Putinin Əliyevə “incə” mesajı

26-04-2024, 21:55
146
Putinin Əliyevə “incə” mesajı
Seymur Həzi
İlham Əliyevin Moskva səfərinin görünən nəticəsi bu oldu ki, Putin ona BAM-ı (Baykal Amur Magistralı) göstərib dedi ki, atan çəkən yollarla getmək daha etibarlı olar. Təbii ki, Əliyev də razılaşdı. Dedi ki, bizim münasibətlərimizin əsas xəritəsi imzaladığımız müqavilədir. Yəni müttəfiqlik sazişidir. Fikrimizcə, burada əsas məqam başqadır. Niyə? Bir halda ki, Əliyevin Moskvaya səfəri Kremlə biət təzələməkdən başqa bir şey deyil, deməli, ortada yeni bir şeydən daha çox köhnənin davamı məsələsi var. Elə bu məqamda səfər ərəfəsində “Sputnik.az” saytında çıxan “Kapitan Qrantın Uşaqları” adlı yazı diqqəti çəkməyə bilmir. Bu yazı əslində Azərbaycan cəmiyyətində Rusiyanın imperialist siyasətinə qarşı olanların “ifşa”sı, həmçinin onların haqqında görülən tədbirlər, görülməli olan tədbirlər haqqında hesabat və nəzəri istintaq materialı idi.
Tərtibatına və dilinə görə (ruscadan tərcümə olduğunu gizlətmək mümkün deyil) hətta demək olar ki, Rusiya xüsusi xidmət orqanlarında hazırlanmış sənəddir və sayta da oradan ötürülüb. Belə bir yazının işıq üzü görməsi, əlbəttə, indiki şəraitdə üstündən keçiləsi bir məsələ deyil. Burada çeşidli məqsədlərin olduğu aşkar görünür.
Birinci məqsəd
Rusiya istintaq və xəfiyyə orqanları bu materialla Azərbaycan hakimiyyətinə ölkə daxilindəki proseslərə ciddi şəkildə hakim olduqlarını, kimin kim olduğunu bildiklərini nümayiş etdirirlər. Bu həm də İlham Əliyevə “niyə ölkədə bu qədər antirusiyaçı var” ritorik sualı və ittihamıdır. Əlbəttə, Əliyev özü də istərdi ki, bu cameəni tamam məhv etsin, çünki bu həm də onun avtoritar hakimiyyətini qorumaq üçün lazımdır, amma bu elə də asan məsələ deyil. Beləliklə, bu yazının birinci məqsədi dəfələrlə müxalifəti məhv edəcəyini deyən, nifrət çıxışları edən, amma demokratik fikrin kökünü tam qazımağa müyəssər olmayan Əliyevi səfər qabağı silkələmək idi.
İkinci məqsəd
İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə, Gəncənin, Tərtərin, Bərdənin bombalanmasından sonra Azərbaycan cəmiyyətində pik həddə çatmış antirusiya əhval-ruhiyyəsi, bu ölkənin hakimiyyət kuluarlarındakı adamlarını Kremli aşkar təbliğ etməkdən çəkindirirdi. Bunu açıq müşahidə etmək mümkündür. Sonuncu iki deputatın ( Ağamalı və Həsənquliyev) açıqlamalarını nəzərə almasaq, son illərdə Rusiyanın mövqeyindən açıq çıxış edənlər azalmışdı. Bu, əslində, yaranmış vəziyyətə görə qınına çəkilmə idi. Budur, Rusiya əks-hücuma keçib və onun əleyhinə rəy yaradan mərkəzləri dağıtmaqla öz adamlarına gün üzünə çıxmaq mesajı verir. Demək istəyir ki, mərkəzi hökumət onsuz da öz işini görür, lazım olanı tutur, (tutdurur) lazım olanı susdurur, siz arxayın olun.
Üçüncü məqsəd
Rusiyalı “yazar”lar Azərbaycan hökumətinə demək istəyirlər ki, bir baxın sizə qarşı kimlər var. Demokratiya və azadlıq tələb edən yeni gənc nəsil yetişib. Siz kökünü kəsdiyinizi iddia etdiyiniz yol davam edir. Bunu “Azadlıq” qəzetindən başlayan abzasda aydın görmək olur. Putin öz mirzələri vasitəsilə “biz olmasaq işiniz asan olmaz” mesajını çatdırır.
