SMDT Azərbaycanda insan hüquqları sahəsində böhranın dərinləşdiyini qeyd edib

29-01-2023, 14:02
5 423
SMDT Azərbaycanda insan hüquqları sahəsində böhranın dərinləşdiyini qeyd edib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki və siyasi hüquqların pozulması hallarına dair hesabat hazırlayıb. SMDT Azərbaycanda insan hüquqlarının müdafiəsi, seçki sisteminin təkmilləşdirilməsi, vətəndaşların idarəçilikdə iştirak imkanlarının artırılması və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

SMDT təəssüflə bildirir ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2022-ci ildə də müşahidə olunub. 2022-ci ildə də, ötən illərdə olduğu kimi, vətəndaşlar tənqidi çıxışlarına görə təhdid və təzyiqlərə məruz qalıblar, dinc aksiyaların qarşısı mütəmadi olaraq alınıb, hökumətin tənqidçilərinə qarşı təqiblər davam edib. 2022-ci ildə qəbul edilən “Media haqqında” qanun ölkədə ifadə azadlığı, müstəqil media qurumlarının fəaliyyətinə yeni məhdudiyyətlər gətirib. Ümumiyyətlə, müstəqil media təmsilçiləri il ərzində davamlı olaraq təzyiq altında olub. Müstəqil media orqanları və peşəkar jurnalistlər peşə fəaliyyətlərinə görə zorakılığa və təhdidlərə məruz qalıb, veb saytlarına giriş məhdudiyyətləri, sosial media hesablarının ələ keçirilməsi kimi pozuntular qeydə alınıb. Eyni zamanda, bu il təklif edilən “Siyasi Partiyalar haqqında” qanun yerli və beynəlxalq qurumların tənqidi rəyləri nəzərə alınmadan, ölkədə siyasi iştirak və birləşmək azadlığını məhdulaşdıran normaları milli qanunvericliyə gətirməklə qəbul edilib. Bu qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi öyrənilməyib, qanun konseptual və geniş ictimai müzakirələr keçirilmədən tələsik şəkildə qəbul edilib. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini tənzimləyən normativ aktların Avropa Şurası standartlarına uyğun şəkildə təkmilləşdirilməsi baş verməyib. 2013-2014-cü illərdə siyasi motivlərlə həbs edilən hüquq müdafiəçilərinin hüquqlarının pozulması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərarlar tam şəkildə icra edilməyib. İlin sonunda ictimai fəal Bəxtiyar Hacıyev qondarma ittihamlar əsasında azadlıqdan məhrum edilib. Ümumilikdə il ərzində siyasi məhbusların sayı ciddi şəkildə azalmayıb, hakimiyyət onların azadlığa buraxılması ilə bağlı siyasi iradə nümayiş etdirməyib. SMDT bu il boyunca ümumilikdə 229 hal əsasında mülki və siyasi hüquqların dəyərələndirlməsini aparıb. Bu hallar arasında ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi hüquqların pozulması üstünlük təşkil edib, deyə hesabatda bildirilir.

Sonda təşkilat aşağıdakı tövsiyələri irəli sürüb:

Azərbaycanda məhəmə-hüquq sisteminin müstəqilliyinin təmin olunması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri icra olunsun, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası təmin olunsun və müvafiq pozuntulara cavabdeh şəxslərin hüquq-mühafizə və məhkəmə sistemindən uzaqlaşdırılması təmin edilsin.

Hakimiyyət siyasi iradə nümayiş etdirərək, siyasi təqibləri dayandırmalı, siyasi motivlər əsasında həbs edilmiş məhbsuların azadlığa çıxmasını təmin etməlidir;

İşgəncə və pis rəftarla bağlı vətəndaşların şikayətləri vaxtında və şəffaf şəkildə araşdırılmalı, müvəqəqti saxlama yerləri, istintaq təcridxanaları və həbsxanalarda ictimai nəzarət təmin edilməldir;

Vətəndaşların ifadə azadlığının müdafiəsi ilə bağlı AİHM-in müvafiq qərarlarından irəli gələn müddəalar icra edilməli, sosial media istifadəçilərinə qarşı təqiblər dayandırılmalı, “Media haqqında” qanunun Avropa Şurası və ATƏT standartları əsasında təkmilləşdirlməsi təmin edilməlidir;

Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə məhdudiyyətlər yaradan “QHT-lər haqqında”, “Hüquqi şəxslərin reyestri haqqında” və “Qrant haqqında” qanunlar Avropa Şurası Venesiya Komissiyasının müvafiq tövsiyələri əsasında təkmilləşdirilməlidir;

Müxalif siyasi partiyalar və hərəkatların fəaliyyətinə məhdudiyyətlər aradan qaldırılmalı, “Siyasi partiyalar haqqında” qanun Avropa Şurası Venesiya Komissiyasının rəyi əsasında təkmilləşdirilməlidir.

скачать dle 12.1
Xəbər lenti