Azərbaycanda siqaret reklamı qadağan olunacaq

27-09-2016, 20:32
0
Azərbaycanda siqaret reklamı qadağan olunacaq

Azərbaycanda siqaret reklamının qadağan olunması  müzakirə edilir. Eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaradılacaq. Bununla bağlı qanunvericilikdə düzəlişlər olunması müzakirə edilir.  

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) fins.az-a verilən xəbərə görə, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində işlər görüləcək. Həmin fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycanın tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyini gücləndirmək, tütün məmulatlarının reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna qarşı tam qadağanedici tədbirləri tətbiq etmək, eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaratmaqdır.

İSİM-dən bildiriblər ki, tütün məmulatlarının satışı və reklamına, eləcə də tütün çəkilməsi qadağan edilən yerlərə dair qüvvədə olan milli qanunvericiliyin “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası”nın 8-ci və 13-cü maddələrinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması planlaşdırılır.

Bununla bağlı sentyabrın 29-da İSİM-də Çərçivə Konvensiyasının maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair ilk işçi görüşün keçirilməsi planlaşıdırılıb.

Görüşdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərəcək, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcək.

Xatırladaq ki, “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası” tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biridir. Konvensiyanı 180 ölkə ratifikasiya edib.  Azərbaycan 2005-ci ildə Konvensiyaya qoşulub.   

скачать dle 12.1
Xəbər lenti