Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?

11-11-2023, 11:55
115
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasına ayrılan vəsaitin şəffaf idarə edilməsinə nəzarət gələn ildən artırılacaq. Bununla bağlı  Azərbaycanda “Dövlət satınalmaları haqqında”  yeni qanun layihəsi qəbul olundu”.
Bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Toplum Tv-yə verdiyi müsahibəsi zamanı bildirib.
Böyük Qayıdış Proqramının birinci mərhələsi
İşğaldan azad edilmiş ərazilərə köç və bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramının birinci mərhələsinə görə, 2022-2026-cı illəri əhatə edir. Proqram çərçivəsində 2026-cı ilin sonunadək ümumilikdə 34 min 500 ailənin, 140 min şəxsin öz yurdlarına geri qayıdacağı gözlənilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2014-cü ildə təqdim etdiyi statistikaya əsasən Azərbaycanda 600 mindən çox məcburi köçkün var.
Bəs yerdə qalan məcburi köçkünlərin aqibəti necə olacaq?
Vüqar Bayramov cavab olaraq bildirib ki, məskunlaşma prosesi mərhələli şəkildə həyata keçiriləcək:
“ Digər vətəndaşlarımızın da öz ata-baba yurdlarına qayıdışı təmin olunacaq.  Birinci mərhələdə əsas üstünlük mənzil şəraiti, yaşayış şəraiti nisbətən çətin olan ailələrə verilir. Amma burada qeydiyyat da önəmlidir. Məsələn, Füzuli şəhərinə məskunlaşma zamanı məcburi köçkünlərin Füzuli şəhərində qeydiyyatda olması əsas meyarlardandır. Füzuli şəhərinə bu ilin sonunadək 2000 şəxsin məskunlaşması nəzərdə tutulub. Hazırda 1000-dək vətəndaşımız ora məskunlaşıb. Əlavə edim ki, 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşması və yaşaması gözlənilir”,-  Bayramov söyləyib.
İqtisadçı ekspert Qalib Toğrul Toplum Tv-yə verdiyi müsahibəsində məskunlaşma prosesini təhlil edərkən söyləyib ki, bugünədək 2022-2025-ci illər üçün hədəfə qoyulan əhalinin cəmi 8-9 faizi işğaldan azad edilmiş ərazilərə köçürülüb:
“2023-cü ilin oktyabr ayının 31-dək  işğaldan azad edilmiş ərazilərə cəmi 3258 nəfər köçürülüb. Onlardan 871-i Zəngilanın Ağalı kəndinə, 90 nəfəri Tərtərin Talış kəndinə, 1205 nəfəri Laçına, 998 nəfəri Füzuliyə, 94 nəfəri isə Zabuxa  köçürülüb. Proqramda nəzərdə tutulur ki, 2022-2025-ci illərdə 10 min 270 ailə köçürülməlidir. Yəni 3258 nəfər haradasa 800-900 arası ailə deməkdir.  Bu da haradasa 2022-2025-ci illər üçün qoyulan hədəfin təxminən 8 faizdən bir az çox hissəsini təşkil edir. Məskunlaşmanın ləngimə səbəblərindən biri ərazilərin minalardan təmizlənməsi prosesidir. İşğaldan azad olunmuş torpaqlara 1 milyon 500 mindən çox mina basdırılıb.  1 noyabr 2020-ci ildən 1 oktyabr 2023-cü ilədək cəmi 99 min 869 hektar ərazi minalardan təmizlənib. Amma proqramda  hədəf qoyulub ki, 2022-2025-ci illərdə 215 min hektar, 2020-2026-cı illərdə  280 min hektar ərazi minalardan təmizlənməlidir. Həm də 600 mindən çox məcburi köçkünün hamısı köçürülməyəcək.  Proses könüllü şəkildə həyata keçirilir, çünki bərpa işləri dövlət vəsaitləri hesabına aparılır”, – ekspert vurğulayıb.
Deputat Vüqar Bayramov isə deyir, 2023-cü ilədək əsas prioritet işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması olub. Bayramov  İkinci Qarabağ müharibəsindən sonra, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin hansı istiqamətlərdə istifadə edildiyindən söz açıb. Deputatın sözlərinə görə, gələn ildən əhalinin qayıdış prosesi sürətləndiriləcək:
“Son üç il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 12 milyard manata yaxın vəsait ayrılıb. 2024-cü ildə işğaldan azad edilmiş ərazilərə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Əvvəlki illərdə ayrılan vəsaitin əhəmiyyətli hissəsi infrastrukturun formalaşmasına yönəldilirdi. Buna kommunal xidmətlər üzrə şəbəkənin- elektrik, su, qaz, digər əsas xətlərin, nəqliyyat və logistika sisteminin formalaşdırılması məsələləri aiddir. Amma növbəti ildən vəsaitlərin əhəmiyyətli hissəsi yaşayış binalarının inşasına istifadə olunacaq. Təbii ki, paralel olaraq infrastruktur üzrə işlər də davam etdiriləcək”,- deputat əlavə edib.
