Ziya Məmmədovun sabiq müşaviri 8 kq qızılını istəyir

22-11-2016, 16:08
0
Ziya Məmmədovun sabiq müşaviri 8 kq qızılını istəyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

R. Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Sonra zərərçəkmiş Çingiz Baxşıyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə uzaq qohumudur və R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib: “Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. O məni arxayın elədi. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı”.

Ç. Baxşıyevin sözlərinə görə, R. Əhmədov onun həyatına qəsd etmək istəyib:

“Bu ilin fevral ayında Rövşən Əhmədov bayraq meydanında mənimlə gəzirdi. Onun əlində su vardı, sonra o suyu mənə təklif etdi və mən də içdim. Sonra səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, məni təcili Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı. Rövşən mənə dedi ki, qızılları hara qoyum? Mən də dedim ki, qızılları qızım Fatmaya ver. Qızım isə mənə dedi ki, qızılların üstündən götürülüb. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldür. Mən baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burda heç nə yoxdur. İkinci qab bomboş idi. Soruşdum ki, qızıllar haradadı?

Rövşən qışqırmağa başladı. Sonra ona zəng etdim, telefona cavab vermədi. Sonradan dedi ki, məndə qızıl yoxdur. Belə olan halda mən şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq başladı”.

Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.

Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. 

скачать dle 12.1
Xəbər lenti