Beynəlxalq koalisiya bu siyahını dərc etməklə həbsdə olan jurnalistləri diqqətdə saxlayırVahid Azad Mətbuat Koalisiyası “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının adını öz ölkəsində təqib olunan jurnalistlərin “10 Most Urgent” siyahısına salıb.
Beynəlxalq media orqanlarının daxil olduğu bu koalisiya 3 may – Dünya Mətbuat Azadlığı Günündə bu siyahını dərc etməklə həqiqəti dediklərinə görə həbs olunmuş jurnalist həmkarlarını diqqətdə saxladığını göstərir.
Koalisiyada 32 media qurumu təmsil olunur.
Məlumatı “Azadlıq” radiosu
yayıb.
“Bu 10 iş hökumətlərin jurnalistikanı kriminallaşdırmaq, medianı susdurmaq, informasiyanı ictimaiyyətdən gizlətmək səylərinə işıq salır”, – koalisiyanın yaydığı məlumatda deyilir.
Siyahı Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq Qadın Media Fondu (IWMF) və Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) ilə birlikdə tərtib olunub. CPJ 2024-cü ilin sonunadək dünyada 361 jurnalistin dəmir barmaqlıqlar arxasında olduğunu açıqlayıb. 2023-cü ildə bu rəqəm 320 idi.
Builki siyahıda Honq Konqdan 77 yaşlı media sahibkarı, Britaniya vətəndaşı Cimmi Lay, Myanmadan sənədli film rejissoru Şin Deve, Filippindən jurnalist Frençi Mey Kumpio, Vyetnamdan Fam Zoan Çanq, Belarusdan “Azadlıq” radiosunun jurnalisti İqar Losik, Azərbaycandan Sevinc Vaqifqızı, Rusiyadan “Azadlıq” radiosunun Ukrayna xidməti ilə əməkdaşlıq etmiş Vladislav Yesipenko, Çindən Li Yanhi, Qırğızıstandan Maxabat Tajibek kızı, Azamat İşenbekov və Ayke Beyşekeyeva, Türkiyədən Yoakim Medin yer alıb. Bu jurnalistlər terrorçu fəaliyyəti maliyyələşdirməkdən tutmuş, kütləvi iğtişaşların təşkilinədək maddələrdə ittiham olunublar. Onlar ittihamları rədd edirlər.
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
скачать dle 12.1