Bəs işğaldan azad edilmiş torpaqlara qayıdan vətəndaşlar indi nə işlə məşğuldur?
Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalı yeni salınacaq kəndlərdəki təsərrüfata yararlı əkin sahələrinin aqibətindən narahatdır. O, hökumətə sual edir: İşğaldan azad edilmiş ərazilərə dönən sakinlərin mülkiyyətinə həmin əkin sahələri veriləcək, ya yox?  
“Məsələn, Zəngilanın Ağalı kəndində məskunlaşan ailələrin kiçik həyətyanı sahədən başqa torpağı yoxdur. Kənd sakinlərinin bir hissəsi yaxınlıqda salınmış min hektarlarla əkin torpaqlarında və meyvə bağlarında mövsümi işlərlə məşğuldur. Torpaq isə Türkiyə investoru ilə “Paşa Holdinq”in birgə müəssisəsinə qismət olub. Bəlkə geri qayıdan ailələr yalnız özünəməşğulluq proqramlarında iştirak edəcəklər? Yoxsa hökumət keçmiş məcburi köçkünləri azad olunmuş ərazilərdə qurulan sahibkar müəssisələrində ucuz işçi qüvvəsi kimi görür? Suallar açıqdır. Hökumət isə torpaq islahatı haqda hələki niyyətini elan etməyib”,- Babalı açıqlamasında əlavə edib.
Toplum Tv işğaldan azad edilmiş ərazilərdəki əkin sahələrinin aqibəti ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusu yollayıb. Nazirlikdən bildirilib ki, həmin sorğunu  Prezident Administrasiyası cavablaya bilər. Administrasiya isə Toplum Tv-nin təqdim etdiyi sorğunu aylarla cavabsız qoyub.
Deputat Vüqar Bayramov müsahibəsi zamanı özəl sektorun işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi məsələsinə toxunub.  Danışır ki, gələn ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda özəl sektorun fəaliyyəti həm də yeni iş yerlərinin açılmasına təkan verəcək:
“Nəzərə alsaq ki, bərpa-yenidənqurma  işləri yalnız daxili maliyə mənbələri hesabına həyata keçirilir. Bugün Azərbaycan  Qarabağ və Şərqi Zəngəzuru öz daxili vəsaitləri hesabına qurur.  Növbəti mərhələdə özəl sektorun daha fəal iştirakı, həmin sektor üçün güzəştlərin tətbiqi imkan verəcək ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı daha qısa zamanda formalaşsın və Azərbaycan iqtisadiyyatına reinteqrasiya ola bilsin”, – Bayramov bildirib.
Vüqar Bayramov – Açıq mənbələrdən götürülüb
“Dövlət satınalmaları haqqında” yeni qanun: Xərclər şəffaf idarə olunacaqmı?
Deputat Vüqar Bayramov danışır ki, bu ilin iyulunda Milli Məclisdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi qəbul edilib. Sözügedən qanun layihəsi gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək. Onun sözlərinə görə, yeni mexanizmin tətbiqi həm də dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənilməsi prosesində şəffaflığı artıracaq:
“Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasına ayrılan vəsaitin şəffaf xərclənilməsi əsas prioritetlərdəndir.  Qəbul edilmiş “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi əsasında satınalmalarda şəffaflığın artırılması, büdcə vəsaitlərinin bölüşdürülməsində əlçatanlığın güclənməsinə imkan yaradacaq”,- deputat bildirib.
 Bayramov yeni qanun layihəsinin necə işləyəcəyini izah edib:
“Yeni mexanizmlər dövlət əmlaklarının hərrac vasitəsilə təqdim olunması, hərracların elektron qaydada keçirilməsi, satınalmaların şəffaflığının gücləndirilməsinə xidmət edəcək.  Ona görə də Qarabağ və Şərqi Zəngəzura dövlət büdcəsindən ayrılan vəsaitlərin məhz dövlət satınalmaları prinsipi ilə, buna uyğun tenderlərin keçirilməsi ilə reallaşacaq. Bu səbəbdən dövlət büdcəsindən təkcə Qarabağ üçün deyil, müxtəlif istiqamətlərə ayrılan vəsaitlərin xərclənilməsində şəffaflığın artırılması gələn ildən daha da güclənəcəyi gözlənilir”.
Hərrac – bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə.
Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalı Toplum Tv-yə verdiyi müsahibəsində deyir ki, yeni qanun layihəsi sayəsində  Böyük Qayıdış Proqramının icrası, o cümlədən yaşayış yerlərinin tikintisi ilə bağlı informasiyaya tam əlçatanlığın olacağı, biznes subyektlərinə bərabər imkanlar yaradılacağını düşünmək sadəlövhlük olar:
“İndiki qanunun özü də layihələndirmə və tikinti işləri kimi sahələrdə bir mənbədən müqavilə metodunun tətbiqinə imkan vermir. Amma dövlət satınalmalarına nəzarət orqanının razılığı ilə bu satınalma metodu tətbiq olunur.  Məsələn, bu ilin avqust ayında Şərqi Zəngəzurda təmir-tikinti, yenidənqurma, abadlıq və işıqlandırma sistemlərinin quraşdırılması işləri üçün Bakıda abadlıq işlərinin əsas icraçılarından olan özəl şirkətlə 250 milyon manat dəyərində birbaşa müavilə imzalanıb. Bu halda dövlət satınalmalarına nəzarət edən Antiinhisar xidmətinin gələn ildən mübarizə aparacağını düşünmürəm. Çünki, işlərin “təcili icrası zərurəti” kimi formal bəhanə qanunda yenə də yer alır”,- jurnalist əlavə edib.