Dördüncü məqsəd
Yazı başdan-başa Qərb fondlarının anti-Əliyev ssenarilərini “ifşa” etməklə məşğuldur. İlham Əliyev az qala quru sərhədləri bağlı saxlamaq üçün də arqumentasiyanı bu yazıdan götürüb. Hər cümlə deyir ki, səni məhv etmək üçün milyonlar xərcləyirlər, necə sağ qaldığına şükr et və bunları məhv et.
Beşinci məqsəd
Bəli, bizim gördüyümüz sonuncu məqsəd məhz budur ki, İlham Əliyevə dayanmamaq tövsiyyə olunur. Təlqin olunur ki, bu düşüncədə olanların axırına çıxılmasa, hakimiyyəti qoruyub saxlamaq mümkün olmayacaq. Ona görə də həbslər və təqiblər davam etməldir. Adı keçən hər kəs içəridə olmalıdır ki, çöldə rahat nəfəs almaq mümkün olsun.
Əsas məqsəd
Yaddaşı yaxşı olan oxucularımız bilir ki, biz bu metod haqqında çox yazmışıq. Söhbət nədən gedir. Kremlin əsas taktikası odur ki, İlham Əliyevi ölkə içində hamı ilə düşmən etsin. Həbslər, işgəncələr təqiblər artdıqca təbii ki, ona qarşı ictimai qəzəb də böyüyür. İlham Əliyev az-çox istinad etdiyi sosial dəstəyi də itirir. Bunun paralelində Qərb dünyası ilə bütün körpülər yanır və istər-istəməz tamamilə Rusiyanın orbitinə girir. Belə bir ssenari Cənubi Qafqazda Ermənistan və Gürcüstanı itirməkdə olan Rusiya üçün çox həyatidir. Kreml ona görə Əliyevə belə yaxından “jest”lər edir ki, digər iki ölkənin itkisini ya tarazlaşdırsın, ya da Cənubi Qafqazın Qərbə inteqrasiyasını yarımçıq qoymaq üçün ondan istifadə edə bilsin.
Bakıdan nə necə görünür?
Əlbəttə, Əliyevin də maraqları Qərbi regiona buraxmamağı tələb edir. Amma burada bir məsələ var ki, Qərblə bütün münasibətlərin korlanması da Əliyevə sərf etmir. Kreml isə ortada imitasiya üçün yol qoymur. Sanksiyaların gündəmə gəldiyi bir zamanda, həm də Azərbaycanda hakimiyyətdə qalmağın mənasızlığı sindromu ortaya çıxa bilər. Qərb əvvəl məmurlara, sonra neft-qaz alışına sanksiya qoyarsa, Azərbaycanda hakimiyyətdə olmaqla Türmkmənistanda hakimiyyətdə olmağın heç bir fərqi qalmır. Buna görə də Əliyev üçün hər iki seçim demək olar ki, arzuedilən deyil.
Kimdir “Sputnik.az”?
Xatırlayırsınızsa, Azərbaycanın milli maraqları əleyhinə dezinformasiyalar yaydığına görə iki azərbaycanlı xanım bu saytda işləməkdən imtina edib, ictimai qaydada istefa vermişdilər. Azərbaycan cəmiyyəti də bu istefaları alqışlamışdı. Üstəlik, xırda monitorinqdən də aydın görünür ki, “Sputnik.az”ın “Qərbin diversiya qrupları” adlandırılan media orqanları əsasən elə “Russia Today” şəbəkəsinin yaydığı dezinformasiyaları ifşa və təkzib edib. Yəni bu qəzəb dolu material bizi sevdiklərindən deyil, bizi aldada bilmədikləri üçün quyruq acısından ortaya çıxıb. Bir məqamı da unutmaq olmaz ki, İsveçdə Quranı yandırıb, Türkiyə-İsveç münasibətlərini korlayan məşhur jurnalistin də, vaxtıilə “Russia Today” ilə əməkdaşlıq etdiyi bəlli olmuşdu…скачать dle 12.1