Blinken Əliyevlə regiondakı durumu müzakirə edib, insan haqlarından narahatlığını bildirib

24-01-2023, 14:56
4 469
Blinken Əliyevlə regiondakı durumu müzakirə edib, insan haqlarından narahatlığını bildirib

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamentinin məlumatında Blinkenin prezident Əliyevi Laçın dəhlizinin kommersiya nəqliyyatı üçün açılmaasına çağırdığı və Ermənistanla ikitərəfəli danışıqlarda səyləri artırmağa təşviq etdiyi bildirilir.

“Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açılmasına çağırıb. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb. Dövlət katibi prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini ikiqat artırmağa təşviq edib. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da dilə gətirib,” Dövlət Departamentinin sözçüsünün açıqladığı məlumatda bildirilir.

Dövlət katibi Blinken Twitter səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti apardığını qeyd edib.

“Mən prezident Əliyevi Laçın dəhlizində kommersiya hərəkətini dərhal bərpa etməyə çağırdım. Hər gün blokadada qalması humanitar böhran riski yaradır və Ermənistan və Azərbaycanın sülh yolunda atdığı addımları sarsıdır. Birləşmiş Ştatlar bu səyləri dəstəkləməyə sadiqdir.”

скачать dle 12.1
Xəbər lenti