AXCP fəalı “bandotdeldə” döyülüb

29-04-2016, 23:08
0
AXCP fəalı “bandotdeldə” döyülüb

AXCP Şəki Rayon Şöbəsinin fəalı, şair Araz Səməd Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrılaraq döyülüb. Bu barədə Azadlıq qəzetinə Araz Səmədin özü bildirib.

AXCP fəalının əməkdaşımıza dedikləri: “Bu gün (29 aprel) saat 14:30 radələrində mobil telefonuma zəng gəldi. Özünü Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı Cəfərov kimi təqdim edən şəxs məni həmin idarəyə dəvət etdi. Təqribən bir saat sonra mən deyilən yerə getdim. Cəfərov məni kabinetində qəbul etdi və dərhal da nalayiq söyüşlərlə məni və təmsil olunduğum partiyanı təhqir etməyə başladı. Bildirdi ki, guya feysbuk sosial şəbəkəsində daxili işlər orqanlarını təhqir etmişəm. Mən buna sübut göstərmələrini istədikdə, məni digər otağa apararaq polkovnik deyə müraciət etdiyi şəxslə birlikdə döyməyə başladı.

Mənim yaxınlarımın, ailəm, eləcə də 5 yaşlı oğlum barədə məlumatları götürdülər. “Lazım olsa sənin və qohumlarının üzərindən narkotik taparıq” deyə məni hədələdilər. Bundan sonra bir daha tənqidi yazılar yazacağım təqdirdə daha sərt şəkildə cəzalandırılacağımı dedilər. Hətta məni öldürüb dənizə atacaqları ilə də hədələdilər. Tələb etdilər ki, feysbuk profilimi bağlayım. Bu, açıq-aşkar feysbuk fəaliyyətimlə, tənqidi fikirlərimlə bağlıdır”.

Araz Səməd əməkdaşımıza bildirib ki, başın gələnlə bağlı DİN-ə və Baş Prokurorluğa müraciət etmək fikrindədir.

İş gününün sonu olduğu üçün məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlaya bilmədik.

скачать dle 12.1
Xəbər lenti