Qazi intiharına aparan yol

2-12-2023, 20:18
222
Qazi intiharına aparan yol
Rövşən Hacıbəyli
“Dəmir yumruğun şanlı Zəfəri” kimi layihələr o yolda maneə deyil
44 günlük savaş sonrası gündəmdə olan mövzulardan biri qazi intiharıdır. Son 3 ildə onların sayı 50 nəfərdən çoxdur. Bu intiharların başlıca səbəblərindən biri sosial problemlər, diqqətsizlik, onların statusunun müəyyən olunmaması, əlillik dərəcələrinin alınması, eyni zamanda psixoloji problemlərdir, yəni müharibənin vurduğu yaralar qazilərin psixikasına da təsir edir, problemlər içində boğulanda xilası intiharda görürlər.
Bəzən qazilər müxtəlif sosial şəbəkələrdə canlı yayıma çıxıb dövlətdən əllərini üzdüklərini əsas gətirərək xalqdan yardım istəyirlər. Bu vaxt da başqa problemlər ortaya çıxır, hakimiyyətin nəzarətində olan qəzet və saytlarda dərhal həmin qazi ilə bağlı operativ məlumatlar yerləşdirilir. Baxmayaraq ki, onlar qazinin qaldırdığı problemlə bağlı heç nə yazmayıblar. Ancaq cavab verməyi özlərinə borc bilirlər: onlara ötürülən məlumatı əllərində olan resurslarda yerləşdirməklə. Orada qazinin filan qədər yardım, filan qədər təqaüd, “Yaşat” fondundan filan qədər vəsait aldığı göstərilir, yəni dövlətin qayğısı görüntüsü yaratmağa çalışırlar. Əslində, qazilərə maddi yardımdan da vacib psixoloji yardımdır. Müharibə travmasını maddi yox, psixoloji yardım aradan qaldıra bilir; vaxtında edilən psixoloji yardım. Şikayət varsa, deməli, edilən yardımlar yetərli deyil, məsələn, Qarabağ qazilərinə aylıq verilən 80 manat gülünc rəqəm deyilmi? Ola bilsin dövlət QHT Agentliyi vasitəsilə qrant şəklində ayırdığı vəsaitin də şəhid və qazi ailələrinə faydalı olduğunu düşünür…
Çünki 2020-ci il qələbəsindən sonra QHT Agentliyi də müsabiqələrində şəhid ailələri, qazilərlə bağlı layihələrin sayını və miqdarını artırıb. Layihələrdən bəzilərinin adlarına baxaq: “Müharibədən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərəri əks etdirən materialların hazırlanması və təbliği” – 10 min manat, “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” – 9 min manat, “Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” – 9 min manat, “Qarabağda “Savaş və Zəfər” adlı tədbirlərin təşkili” – 8 min manat, “Dəmir yumruğun şanlı Zəfəri” adlı tədbirlərin təşkili” – 10 min manat (Zəfər adı ilə bağlı saysız layihələr var), “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə hüquqi yardımların göstərilməsi” – 9 min 600 manat… bu tipli layihələrə 2021-ci ilin qrant müsabiqəsində 920 min manatdan artıq qrant verilib.
2022-ci ildə bu tipli layihələrə ayrılan qrantın məbləği 717 min manatdan çox olub. Eyni zamanda 2022-ci ildə kiçik qrantlardan əlavə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə fərdi (31 təşkilat) şəkildə 277 min 500 manat və koalisiya (21 QHT-nin birləşdiyi 7 koalisiya) şəklində 232 min manat qrant verilib. Məsələn, “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə 32 min manat ayrılıb, “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinə də 32 min manat verilib… Cəmi 509 min 500 manat, yəni kiçik qrantlarla birgə 1 milyon 200 min manatdan artıq vəsait ayrılıb.
2022-ci ildə şəhid Əzəmi Hüseynovla bağlı sənədli film çəkilməsi üçün 2 təşkilata 15 min manat qrant verilib: İstehlakçıların Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Emil Natiq oğlu Əkbərov “Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film”i üçün 8 min manat qrant alıb. Ötən 1 il ərzində bu filmə baxış sayı 382, bəyənmə sayı 13-dür.
Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin rəhbəri Tahirə Məhi qızı Məmmədova isə “Yalnız irəli – 3”: Şuşalı qəhrəman Əzəmi Hüseynov haqqında sənədli filmin çəkilişi üçün 7 min manat qrant alıb. 1 il ərzində bu filmə baxış sayı 529, bəyənmə sayı 21-dir. 
Şəhidlər haqda film çəkmək yaxşı təşəbbüsdür, çox olmalıdır bu filmlər, ailələrə böyük təsəllidir, ancaq peşəkarlar çəkməlidir onu. Bu iki təşkilata ayrılan pulu bir peşəkar təşkilata ayırıb daha sanballı, baxılan film ortaya qoymaq olmazdımı?..
2023-cü ildəsə Qarabağ, Zəfər tədbirləri, şəhid ailələri və qazilərin sosial problemləri, onlara hüquq yardımı layihələrinə 483 min manatdan artıq qrant verilib. Ümumilikdə götürsək, son 3 ildə bu həssas qrupla bağlı layihələrə 3 milyon manata yaxın pul xərclənib. Az məbləğ deyil, ancaq effekt yoxdursa, bəlkə, başqa yol seçmək gərəkdir. Məsələn, həmin vəsaiti yardım şəklində birbaşa ailələrin özünə vermək, vasitəçisiz, arada “quşboğan”lar olmadan; nə qədər gec deyil…скачать dle 12.1