Qarabağda əhali hansı prinsiplərlə məskunlaşdırılacaq

26-01-2023, 21:07
5 346
Qarabağda əhali hansı prinsiplərlə məskunlaşdırılacaq

Hakimiyyət əhalinin Qarabağda məskunlaşdırılması üçün 7 əsas prinsip müəyyənləşdirilib.
Birinci prinsip. Mailliyi 0-15% olan ərazilər məskunlaşma üçün ən uyğun ərazilər hesab olunur. Mailliyi 15-30% olan ərazilər də əhali inkişafna uyğundur. Mailliyi 30%-dən çox olan Qarabağ əraziləri isə məskunlaşma üçün yararsızdır.
Qarabağ iqtisadi rayonunda 15%-dən kiçik maillikli ərazilər 390 721 ha, 15-30%, maillikli ərazilər 125 216 ha, 30%-dən yuxarı maillikli ərazilər isə 139 572 ha təşkil edir. Şərqi Zəngəzur iqtisadi rayonunda isə bu göstəricilər müvafiq olaraq 219 800 ha, 197 802 ha və 286 866 ha-dır. Göründüyü ki, bu iqtisadi rayonda mailliyi 30%-dən yüksək olan ərazilər daha çoxdur.
Ümumilikdə isə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə birlikdə) 1 359 978 ha ərazinin 45 faizi yaşayış məskənlərinin salınması üçün tam uyğundur, yəni 0–15% mailliyə malikdir. Ümumi ərazinin 23 faizi 15-30% maillikdə yerləşir, yaşayış üçün qismən uyğundur, yalnız 31% ərazinin mailliyi 30%-dən çox olduğu üçün yaşayış məntəqələrinin salınması üçün uyğun ərazi hesab olunmur. Təbii ki, ərazinin mailliyinin 30%-dən aşağı olması yaşayış məntəqələrinin tikilməsi üçün yeganə prinsip olmadığından həmin ərazi digər prinsiplərə də uyğun gəlməlidir. Məsələn, əsas yollara, çaylara yaxınlıq, turizm potensialı və sair.
İkinci prinsip. Əlçatanlıq imkanları baxımından əsas yollara yaxın ərazilər məskunlaşma üçün daha uyğun ərazilər hesab olunur. Hökumətin hesablamalarına görə Qarabağda mövcud respublika əhəmiyyətli yollar 786 km, layihələndirilən respublika əhəmiyyətli yollar isə 850 kim uzunluğundadır. Planda 240 km-lik yeni yolların çəkilişi təklif olunur. Digər əhəmiyyətli yollar isə 3629 km-dir.
Üçüncü prinsip. 100 metr mühafizə zonası nəzərə alınmaqla çaylara yaxın ərazilər məskunlaşma üçün daha uyğun ərazilər hesab olunur. Qarabağda 9 böyük çay (Tərtərçay, Xaçınçay, Köndələnçay, Bərgüşad, Həkəri, Oxçuçay, Bəsitçay, Qarqarçay və Çaylaqçay) var və onlar əsasən Kür və Araz çaylarına, yaxud da onların hövzəsinə aid olan çaylara tökülür.
Dördüncü prinsip. Planda boş ərazilər, kolluqlar və otluqlar məskunlaşma üçün uyğun ərazilər olaraq qəbul edilib.
Beşinci prinsip. Qoruqlar mühafizə olunmalı ərazilər olsa da, onların ətrafındakı ərazilər inkişaf üçün uyğun ərazilər sayılır. Qarabağda 2 dövlət təbiət qoruğu (Bəsitçay və Qaragöl) və 5 dövlət təbiət yasaqlığı (Laçın, Arazboyu, Qubadlı və Daşaltı) var. Onların əksəriyyətinin ərazisindəki meşələrin bir hissəsi işğal dövründə ermənilər tərəfindən məhv edilib.
Altıncı prinsip. Yaşayış məntəqələrinin bir-birinə yaxın salınması daha uyğun meyar kimi qəbul edilib.
Yeddinci prinsip. Ərazidə faydalı qazıntıların və turizmin inkişafı imkanlarının olması vacib iqtisadi fəaliyyət imkanının olması kimi qiymətləndirilir. Bu məntəqələrin yaxınlığındakı ərazilər inkişaf üçün daha uyğun ərazilər hesab olunur.

P.S Yazı “Şəffaf Qarabağ ” Facebook səhifəsindən götürülüb

скачать dle 12.1
Xəbər lenti