rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elnur Tağıyevin musavat.org-a açıqlamasını olduğu kimi diqqətinizə çatdırırıq: "Məlumat üçün bildiririk ki, 2012-ci ildə İmişli şəhərində abadlıq-quruculuq işlərinin aparılması üçün rayon İcra Hakimiyyəti "Eleqant-Go" MMC ilə müqavilə imzalamışdır. İmzalanmış müqaviləyə əsasən şəhərin H.Əliyev prospektində, 20 yanvar, H.Aslanov küçələrində təmir işlərinin aparılmasını "Eleqant-Go" MMC öz üzərinə götürmüşdür. Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətin gördüyü işin məbləği tam olaraq, ödənilmiş və şirkətə heç bir borc qalmamışdır. Sizin sayta şikayət məktubu ilə müraciət edən Cavanşir Əsgərov həmin şirkətdə briqadir vəzifəsində çalışmışdır. Rayon icra hakimiyyəti ilə həmin şəxs - Cavanşir Əsgərovla rayonda təmir və abadlıq işlərinin aparılması üçün heç bir müqavilə imzalanmamışdır. Cavanşir Əsgərovun etdiyi şikayət tamamilə əsassız, yalan və böhtan dolu məlumatdır". 
Məhəmməd Türkmən,
Fotolar müəllifindir.



скачать dle 12.1
Xəbər lenti