Azərbaycanda soğanın gözyaşardan qiyməti: Bizi “ağladan” hansı dövlət qurumudur?

4-02-2023, 10:50
4 554
Azərbaycanda soğanın gözyaşardan qiyməti: Bizi “ağladan” hansı dövlət qurumudur?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin imzaladığı qərara əsasən, cari ilin may ayının 1-dən baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib. 

Xatırladaq ki, son illər Azərbaycan soğanın qiymətindəki fantasik artım böyük səs-küyə səbəb olmuşdu. Belə ki, yol qırağında 20-30 kiloluq kisələrdə satılan soğanın qiyməti 5-6 manat olsa da, paytax marketlərində bu qiymətlər absurd şəkildə dəyişir. Hazırda paytaxtın bir sıra marketlərində soğanın kilosu 1.30-2 manat civarında qərarlaşıb. 

Azərbaycanda yaranan “soğan böhran”ını şərh edən iqtisadçı ekspert Nazim Bəydəmirli Yenisabah.az-la söhbətində bildirib ki, burada əsas günahkar Dövlət Gömrük Komitəsidir: 

“Konkret hansı məhsulların gömrük rüsumundan azad olunub-olunmamasını müzakirə etmək doğru deyil. Ancaq istehlak mallarının qiymətinin tənzimlənməsi təbii ki, Azərbaycan hökumətinin əlindədir. O cümlədən proqressiv dünyada hər hansı bir məhsul bahalaşdığı zaman hökumət ya onun idxal rüsumlarını ləğv edir, ya kifayət qədər azaldır, ya da ki, idxaldan olan vergilərini aradan götürür”. 

Onun sözlərinə görə, qiymətlərin baha olmasına baxmayaraq, Azərbaycanda soğan istehsalı daxili tələbatı tam ödəyir:

“Hətta xatırlayırsınıza, Azərbaycanda soğan ehtiyatı çox olduğuna görə, bir neçə il bundan qabaq qiymətləri düşmüşdü. Əslində, bir neçə ildir ki, soğan qonşu ölkələrə, ən əsas da Türkiyəyə ixrac olunurdu. Ola bilər ki, qiymətlər ona görə bahalaşıb”. 

Çıxış yolundan söz açan N.Bəydəmirli əlavə edib ki, hökumət, gərək, vətəndaşları düşünə və idxaldan olan gömrük rüsumlarını azalda: 

“Yeri gəlmişkən, müqayisə edək ki, idxal olunan məhsulların faizi Gürcüstanda bizdən bir neçə dəfə aşağıdır. Bunu aradşıranda görürük ki, Gürcüstanda ümumi gömrük rüsumları ortalama 3,5%-dirsə, Azərbaycanda bu 12,5%-dir. Yəni Azərbaycanda bir çox məhsulların gömrük rüsumu 15%-dir. Üstəgəl, idxaldan olan əlavə dəyər vergisini də (ƏDV) nəzərə alsaq, bu da təqribən 36% qiymətləri bahalaşdırır. Həmçinin, keçən ilin sonlarında Baş nazir Əli Əsədov parlamentdə çıxış edərkən etiraf etmişdi ki, Azərbaycanda ərzaq məhsullarındakı inflyasiya 2022-ci ildə təqribən 60% olmuşdu”. 

Müsahibimiz iddia edib ki, hökumət istəsə, bu qiymətləri sabit saxlaya bilər:

“Ancaq hökumətin əksər qərarları daxildə olan inhisarçıları qorumağa hesablanır. Əslində, gömrük orqanları da həmin oliqarxları qorumaqla məşğuldur və bəyannamə qiymətlərini artırır. Qısası, vətəndaş, sahibkar ucuz məhsul tapıb Azərbaycana gətirsə belə, o, statistik dəyər altında bunun qiymətini yüksək göstərməyə məcbur edilir. Beləliklə də ölkədə süni qiymət artımı yaranır. Yəni Azərbaycandakı qiymət artımı gömrük orqanlarının “fəaliyyəti”ndən asılıdır”. 

скачать dle 12.1
Xəbər lenti