Deputatlar Kamran Əliyevin yenidən baş prokuror olmasına razılıq verdi

1-05-2025, 20:33
12
Deputatlar Kamran Əliyevin yenidən baş prokuror olmasına razılıq verdi
Bu gün, mayın 1-də Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.
Prezident İlham Əliyev baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
"Prokurorluq haqqında" Qanuna əsasən, baş prokurorunun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.
K.Əliyev 5 il öncə, mayın 1-də ölkənin baş prokuroru vəzifəsinə təyin edilib.
Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin təqdimatına əsasən Milli Məclis baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Rusiyada təhsil alıb, işləyib, korrupsiyaya qarşı idarəyə rəhbərlik edib...

K.Əliyev baş prokuror təyin edilənə qədər 6 il həmin qurumda birinci müavin postunu tutub.
O, 1965-ci il noyabrın 18-də Balakən şəhərində doğulub. 1987-ci ildə Rusiyanın İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək bir müddət orada çalışıb.
1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb. Həmin institutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunub. Kadrlar idarəsinin prokuroru və başqa vəzifələr tutub. 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun rəhbərlik etdiyi bu qurumla bağlı cəmiyyətdə birmənalı rəy olmayıb. Bəzi ekspertlər hesab edirlər ki, həmin idarə ölkədə korrupsiya ilə köklü və hərtərəfli şəkildə mübarizə aparmayıb. Hərçənd qurumun özündə belə fikirləri qəbul etmirlər.скачать dle 12.1
Xəbər lenti