Qubad İbadoğlu ayaqlarının ağrısından yata bilmir

18-11-2023, 13:08
90
Qubad İbadoğlu ayaqlarının ağrısından yata bilmir
Noyabrın 16-da Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, professor Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı yeni məlumat yayıb. Qardaşının sözlərinə görə, professor gecə ayaqlarının ağrısından yata bilmir, gün ərzində xroniki yorğunluq və halsızlıqdan əziyyət çəkir.”Bel-oma nahiyyəsindəki problem (protruziya, fəqərəarası dəliklərin daralması, degenerasiya, sinir qıcıqlanması, osteofit və sair) o qədər kəskinləşib ki, hərəkət qabiliyyəti hər gün bir az da məhdudlaşır. İnsulinin tətbiqindən sonra onun yan təsirləri müşahidə edilməkdədir, ürək döyüntüləri 115-120 arası olur. Bu da aortanın anevrizması xəstəliyi kimi ciddi ürək problemi olan qardaşım üçün çox təhlükəlidir”.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qalib Toğrul bildirib ki, 20 günə yaxındır ki, qardaşı Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə nevroloq (və ya nevropatoloq) və endokrinoloq müayinəsinin keçirilməsi üçün müraciət edib.”Ancaq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkim müayinəsini təmin etmir, əvəzində göndərdiyimiz sorğulara imtina cavabları verməklə məşğuldur”, deyə o qeyd edib.Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay da uzadılıb.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.скачать dle 12.1
Xəbər lenti