Toyvo Klaar: “Aİ və Azərbaycan arasında saziş təkcə iqtisadi məsələlərlə məhdudlaşmır”

5-06-2019, 10:28
5 230
Toyvo Klaar: “Aİ və Azərbaycan arasında saziş təkcə iqtisadi məsələlərlə məhdudlaşmır”

Aİ və Azərbaycan arasında gələcək sazişin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətə uyğun deyil. Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Turan agentliyinə eksklüziv müsahibəsində bildirib.

Azərbaycan rəhbərliyi ilə bu məsələ ilə bağlı danışıqların yekunları haqqında suala cavabda o deyib ki, tərəflər sazişi imzalamağa “çox yaxındırlar”. Ticarət və digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlər qaldığını deyən Klaar təfsilatını açıqlamaqdan imtina edib.

Bakı sazişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin daxil edilməsində israr edir? Klaar bu suala cavab verməkdən yayınıb və deyib ki, sazişin imzalanmasını gözləmək lazımdır. “Nə qədər ki, sazişin mətnini müzakirə edirik, onun təfsilatı ilə bağlı şərh vermək istəməzdim”, deyən Klaar əlavə edib ki, Azərbaycan tərəfi “sazişdə prioritetləri barədə kifayət qədər aydın danışır”.

Sazişin imzalanmasının bu qədər uzanmasının səbəbi nədir? Bu suala Klaar birmənalı cavab verməyib, sənədin kifayət qədər “mürəkkəb” olduğunu, onun siyasi, iqtisadi və digər hissələrdən ibarət olduğunu qeyd edib. “İradə nümayiş olunarsa, bu sazişin imzalanmaması üçün səbəb görmürəm”, deyə o bildirib.

Aİ Azərbaycanda ifadə və mətbuat azadlığının möhkəmlənməsinə necə kömək edə bilər? Bu suala cavabda Toyvo Klaar deyib ki, bu məsələlər Aİ üçün prioritetdir. “Bütün tərəfdaşlarımızla müzakirələr zamanı bu azadlıqların təmin edilməsi zərurətini qaldırırıq və Azərbaycan istisna deyil”, deyə Avropa İttifaqının xüsusi nümayəndəsi qeyd edib.

скачать dle 12.1
Xəbər lenti