Hafiz Babalı – Açıq mənbələrdən götürülüb 
“Qapalı” zonada aparılan “qapalı işlər”
Araşdırmaçı jurnalist Hafiz Babalı işğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitin idarəedilməsində şəffaflığı məhdudlaşdıran ciddi məqamlara diqqət çəkir. Deyir, parlamentdə dövlət büdcəsi təsdiq olunan zaman həmin xərclərin hansı layihələrə sərf olunacağı ictimaiyyətdən gizlədilir:
“Böyük Qayıdış Proqramının Tədbirlər planında nəzərdə tutulan və dövlət büdcəsi hesabına maliyyələşdirilən konkret layihələrin siyahısı üzərinə sirr pərdəsi çəkilib. Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərin bərpasına ayrılan vəsait parlamentdə dövlət büdcəsi təsdiq olunarkən yalnız bir xərc maddəsi ilə təsdiq olunur. Həmin xərclərin məhz hansı layihələrə sərf olunacağı isə dövlət başçısının ictimaiyyətdən məxfi saxlanılan sərəncamında müəyyən olunur. Odur ki, 2024-cü ildə icrasına başlanılacaq layihələr barədə qəti rəy bildirmək asan məsələ deyil”,- jurnalist əlavə edib.
İqtisadçı Qalib Toğrul bildirir ki, tenderlərin şəffaf keçirilməsi ilə bağlı əsas maneə qanunvericilik deyil.  Deyir, idarəetmə mexanizmində olan boşluqlar aradan qaldırılmasa- məmurlar bizneslə məşğul olmasa, dövlət büdcəsinə ictimai nəzarət təşkil edilməsə heç bir qanun korrupsiya və rüşvət risklərinin qarşısını almayacaq:
“Sifarişçi dövlət qurumları dövlət büdcəsindən aldıqları vəsaitin xərclənilməsi ilə bağlı hər hansısa hesabat açıqlamırlar. Tenderlərin keçirilməsi ilə bağlı məlumatlar ya qapalıdır, ya da ümumiyyətlə, tenderlər keçirilmir. Birbaşa müqavilə yolu ilə vəsaitlər podratçılara verilir.  Xüsusilə iki qurumun adını qeyd etmək istəyirəm. Bunlardan biri Avtomobil Yolları Dövlət Agentliyidir. Bu agentlik dövlət büdcəsindən Qarabağa ayrılan vəsaitin 2021-ci ildə 73, 2022-ci ildə 78 faizini xərcləyib.  Amma qurum heç bir tender müsabiqəsi keçirmir.  Agentliyin tikinti-quraşdırma işləri həyata keçirən müəyyən alt qurumları var. Qarabağda həyata keçirilən işlər də müqavilə ilə  həmin qurumlara verilir.
Digər dövlət qurumu Dövlət Şəhərsalma və Arxitektura  Komitəsidir. Bu qurum hazırda Qarabağda bərpa olunan yaşayış məntəqələrini, şəhərsalma əsaslandırmasını hazırlayır. Onların da bütün layihələri ancaq birbaşa müqavilə yolu ilə icraçı şirkətlərə verilir. Hər iki quruma ünvanladığımız  informasiya sorğularına cavab verilmir. Necəki Qarabağ qapalı zonadır, orada aparılan işlər də qapalı aparılır”.
Tender- satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə
Podratçı – satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi
2023-cü ilin dövlət büdcəsində Böyük Qayıdış proqramının icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
 Maliyyə Nazirliyinin hesabatına əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb.
Böyük Qayıdış proqramı iki mərhələdən ibarətdir. Birinci mərhələ 2022-2026-cı illəri, ikinci mərhələ isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edir.
İqtisadçı Qalib Toğrul vurğulayıb ki,  hər bir dövlət proqramı kimi Böyük Qayıdış Proqramının da icrası ilə bağlı monitorinq və nəzarət işləri aidiyyatı dövlət qurumlarına həvalə olunub. Bu səbəbdən Nazirlər Kabineti, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilin sonunda hesabat təqdim etməlidir. Ekspert əlavə edir ki, bugünədək işğaldan azad edilmiş ərazilərə köç prosesi və bərpa-quruculuq işlərinin nə dərəcədə şəffaf aparılması ilə bağlı tam qiymətləndirmə vermək elə həmin qurumların ictimaiyyətə açıqlayacağı hesabatlardan asılıdır.скачать dle 12.1
Xəbər lenti