Azərbaycan mediaya qarşı kiberhücumlara görə Rusiyanı günahlandırır

3-05-2025, 18:38
11
Azərbaycan mediaya qarşı kiberhücumlara görə Rusiyanı günahlandırır
Parlamentin komissiya sədri bildirir ki, hücum “yüksək texniki səviyyədə” həyata keçirilib
Bakı hesab edir ki, fevralda Azərbaycanın media resurslarına edilən kiberhücumun səbəbi “Rus Evi” və “Russia Today”-in nümayəndəliyinin bağlanması olub.
Fevralın əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyinin müraciəti əsasında “Rus evi”nin (Rossotrudniçestvo nümayəndəliyi) Bakıdakı fəaliyyətinə xitam verilib. Kreml bunu “anlaşılmazlıq” adlandırıb. Daha sonra fevral ayında “Sputnik Azərbaycan” adı ilə fəaliyyət göstərən Rusiyanın “Rossiya Seqodnya” media qrupunun Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
Fevralın 20-də Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin məruz qaldığı kiberhücum Rusiyanın “Cozy Bear”, “Midnight Blizzard” və “The Dukes” kimi tanınan APT29 kibercasus qrupu tərəfindən həyata keçirilib, bu barədə Milli Məclisin Xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə üzrə komissiyasının sədri Ramid Namazov “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirildiyi ictimai müzakirələr zamanı bildirib.
Namazovun sözlərinə görə, hücum “yüksək texniki səviyyədə” həyata keçirilib. Hücumun təşkilatçıları Rusiya Federasiyasının maraqları naminə yüksək prioritetli kiber əməliyyatlar üzrə ixtisaslaşıb, onların hədəfləri dövlət qurumları, diplomatik nümayəndəliklər, enerji sektoru, müdafiə sektoru və mediadır.
Namazov qeyd edib ki, Rusiyanın Azərbaycan mediasına hücumu iki ölkənin müttəfiqlik bəyannaməsinə və “ikitərəfli münasibətlərin ruhuna” ziddir və bu, “təəssüf doğurur”. O, ehtimal olunan səbəb kimi Bakıda “Rus Evi”nin fəaliyyətinin dayandırılmasını və hücum zamanı müzakirə olunan “Russia Today”-in Azərbaycan nümayəndəliyinin ləğvi məsələsini göstərib.
“Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”, – Namazov deyib.
Müzakirələr zamanı azərbaycanlı deputat Rasim Musabəyov qeyd edib ki, “kiberhücumlar hərbi hücumlara bərabərdir” və buna görə də Azərbaycan xüsusi xidmət orqanları baş verənləri rusiyalı həmkarları ilə müzakirə etməlidir. Namazov da buna cavab olaraq bildirib ki, artıq belə danışıqlar aparılır.
Jurnalistlər Birliyinin rəhbəri Müşfiq Ələsgərli də öz növbəsində Rusiya tərəfinə “ən azı ictimai təşkilatlar səviyyəsində” etiraz etməyi təklif edib. O qeyd edib ki, 2020-ci il müharibəsi və Azərbaycanda 2023-cü il antiterror əməliyyatı zamanı rəsmi Moskva Rusiya ərazisində rus dilində məlumat yayan bir sıra Azərbaycan saytlarını bloklayıb.
Fevralın 20-də baş verən kiberhücum Qlobal Media Qrupuna daxil olan onlayn resurslara – “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Caliber.az” və “Baku.ws” saytlarına təsir göstərib. Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) xəbər verir ki, həmin gün saytların server və idarəetmə panellərini sındırmağa cəhdlər edilib, onların əsas səhifələrində bəzi görüntülər yerləşdirilib.
Rəsmi Moskva Bakıdan gələn kiberhücumun təşkili ilə bağlı ittihamlara hələlik münasibət bildirməyib.скачать dle 12.1
Xəbər lenti