Əvəz Zeynallıdan xoş olmayan xəbər var
14-04-2025, 19:09
16
Əvəz Zeynallıdan xoş olmayan xəbər var
"Xural TV" internet resursunun həbsdə olan təsisçisi Əvəz Zeynallıya xərçəng xəstəliyi diaqnozu qoyulduğu bildirilir. Bu barədə onun həyat yoldaşı
Məlahət Zeynallı məlumat yayıb. Onun deməsinə görə, bir müddət əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ə.Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı:
"Müayinəni aparmaq üçün lazım olan UZİ-ni (ultrasəs) yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan bir ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. Dörd dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən bir ay əvvəl Onkologiya Mərkəzinə aparıb biopsiya götürdülər...".M.Zeynallı aprelin 14-də AzadlıqRadiosuna deyib ki, öz həkimləri var və onlar Ə.Zeynalını müəssisədə həmin həkimin də müayinə etməsini istəyirlər. O, xəstəliyin təhlükəli şəkildə irəlilədiyini, müalicə üçün vaxtın azaldığını söyləyir: "Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qaraciyərinə yayılıb. Bugünlərdə "ximiya"ya başlayacaqlar".
M.Zeynallının vurğulamasına görə, Ə.Zeynallı son aylar 25 kiloqramdan çox çəki itirib. O, Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində Zeynalının müalicəsi üçün lazımi imkanların olmasına da şübhə edir: "Mən prezidentə də müraciət hazırlayıram...".
Onun fikrincə, Ə.Zeynallı lazımı müalicəni almaq üçün azadlığına qovuşmalıdır.
Xanımının bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.
2024-cü ildə Ə.Zeynallıya 9 il həbs cəzası kəsilib. Ötən ilin dekabrında onun həbs müddəti 2 ay azaldılıb.
Bu, Ə.Zeynallının ilk həbsi deyil. O, 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin iddiası əsasında saxlanaraq 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onda da ittihamı qurama sayan Ə.Zeynallı 2014-cü ildə əfv sərəncamı ilə azadlığa çıxmışdı.
скачать dle 12.1