Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi oldu
11-04-2025, 20:49
17
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi oldu
Keçmiş hərbi prokuror
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bu barədə təqdimat Milli Məclisin bu gün, aprelin 11-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Bunun ardınca X.Vəliyev Milli Məclisdə and içib.
Üç gün öncə, aprelin 8-də X.Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatmışdı. O, 1995-ci ildən hərbi prokuror vəzifəsini tuturdu. Bu müddət ərzində Hərbi Prokurorluğun apardığı bir çox cinayət işləri cəmiyyətdə müzakirə və şikayətlər doğurub.
Onlardan biri də 2017-ci ildə başlanan "Tərtər işi" olub. Həmin vaxt bir çox hərbçilər dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilmişdi. Onda əsgər və zabitlərə qarşı işgəncələr nəticəsində 11 nəfərin öldüyü vurğulanıb.
2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qaldıqlarını bildirənlərlə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də olub.
Tərtər işgəncələri ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər. Üstəlik, bezi şikayətlərə görə, işgəncələrə görə məsuliyyət daşıyan daha böyük vəzifəli şəxslər məsuliyyətdən kənarda qalıb. Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.
Bu ay Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb. Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb. X.Vəliyevin ötən ay 70 yaşı tamam olmuşdu.
скачать dle 12.1