Vəkili: “Tofiq Yaqublu artıq huşunu itirir”

1-05-2025, 20:37
12
Vəkili: “Tofiq Yaqublu artıq huşunu itirir”
“O, hər bir an həyatını itirə bilər”
Vəkil Nazim Musayev bu gün Ədliyyə nazirliyinin müalicə müəssisəsində 31 gündür həbsinə etiraz olaraq aclıq edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb.
Nazim Musayev deyib ki, Tofiq Yaqublunun vəziyyəti həddindən artıq narahatedicidir.
“Günü-gündən çəkisi azalır. Bu gün çəkisi 79.6 kq-dır. Digər göstəricilərini yadında saxlaya bilmədiyi üçün məlumat verə bilmədi. Saxlanma şəraitindən şikayəti yoxdur. Həkimlərin nəzarəti altındadır. Vəziyyəti çox ağırdır. Hərəkətdə taqətsizdir, qolundan tutub gətirirlər. Artıq huşunun itirilməsi baş verir”.
Vəkil bildirib ki, Tofiq Yaqublu hər bir an həyatını itirə bilər.
“Ona görə təxirə salınmadan tədbirlər görülməlidir”.  
Tofiq Yaqublunun qızı Nigar Həzi “Facebook səhifəsində yazır ki, atasını müayinə etmək üçün həkim Adil Qeybulla müalicə müəssisəsinə buraxılmır:  
“Tofiq Yaqublu 31 gün ərzində 16 kq çəki itirib. Hər an geridönməz hallar baş verə bilər. Həkim Adil Qeybulla isə hələ də müəssisəsi buraxılmır.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.
Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.скачать dle 12.1
Xəbər lenti