Həmişə əxlaqı tapdalayan hakimiyyət söyüş eşidib niyə təəcüblənir?

16-03-2018, 22:11
7 713
Həmişə əxlaqı tapdalayan hakimiyyət söyüş eşidib niyə təəcüblənir?

Hikmət Nikbin

Siyasi rəqiblərini “zərər”sizləşdirmək üçün böhtan, iftira, riya… , hər şey bu hakimiyyətdən başladı. İctimai siyasi münasibətləri hüquqi müstəvidə, sağlam mübarizə üzərində qura bilməyən idarəçilik vətəndaş şəxsiyyətini alçaltmaq üzərində uzun müddətli siyasi mövcudluğuna çalışdı. Məsələn, insan şəxsiyyətini alçaldan “kuklalar” verilişinə ehtiyac vardımı ? Axı hamı hüquqi baxımdan bərabərdir. Hamının başa düşəcəyi tərzdə ifadə etsək, prezident hər bir vətəndaşı öz boyunda, öz bərabərində görməlidir, özünə layiq bilmədiyini başqa insanlara da layiq bilməməlidir. “Kuklalara” lüzum vardımı. Ancaq “cəngəlliklər” ovlağında yaşamağımızı nəzərə alsaq, “hə”. O verilişdə məsxərəyə qoyulan, aşağılanan insanların hansı biri idarəçilikdə təmsil olunan bu günki hansı kimsələrdən aşağıdı ? Cəbhə iqtidarında mühüm vəzifələr tutmuş şəxslərə qarşı şərəf və ləyaqət alçaldan qalaq-qalaq yazıları az oxumuşuqmu. TV kanallarda təhqir dolu böhtanları az dinləmişikmi. Bəli, bu gün də bu hakimiyyətin əkdiyi zərərli “toxumlar” bar verməyə başlayıb. H. Əliyev şər və böhtan danışan o insanlara qarşı hüquqi müstəvidə nə cəza verdi ki, iqtidar nümayəndələri də mağarada yox, dövlətdə yaşadıqlarını dərk edib böhtandan, riyadan çəkinmiş olsunlar. İdarəçilik ölkədə Vətəndaş nümunəsi, birlik nümunəsi də göstərə bilmədi. Bu idarəçilikdə kim nümunə ola bildi ki? İqtidar qəzetlərində işıq üzü görən iftira və yalanlara hakimiyyətdən səsini qaldıran biri oldumu. Yalanlara, iftiralara idarəçilkdən kim dur dedi, dayan dedi? Bir qisim tanınmış ziyalılar da biz siyasətə qoşulmuruq söyləyirlər. Təbii ki, siz siyasətə qoşula bilməzsiz, o, sizlik deyil. Siyasət elmdir. Ən azından onu 5 il, daha sonra da ömrün boyu öyrənməlisən. Ancaq ziyalı kimi incidilənlərə, gözünüz qarşısında haqqı tapdananlara seyrçi qalmaq nə demək? Haqqı tapdananlar uğrunda mübarizə aparmaq vətəndaş borcunuzdur, vicdan borcunuzdur. Bəs bu borcdan özünüzü məhrum etməyinizi özünüzə bağışlayırsınızmı.
Bəs iqtidar atılan bu daşlara əvvəllər niyə narahat olmurdu? Hə, aydındır! Böhtanın nə olduğunu böhtan “daşının” ağrısını cismində hiss edəndə bildi. İndi də şəri, Iftiranı ölkəyə “ixrac” edən xarici qüvvə, mərkəz axtarışındadırlar. Xarici qüvvələr, Mərkəzlər belə primitiv, bəsit metodlardan istifadə etmirlər. Bu barədə baş sındırıb, zəhmət də çəkməsinlər, çünki səbəbkar elə özləridir ! Azərbaycanı sərhədləri boyunca güləş meydançasına döndəriblər. Hamı musqul oynatmaqla “çörək” qazanır. Qıraqdan duraq cəmiyyətimizə baxaq. Nə görəcəyik? Hakimiyyətə yumruq atanlara hakimiyyətin kəllə atmasını, atdığı kəlləylə öyünməsini, kimlərinsə kəllələrdən yayındıqlarına görə özlərini qəhrəman bilmələrini, özlərinin mənasız qələbələrini bayram edənləri, məğlubiyyətlərinə ağlayanları, züyçüləri… Daha Beynəlxalq təşkilatlar da bu kəllə atışlarına “ hakimlik” etmək istəmir.
Bir az siyasi təsəvvürü olan hər bir kəs təsdiq edə bilər ki, həyat elə beləcə davam edərsə, bu idarəçilik heç bir xarici təsir, Güc, Qüvvə olmadan da Azərbaycan ictimaiyyəti ilə qarşı-qarşıya gələcək. Çünki illərlə “bəslədiyi” problemlərin hər birinin Respublika üçün necə təhlükə olduğunu anlamır. Axı bu təhlükələri cəmiyyət özündə nə qədər yemləməlidir? Sözsüz, bir gün bezməyi var. Ancaq Azərbaycanı dərin iqtisadi böhranla üz-üzə qoyan iqtidar hələ də əhəmiyyətsizliyini, mənasızlığını anlamır.

скачать dle 12.1
Xəbər lenti