“Avropada satılmasın, Azərbaycanda satılsın. Orada yanır qaz, amma biz evin içində ölürük”

26-01-2023, 21:07
5 341
“Avropada satılmasın, Azərbaycanda satılsın. Orada yanır qaz, amma biz evin içində ölürük”

İsmayıllının Enişdibi kəndinin sosial problemləri çoxdur. Amma qarlı-çovğunlu günlərdə camaatın əsas dərdi istilik olur. Sakinlərin dediyinə görə, kəndə bir ildir qaz xətti çəkilib, sayğaclar qoyulub, amma qaz verilmir.

“Qazın turbalarını gətirib tökdülər, hamı da çəkənlərə hörmət elədi. Mən kasıb adamam, qoca adamam, 200 manat pensiya almaqla pulumu qaz idarəsinə keçirdim. Dedim qaz çəksinlər, odunum yoxdur. Gətirib çəkiblər. Gah deyirlər bu gün buraxacağıq, gah deyirlər sabah buraxacağıq. Gedirik qaz idarəsinə, deyirlər, gedin icraya, icraya gedirik, bizi içəri buraxmırlar” – sakin Böyükxanım Bayramalıyeva.

Əyyub Əhmədov da 70 ildir, bu kənddə yaşayır. Deyir, qaz xəttinin çəkilməsi üçün onlardan 251 manat pul istənilib. Sakinlər öz ciblərinin puluyla qaz boruları da alıblar. Arxayın olublar ki, nəhayət, bu qış evlərə qaz veriləcək.

“Avropada satılmasın, Azərbaycanda satılsın. Biz də pul verəcəyik. Gedir Avropada yanır qaz, amma biz evin içində ölürük. Səhərlər uşaqları məktəbə göndərə bilmirik. Qoca adamlarıq, xəstələnirik, ölürük. Çay tapıb, çay içə bilmirik” – sakin Əyyub Əhmədov.

Kənd sakinləri deyir, İsmayıllının icra başçısı Nahid Bağırov 2021-ci ildə sakinlərlə görüşü zamanı kəndə tezliklə qaz çəkiləcəyinə dair söz verib. Amma indi icra hakimiyyətindən bir nəfər də olsun, sakinlərin dərdiylə maraqlanmır.

“Bizim icra başçısının ailəsi səhər tezdən hansı ab-havada durur yuxudan? Mən isə 10 dəfə əsnəyirəm, 5-6 dəfə özümə gələ bilmirəm, soyuqdan. Ar olsun belə vəzifə başçılarına. O qaz tənzimləyiciləri lazımsızdırsa, gəlib onu da qoparsınlar, metalloma satıb, ciblərinə qoysunlar” – sakin Qızqayıt Bayramalıyeva.

Kəndə qonaq gələn Rauf Həsənov da sakinlərin şikayətlərinə qoşulur. Qazsızlıqdan əziyyət çəkən sakinlərin problemlərini bölüşür.

“Burda adam var ki, çox kasıb, çox pis şəraitdə yaşayır, inəyini satıb, 251 manat verib ki, mənə qaz çəkin. Hələ də ona qaz çəkilməyib, 251 manatı da gedib, qazı da çəkilməyib. 2 veteran ailəsi var, guya onlara pulsuz çəkiləcəkdi. Heç onlara sayğac da qoyulmayıb” – sakin Rauf Həsənov.

Kənd sakinləri deyir, bu il qaz veriləcəyini düşündükləri üçün heç odun ehtiyatlarını da yığmayıblar. Meşədən də odun gətirməyə icazələri yoxdur.

“Bu yaşda mən nəylə qızınım? Qəhrəman anayam. Neçə dəfə istəmişəm İlhama məktub yazım. Deyiblər, eləmə. Unun bir kisəsi neçədir? Mən o qaza verdiyimi bir tikə çörəyə verərdim, yeyərdim” – sakin Böyükxanım Bayramalıyeva.

Sakinlərin şikayətlərilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinin Enişdibi kəndi üzrə nümayəndəliyindən bildirilib ki, çəkilişdən sonra kəndə baş çəkilib.
Kənd nümayəndəsi Yaşar Şirəliyevin dediyinə görə, köhnə qaz tənzimləyicilər dəyişdirilib, yeniləri ilə əvəz olunacaq. Yaxın vaxtlarda isə kəndin qazla təmin olunması gözlənilir.

скачать dle 12.1
Xəbər lenti