Gülməkdən ölən nazir haqda əhvalat

18-04-2024, 19:50
140
Gülməkdən ölən nazir haqda əhvalat
Dünənki yazımda Naxçıvanın maliyyə naziri işləmiş Rafael müəllimin məhkəməsindən, orada paket maaşları haqda ortaya çıxan maraqlı dialoqdan yazmışdım. Təkrar edim, oxumayanlar da bilsin. Dövlət ittihamçısı Rafael müəllimdən soruşurdu ki, ayda nə qədər “paket” alırmış, o isə cavabında “15 min manat” söyləyirdi. Mənə həmin pulun mənbəyi maraqlı gəlmişdi. Kim verirmiş bu qədər pulu - sualım belə idi. Sonradan məhkəmədə dəqiqləşdirmə aparılıb, Rafael müəllim deyib: “Seymur Talıbovun (Naxçıvan AM-in keçmiş sədri Vasif müəllimin oğludur - Z.H.) sürücüsü hər ay gətirib o pulu mənə verirdi”. 
Buyurun. Möhtəşəmdir. Dünyanın başqa hansı diyarında bir sürücünün maliyyə nazirinə 15 min manat maaş verməyə maliyyə imkanları vardır? Şəxsən mən ölkəmizlə qürur duyuram. Əgər nazirə o qədər maaş verirmişsə, gör sürücünün özünə nə qədər qalırmış. 
Bu, bizdə sadə sənət sahiblərinə hörmətin də bilavasitə göstəricisidir. Mənim yadıma gəlir, Ziya Məmmədov nəqliyyat naziri olanda onun sürücüsü avtobus marşrutunu dəyişdirmişdi. Çünki səhərlər camaat onun pəncərəsinə yaxın yerdə basabas salıb avtobus gözləyirmiş, kişi də ağır iş günündən sonra gözünün acısını ala bilmirmiş, nəticədə nazirin həyatı təhlükə altına düşürmüş. 
O cümlədən vəzifəli şəxsin sürücüsü obrazı bizim ədəbiyyat və incəsənətimizdə öz dərin, kamil təsvirini tapmışdır. Bunlardan “Bəyin oğurlanması” filmində kolxoz sədrinin şoferini xüsusi qeyd edə bilərik. Ancaq mövzumuz bu deyil. Fəxr mövzusudur.
Vaxtaşırı belə örnək cəhətlərimiz üzə çıxır. Elə bu korrupsioner və dələduzların həbsi məsələsinə baxaq. Neçə illərdir biz eşidirik, qəzetdə oxuyuruq ki, Amerikada senator Bob Menendez rüşvət alır. Özü də qızıl külçələr şəklində. Lakin hələ də Bob müəllimi tutmaq mümkün olmamışdır. Bəlkə arvadı ərmənidir, ona görə lobbi arxasında durur - deyə bilmərik. Türk düşməni olmağı məhz bu səbəbdən ola bilər. Lakin temaları qarışdırmayaq. Sözü ona gətirirəm ki, Menendezin rüşvət üstündə suçlandığı illərdə biz Azərbaycanda neçə deputatı tutub basmışıq! İndinin özündə bəziləri içəridədir. Bunlardan Quska müəllimin, Dünyamin Xəlilovun və sairənin adını çəkmək olar. Hətta bu ilin yanvarında Dünyamin müəllimin 6 illik cəzasını qaldırıb 9 il elədik. 
Əli İnsanov nazir olanda qızıl külçələri müsadirə edilmişdi. Menendezin külçələri isə haradadır, məlum deyil. 
Deməli, buradan o nəticə çıxır: Azərbaycanda qanun qarşısında hamı bərabərdir!!! Hətta ABŞ-da olmayan hüquqi sistem bizdə yaradılmışdır. 
Daha bir misal çəkim. Rusiya-Ukrayna davası qızışanda rusiyalı milyarderlər Aven və Fridmana Avropada sanksiya qoyulmuşdu. Ancaq təzəlikcə Avropa Məhkəməsi sanksiyanı qaldırdı. İndi Ukrayna sevənlər və rus müxalifəti qalıb qışqıra-qışqıra. Deyirlər Avropa korrupsiyaya qurşanıb, Putinə dəstək verir və sairə. Bəs bizdə vəziyyət necədir? Qəttəzə misal çəkirəm: dünən Ali Məhkəmə keçmiş MTN generalı Akif Çovdarovun 30 milyonluq mal-mülkü haqda son qərarı verib. Müsadirə qüvvədə saxlanılıb! 
İndi mən sizdən soruşuram: kim daha adildir? Bizim Ali Məhkəmə, yoxsa Avropa Məhkəməsi? 
Hərtərəfli qürur duyuruq. Dünən BDU-da Mətbuat Şurası adına auditoriya yaradılıb. Məncə, belə auditoriyadan birini də Kürdəxanıda yaratmağın vaxtıdır. Gör orada nə qədər jurnalist saxlanılır! Lakin auditoriyaları adsızdır, ünvansızdır. 
Sonda paket temasına dönür, real hadisəni ad çəkmədən yazıram. Nazirliklərin birinə cavan oğlan işə qoyulubmuş - kiminsə qahımıymış. Oğlan köhnə iş yerində paket maaşlar alırmış, lakin burada 2-3 ay quru maaşa çalışandan sonra dözmür, gedir nazirin kabinetinə, deyir: “Filankəs müəllim, burada paket olmur?” Nazir deyir: “Niyə olmur? Get ümumi şöbəyə, beş qəpiyə doludur, nə qədər istəsən götür”. Danışırlar ki, oğlan həmin gün ərizə yazır, işdən çıxır. 
Nazirin özünə isə zarafatı o qədər xoş gəlir ki, gülməkdən ölür. скачать dle 12.1