Dövlət başçısı Gəncədə “İmamzadə” kompleksində olub

18-02-2016, 00:00
0
Dövlət başçısı Gəncədə “İmamzadə” kompleksində olub
Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
 
VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci Imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
 
Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.
 
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. 
 
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.
 
Mərasimdən sonra dövlət başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub.
 
Bildirilib ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.
 
Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.
 
Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.
 
“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.
 
Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.
 
 
 
 
 
 
 
 
 
 
скачать dle 12.1
Xəbər lenti